Gürcüstanda tənha analar necə yaşayır: dörd hekayə
Koronavirus pandemiyası və onunla əlaqədar təcrid rejimi öz problemləri ilə baş-başa qalan həssas sosial qruplar üçün xüsusilə ağır oldu.
Övlladlarını təkbaşına, əksər hallarda heç bir psixoloji və maddi yardım olmadan böyüdən qadınlar da bu qrupa daxildir.
“Ana kultu” ilə fəxr olunan Gürcüstanda məhz analar ən həssas kateqoriyalardan birinə çevrilib.
JAMnews ağır böhran şərtlərində övladlarını tək böyüdən qadınların hekayələrini toplayıb.
Gürcüstanda tənha valideynlər: statistika
Gürcüstanda rəsmi məlumata əsasən, 4 501 tənha valideyn var, onların 99 faizi analardır. Amma bu rəqəm reallığı tam əks etdirmir. Əslində daha çox sayda qadın övladlarını təkbaşına böyüdür.
Gürcüstanda praktiki olaraq hər iki nikahdan biri boşanma ilə bitir. 2019-cu ildə rəsmi nikahların sayı 23 min 285 olub, rəsmi boşanmaların sayı isə 11 min 205.
Boşanmış ataların çoxu aliment ödəmir.
Gürcüstanda tənha analar dövlətdən praktiki olaraq heç bir yardım almır.
- İşini itirmək hələ ən dəhşətli şey deyil
- Şərh: Gürcüstanda koronavirusla mübarizə – qaranlıqda dolaşmaq kimi
- Nifrət içində həyat. Gürcüstanda LGBT və onların valideynləri
Keti Xerkeladze, 37 yaş, Tbilisi
Özümü çox yaxşı hiss edirəm və çox şadam ki, uşağım var.
Hər şey planlaşdırılmamış oldu. Hamilə olduğum haqda sevdiyim kişidən ayrılandan sonra xəbər tutdum.
Biləndə hər şeyi uşağın atasına danışmaq qərarına gəldim və ona zəng etdim, amma məlum oldu ki, o, artıq evlənib. Çox qəzəbləndim və ona heş nə demədim.
Düzünü deyim ki, əvvəlcə ailə üzvlərimin reaksiyasından qorxurdum və gərilirdim. Mənim üçün əsas o idi ki, hamiləlik sakit keçsin, buna görə də artıq sarsıntıdan uzaq olmağa çalışırdım və evdə heç nə demədim. Boş paltar geyinirdim və deyirdim ki, sadəcə kökəlmişəm.
Özüm də bilmirəm buna necə nail oldum, amma mənə inanırdılar. Və o qədər aludə oldum ki, anama hamilə olduğumu doğuma altı gün qalmış dedim.
Xoşbəxtlikdən ailəmin reaksiyası gözlədiyimin tam əksi oldu. Hamı hamiləlik dövründə mənə kömək edə bilmədikləri və xoşbəxtliyimi mənimlə bölüşmədikləri üçün məyus olmuşdu.
Lile atasını ilk dəfə görəndə dörd yaşı vardı. O, hər şeyi anlayır, bilir ki, atası və mən birlikdə yaşamırıq, onun başqa ailəsi var və heç vaxt bundan şikayətlənməyib. “Ərə getsən, yaxşı olar”, – o, bir dəfə mənə dedi.
İndi, böyüyəndən sonra atası ilə tanış olmaq istəyini bildirib. Son iki ayda onlar telefonla danışırlar. Atası ona velosiped hədiyyə edib, o da çox razıdır.
Lile həyatımda peyda olandan bəri həyatımda heç nə dəyişməzdim. Uşağın tərbiyəsi iki nəfərlik işdir, mən buna əmin oldum, amma qərarımdan bir dəqiqə belə peşman olmuram.
Həddən artıq çox qadın bunu etmir, çünki cəmiyyətdə formalaşmış stereotiplərdən və məsuliyyətdən qorxurlar. Onlar düşünürlər ki, uşağı təkbaşına böyüdə bilməyəcəklər. Mən onlara demək istəyirəm ki, böyük ehtimalla bacaracaqlar.
Qanun: Gürcüstanda kimlər tənha ana sayılır?
