Gürcüstanda seks ticarəti? Qazaxıstanlı qadın hansı şəraitdə ölüb?
Tbilisi şəhər məhkəməsi Qazaxıstan vətəndaşı olan qadına təcavüz edib, intihar həddinə çatdırmaqda ittiham olunan 57 yaşlı kişi haqqında həbs qərarı verib.
Gürcüstan DİN şübhəlini mayın 6-da saxlayıb. İlkin istintaqa əsasən, şübhəli şəxs qadına təcavüz edib, sonra isə onu psixoloji zorakılığa məruz qoyub və ölümlə hədələyib. Qazaxıstan vətəndaşı olan qadın ağır psixi-travmatik vəziyyətdə səkkizinci mərtəbədən özünü ataraq intihar edib.
Seksual zorakılıqla bağlı olduğu üçün iş üzrə ilkin dinləmələr qapalı formatda keçirilib. İttiham tərəfi istintaq yekunlaşana qədər təqsirləndirilən şəxsin həbsdə saxlanılmasını tələb edib. Prokurorluqdan bildirilib ki, girov müqabilində azad olunacağı təqdirdə işin təfərrüatlarını gizlətmək, sübutları məhv etmək və şahidlərə təsir göstərmək təhlükəsi var.
Təqsirləndirilənin vəkili olmayıb, buna görə də müdafiə tərəfi vəsatət qaldırmayıb. Cinayət işinin qaldırıldığı maddələr üzrə prosesdə vəkillərin iştirakı mütləq deyil. Məhkəmə prosesi iyunun 23-də davam edəcək.
Medianın məlumatına əsasən, 26 yaşlı Asel Aytpayeva bu ilin aprelində Gürcüstana iş üçün gəlib. Qadın seksual, fiziki və psixoloji zorakılığa məruz qalıb. Ölümündən az əvvəl o, səs yazısı hazırlayıb və dostlarına göndərib.
Səs yazısında ancaq mərhum Asel Aypayeva və ittiham olunan Besik Torduanın səsləri var. Bu audio-material Torduanın gənc qadını ölümlə hədələdiyini təsdiqləyir. O, Qazaxıstan vətəndaşını həm psixoloji, həm də fiziki zorakılığa məruz qoyur və faktiki olaraq ona təcavüz etdiyini təsdiqləyir.
İttiham tərəfinin hazırda tədqiq etdiyi səs yazısı Gürcüstanda insan alveri və qadınların seksual istismarı ilə məşğul olan şəbəkənin mövcudluğunu da dolayısı ilə təsdiq edir.
“Rustavi-2” telekanalı bu səs yazısının kiçik bir hissəsini efirə verib. Orada Beso adlı biri ilə danışan qadının səsi eşidilir, həmin adam qadını təhqir edir və deyir ki, özünü pəncərədən atsın.
“Səni qaynar su ilə yandıracam… Nədi, pəncərədən tullanmaq istəyirsən? Bəs niyə tullanmırsan? İrəli!” – səs yazısında rus dilində səslənir.
Asel Aytpayeva trafikinq qurbanıdır?
həlak olan 26 yaşlı qadın Gürcüstana bir neçə həftə əvvəl avtomobil şirkətlərinin birində işləmək üçün gəlib. Onun aldadılaraq cəlb olunduğu ehtimal edilir.
Gürcüstanın Cinayət Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsi və 115-ci maddəsinin 1-ci hissənin B bəndi üzrə istintaq aparılır ki, bu da intihara səbəb olan təcavüzü nəzərdə tutur. Saxlanılan şəxsi 8 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qazaxıstan sakininin faciəvi ölümünü qadın hüquqlarının müdafiəsi ilə məşğul olan “Sapari” təşkilatının rəhbəri Baya Pataraya şərh edib.
“Mən şübhələnirəm ki, qazaxıstanlı qadının intiharının arxasında onun trafikinqə cəlb olunması dayanır. İstintaq bütün detallara diqqət yetirməli və təqsirləndiriləninin qızın seksual istismarı ilə məşğul olub-olmadığını müəyyən etməlidir. Mənim dinlədiyim həmin qısa səs yazısında bu insan doğrudan da insan alverçisi təəssüratı yaradır. Mütəşəkkil istintaqa ehtiyac var. İnsan alverində ittiham dövlət üçün qadına qarşı növbəti zorakılıq ittihamından hada ağırdır”, – Pataraya yazıb.