Gürcüstan qanunvericiliyinə görə, tənha ana statusu rəsmi nikahda olmayan və yetkinlik yaşına çatmayan övladı olan (bioloji və ya övladlığa götürülmüş) və övladının doğum şəhadətnaməsində ata qrafası boş olan qadınlar hesab edilir.
Bütün başqa hallarda qanun qadını tənha ana kimi tanımır.
Amma bir çox qadınlar övladlarını faktiki olaraq təkbaşına böyütsələr də, rəsmən qeydiyyata alınmır.
Doğum şəhadətnaməsində ata adının olmasının formal xarakter daşıdığı və qadının övladını tək böyütdüyü qanun üçün əhəmiyyət daşımır.
Ərdə olmayan qadın və atasız uşaq haqda stereotiplərin mövcud olduğu Gürcüstan cəmiyyətində qadınlar çox vaxt sənədlərdə ata adını rəsmən qeyd etməyə məcbur qalırlar ki, övladlarını xüsusən əyalətlərdə aktual olan ictimai qınaqdan qoruya bilsinlər.
“Kaxeti regionunda bir kişi bir neçə uşağa öz familiyasını verib ki, onları cəmiyyətin stiqmasından qoruya bilsin. Buna görə onların anaları tənha ana statusu ala bilməyib, amma onlar uşaqlarını qorumağı statustan üstün tutub”, – tənha valideynlərin problemləri ilə məşğul olan “İnsan Haqlarının İnkişaf Fondu”qeyri-hökumət təşkilatının nümayəndəsi Salome Mezurnişvili deyir.
O, tənha ana statusunun dəyərləndirilməsi meyararının reallıqdan nə qədər uzaqlaşdığını göstərən digər halları xatırlayır.
“Dul qadınlar da tənha ana hesab olunmur. Nə də ataların aliment ödəmədiyi boşanmış qadınlar. Nə də ataları həbsxanada olduğu üüçün övladlarını tək böyüdən qadınlar. Bu halda qadına yardım ala bilməsi üçün hansısa müvəqqəti status verilməlidir”, – Mezurnişvili hesab edir.
O, qadının tənha ana statusundan məhrum edildiyi bir halı yada salır:
“Ata atalığını qəbul etmədiyi üçün doğum şəhadətnaməsində ata ilə bağlı məlumat qeyd olunmayıb. Sonra ana mübarizə aparıb və sübut edib ki, ata məhz odur. Və nə baş verdi? Kişi indiyə qədər aliment ödəmir, dövlət isə qadını tənha ana statusundan məhrum edib”.
Qvanitsa, 24 yaş, Zuqdidi
Mən övladımın atası ilə iki il əvvəl Türkiyədə tanış oldum. O, müsəlmandır, mən xristian, buna görə də mən ən başından onun anasının xoşuna gəlmədim. Məndən dinimi dəyişməyimi istədilər, amma mən imtina etdim. Biz səkkiz ay birlikdə olduq, sonra mən getdim.
Evə qayıdandan sonra hamilə olduğumu öyrəndim. Etiraf edim ki, bəzən məqamlar olurdu ki, doğub-doğmayacağımı düşünürdüm. Amma hətta bu haqda düşünmək də günahdır. Mən bacarmadım.
Ailəm məni çox dəstəklədi. Atam mənə dedi ki, özü mənə kömək edəcək və uşağımı böyüdəcək. Belə məqamlarda yəqin ki, ən önəmlisi ailənin dəstəyidir.
Mənə doğmamağı məsləhət görən adamlar olurdu. Siz bilirsiz Gürrcüstanda hansı stereotilər mövcuddur. Amma mən qərar verdim. Atan və anan yanında olanda isə artıq başqalarının nə dediyi vecinə olmur. İndi mənə məlum olduğu qədərincə haqqımda müxtəlif şayiələr gəzir, amma yadların fikri məni narahat etmir.
Demetre indi mənim soyadımı daşıyır. Mən ona hər şeyi danışmağa hazırlaşıram. Mən hesab edirəm ki, ən başından uşağı həqiqətə alışdırmaq lazımdır.
Mənə həqiqətən çətindir, amma mümkünsüz heç nə yoxdur. Maddi vəziyyət olmasaydı, məni ümumiyyətlə heç nə narahat etməzdi.
Əvvəl mağazada işləyirdim, amma pandemiya başlayandan evdə oturmuşam. Anam üç dəfə insult keçirib və indi ailədə ancaq atam işləyir.
Atam 2008-ci il müharibəsinin veteranıdır, 22 lari [6,7 dollara yaxın] həcmdə veteran pensiyası alır. 2018-ci ildə onu işdən çıxarıblar, indi sexdə işləyir, amma elə olur ki, günlər elə keçir, evə ümumiyyətlə heç nə gətirə bilmir.
Yaşadığımız ev girov qoyulub və bilmirik ki, bizi nə vaxt evdən çıxaracaqlar.
Uşaq yerli bələdiyyədən 50 lari [15 dollara yaxın] həcmində social yardım alır, mən heç nə. Yəqin mən çox varlıyam və buna ehtiyacım yoxdu. Uşağın atası da bəzən mənə pul göndərir.
Kədərli olan odur ki, mən istisna deyiləm. Bütün Gürcüstan belə yaşayır, hamı üçün çox ağırdır.
Tənha qadınlar hansı yardımı alır?
Cəmi beş il əvvəl Gürcüstan qanunvericiliyi ümumiyyətlə tənha anaları tanımırdı.
Bu statusu müəyyən edən qərar qeyri-hökumət təşkilatlarının fəal işi nəticəsində 2015-ci ildə qüvvəyə minib.
Bu prosesdə Zorakılıqdan Müdafiə Milli Şəbəkəsi də iştirak edib. Onun əsas vəzifəsi tənha analara minimal maddi yardımın göstərilməsi idi – təşkilatın hüquqşünası Manana Purtsvanidze deyir.
“İlkin mərhələdə biz mübarizə aprırdıq ki, onlar heç olmasa 50 ları [15 dollara yaxın] ala bilsinlər, amma məqsədimizə çata bilmədik. Biz ancaq statusun müəyyən edilməsinə nail olduq. Bundan başqa, valideynlərin status aldığı meyarlar çox məhduddur və onların genişləndirilməsi hada söhbət belə getmir. Bizim dövlətimiz bu məsələni həll edə bilməyib”, – Purtsxvanadze bildirir.
Status almaq üçün meyarlara anaların çoxunun uyğun olmamasına baxmayaraq, dövlət onlara madi yardım göstərmir.
Gürcüstanda bu statusa sahib olan qadınların ancaq bir üstünlüyü var – onlar əlavə gəlir vergisindən tam azad olurlar. Amma yalnız o halda ki, əgər gəlirləri üç min larini [900 dollara yaxın] aşmırsa, bu da ayda 250 lari edir.
Bununla belə, məsələn, Gürcüstanda iki nəfərdən ibarət ailənin yaşayış minimumu 266 lari təşkil edir.
Tənha analar çox vaxt yardım üçün yerli hakimiyyət orqanlarına müraciət edirlər.
Amma qanun bələdiyyələri yardım göstərməyə məcbur etmir, bu, sadəcə onların iradəsindən asılıdır. Bəzi bələdiyyələr, məsələn, tənha analara kommunal xidmət haqlarını ödəməkdə kömək edir, amma bəziləri bunu etmir.
Bu mənada ən pis vəziyyətdə olan tənha anaların çoxunun yaşadığı Tbilisidir.
Salome Mezurnişvilinin sözlərinə görə, onun təşkilatının böyük mübarizədən sonra şəhərdə nail ola bildiyi yeganə məsələ 2019-cu ildən tənha valideynlərin uşaqlarını dövlətin uşaq bağçalarında növbədənkənar qeydiyyatdan keçirirlər.
“İlk növbədə statusun meyarlarını genişləndirmək lazımdır, sonra tələbatlardan asılı olaraq, fərdi şəkildə ananın hansı yardımı alacağını müəyyən etmək lazımdır. Məsələn, şəhər nəqliyyatı üçün pulsuz vauçer şəhərdə yaşayan tənha valideyn üçün çox əhəmiyyətli olsa da, kənd yerində yaşayanlar üçün əhəmiyyətsiz olacaq. Buna görə də tənha valideynlərin tələbatları ciddi tədqiqat tələb edən mürəkkəb məsələdir”, – Mezurnişvili hesab edir.
Dövlərin tənha qadınlara təqdim etdiyi başqa bir güzəşt ailənin sosial-iqtisadi vəziyyətinin dəyərləndirməsi prosesində onların statusunun nəzərə alınmasıdır.
Yəni, daha sadə desək, tənha ananın sosial təminatsız statusunu və bu status əsasında yardım almaq şansı daha çoxdur. Gürcüstanda sosial təminatsız ailələrə ayda hər bir ailə üzvünə görə 30 laridən 60 lariyə qədər [9-18 dollara yaxın] vəsait ödənir.
Tənha anaların dəstəklənməsi pandemiya şərtlərində də dəyişməyib. Ölkə praktiki olaraq bağlı olduğu və on, hətta yüz minlərlə insan işini itirdiyi zamanda həssas qruplara daxil olan insanlar xüsusən əziyyət çəkir.
Hökumətin pandemiya zamanı tənha qadınlara heç cürə yardım etmək niyyətində olmadığını biləndə Salome Mezurnişvili belə ailələrə ərzaq yardımı etmək üçün özü vəsait toplamağa başlayıb.
Alimentə gəlincə, məhkəmə işlərinin çoxluğu da bunun problemli məsələ olduğundan xəbər verir. Milli İcra Bürosunun məlumatına əsasən, 2015-2016-cı illərdə onlara aliment tələbi ilə 2 363 iş daxil olub.
Ataların bir qismi gəliri olmadığı üçün aliment ödəyə bilmir, digərləri isə müxtəlif vasitələrlə aliment ödəməkdən yayınır – gəlirini gizlədərək, mülkiyyətini valideynlərinin adına qeydiyyatdan keçirərək və sairə.
Maka Keydiya, 38 yaş, Tbilisi
Biz beş il birlikdə olmuşuq, sonra mən hamilə qaldım. Biz ikimiz də qərar verdik ki, uşağı istəyirik və bizim balaca Məryəmimiz anadan oldu.
Beş aydan sonra o, xaricə getdi. Bizim belə planımız vardı – əvvəlcə o özü gedəcək, orada ayağa qalxacaq, sonra bizi də aparacaq. Bütün bunları biz gələcək övladımız üçün planlaşdırırdıq. Bir neçə ay bizim normal onlayn ünsiyyətimiz vardı, o, mənimlə və uşaqla danışırdı.
Amma bir dəfə qəfil itdi. Mənim təsəvvür belə yoxdur ki, o harada idi və nə ilə məşğul olurdu. Üç aydan sonra təsadüfən ona Tbilisidə rast gəldim. O, uşaqla bağlı heç nə soruşmadı.
Onda anladım ki, məni onunla artıq heç nə bağlamır və mən balaca uşaq qucağımda tək qaldım.
Məryəmin o vaxt 2 yaşı vardı. İndi on yaşındadı. Səkkiz il ərzində atası bircə dəfə qızının necə olduğunu, nə yediyini, nə geyindiyini, necə oxuduğunu soruşmayıb.
2017-ci ildə aliment ödənməsi üçün məhkəməyə müraciət etdim. Əlbəttə, o, eiraz edib, öz adına olan hər şeyini gizlətməyə çalışdı. O, Ali Məhkəmə də daxil olmaqla üç instansiyanın hamısında qarşılıqlı şikayət verdi. Sonuncuda məndən birbaşa soruşdular ki, siz niyə adamı etmək istəmədiyini etməyə məcbur edirsiz? Bəli, hhakim mənə belə dedi. O isə heç də kasıb deyil, yaxşı yaşayır.
Sonunda mən məhkəməni uddum və onun hər ay ödəməli olduğu müəyyən məbləğ təyin edildi. Bu məbləğ onun gəlirlərinin bəlkə də heç bir faizini təşkil etmir.
Alimenti ödəyir, amma çox vaxt ona bunu xatırlatmalı oluram. O, uşaqla görüşmür, heç soruşmur da.
Ən çətini hər şeydə tək olmaqdır. Qərarların qəbul edilməsində, problemlərlə qarşılaşanda, hətta sevinəndə də sən təksən.
Uşaq atasının soyadındadır, buna görə mənə tənha ana statusu verilmədi. Müvafiq olaraq, mənə yardım və ya güzəşt düşmür [əslində, məlum olduğu kimi, belə analar üçün praktiki olaraq heç bir güzəşt nəzərdə tutulmayıb — JAMnews]. Bir sözlə, dövlət mənə heç cür kömək etmədi.
Xoşbəxtlikdən valideynlərim məni dəstəklədi və Məryəmlə mənim özümüzü atılmış kimi hiss etməməyimiz üçün mümkün olan hər şeyi etdilər.
Mən çoxdan öyrəşmişəm uşağı tək böyütməyə və ancaq özümə güvənməyə. Məryəm böyüyəndə özü qərar verər atası ilə hansı münasibətləri istəyir. İndi mənə elə gəlir ki, o, hiss edir bu mövzuda danışmaq istəmədiyimi və çox sual vermir.
Mari Cakeli, 36 yaş, Çakvi
Keçmiş ərimlə – o suriyalı ərəb idi – məni qonşu qadın tanış etmişdi. Biz bir-birimizi dərhal bəyəndik. 2005-ci ilin mayında evləndik, tanışlıqdan təxminən bir ay sonra.
İlkvaxtlar aramızda hər şey yaxşı idi. Sonra birinci uşağım dünyaya gələndə hər şey dəyişdi. Ərim mənimlə pis rəftar etməyə, döyməyə və təhqir etməyə başladı.
Əvvəlcə ilk uşağım üçün onunla birlikdə qalırdım, sonra ikinci, sonra üçüncü uşağım oldu və nəhayət, birgə həyatımızın 13-cü ilində beşinci uşağımız dünyaya gəldi.
Əhvalı pis olanda əsəbini mənə tökürdü. Ümid edirdim ki, düzələcək, uşaqlara görə dözürdüm, onlara ata lazım idi.
Qçüncü uşağım doğulanda biz Dəməşqə köçdük. O, orada da mənimlə pis rəftar edirdi, heç nə dəyişməmişdi. O, içirdi və məni döyürdü.
Suroyada dörd il yaşadıq. Orada dördüncü övladım oldu. Orada gərginlik başlayanda biz Gürcüstana qayıtdıq. Əvvəlcə iki ay qonşunun mənzilində yaşadıq, sonra iki illik qardaşımın mənzilinə köçdük.
Sonra işləməyə başladıq və ev aldıq. Burada beşinci övladım doğuldu.
13 il ərzinə hər gün gözləyirdim ki, o nə zaman düzələcək, nəhayət, anladım ki, gözləməyin artıq mənası yoxdur. İyulun 29-da uşaqları götürüb, getdim.
İndi qardaşımın mənzilində yaşayıram. Ərim aliment ödəmir, deyir ki, uşaqlara pul verməyə borclu deyil. Üç ayda bir dəfə olur ki, yemək pulu verir və böyük oğlumuzu özüylə aparır. Vəssalam.
Mən məhkəmədə iddia qaldıra bilmədim – işləyirdim və vaxtım yox idi, indi də daha heç yana geymək mümkün deyil. Evdə qapalı oturmuşuq.
Əvvəl Batumiyə gedirdim, ev təmizliyi ilə məşğul olurdum. Yayda sahildə barda işləyirdim, uşaqları da özümlə işə aparırdım. Bəs indi neyləyim? Heç yanda işləmirəm və hamı kimi evdə oturmuşam.
Mən müavinət alıram, anam və qardaşım imkanları daxilində pul yardımı edirlər. Qonşular və kilsə dəstəkləyir. Şükür tanrıya, həmişə yeməyimiz var, uşaqlarım heç vaxt ac qalmır.
Telefonum uşaqların onlayn təhsili üçün yaramır. Məktəbdən kpmpüter vəd ediblər, amma hələ verməyiblər. Yeni telefon ala bilmirəm, müavinət buna yetmir. Mənim paltaryuyan maşınım da yoxdur, hansı telefondan söhbət gedə bilər?
Ərsiz çətindir, xüsusən işləyə bilmirsənsə. Əvvəlcə çox pis olmuşdum, depressiyada idim. Sonra öyrəşdim.
Bu, qorxu içində yaşamaqdan daha yaxşıdır. Uşaqlar da ərimin mənimlə necə davrandığını görürdü. Ailəmi təkbaşına dolandırmaq və sakitcə uşaqlarımı tərbiyə etmək daha yaxşıdır.
“Mediaşəbəkənin” dəstəyilə