Gürcüstanda seçkilər neçəyə başa gələcək?
55 milyon lari – hazırkı prezident seçkiləri Gürcüstan büdcəsinə bu qiymətə başa gəlib.
Qeyd olunan 55 milyon laridən 40 milyona yaxını bilavasitə seçki tədbirlərinə xərclənib. Büdcədən ayrılan 15 milyon lari isə siyasi partiyaların saxlanmasına sərf olunub.
Siyasi partiyalara niyə pul ödəyirik və onlar bu vəsaiti nəyə xərcləyir?
Hansı partiyalar büdcədən maliyyələşir?
Siyasi həyatın incəliklərindən və nüanslarından bixəbər olanlar belə bir sual ətrafında düşünür: “Qələbə qazanmayacağını, seçki baryerini aşa bilməyəcəyini dəqiq bilən partiya/namizəd seçkilərdə niyə iştirak edir?!”
Əslində isə seçkilərdə iştirak partiyalar və siyasətçilər üçün yalnız qələbə halında deyil, ümumiyyətlə “qazanclı işdir”. Bu, siyasətçilərin maliyyə əldə etdiyi adi prosesdir.
“Kvalifikasiya olunmuş subyekt” – dövlət büdcəsindən maliyyələşən partiya belə adlanır. Bu statusu almaq üçün bu və ya digər siyasi partiya yerli idarəetmə orqanlarına və ya parlament seçkilərində iştirak etməli və 3 faizdən yuxarı səs toplamalıdır. Bu durumda partiya kvalifikasiya olunmuş subyektə çevrilir və dövlət büdcəsindən ona maliyyə təyin edilir.
Audit Xidmətinin məlumatına görə, 2017-ci ildə büdcədən 20-dən çox partiya maliyyələşib.
Həmçinin oxuyun: Qia Nodiyanın şərhi – Bidzinanın seçimi
“3 fzizlik” partiyalara ayrılan minimal maliyyə 300 min lari təşkil edir. Hərçənd bu məbləğ müxtəlif durumlara uyğun olaraq dəyişə bilir – məsələn, 6 faiz səs topladığı təqdirdə maliyyə 600 min lari təşkil edir. Gender balansına riayət edən, sıralarında qadınların sayı ümumi üzvlərin say nisbətində 30 faiz təşkil edən partiyalar üçün bonuslar nəzərdə tutulub.
3 faizlik baryeri blok keçmiş olduğu halda bloka daxil olan partiyalardan hər biri büdcədən maliyyə almış olur. Bu, adətən partiya liderinin və əməkdaşlarının saxlanmasına – əməkhaqqı, ofis xərcləri və s. xərclənən vəsaitdir.
Niyə maliyyə büdcədən ayrılır?
Üstəlik ölkənin real siyasi həyatında iştirak edən partiyalar yox, gözə dəyməyən partiyalar büdcədən maliyyələşir.
Azadlıq Radiosunun tərtib etdiyi müqayisəli statistikadan məlum olur ki, siyasi partiyalara nə qədər çox vəsait xərclənirsə, ana və uşaq sağlamlığına, qaçqınların yaşayış minimumuna, milli azlıqların peşə hazırlığına və ya məsələn, xroniki xəstəlikləri olan insanların dərman təminatı kimi həyati vacib proqramlara daha az vəsait ayrılır.
Siyasi partiyaların maliyyələşdirilməsinin əsas ideyası ondan ibarətdir ki, ölkədə sağlam siyasi rəqabət mövcud olsun, siyasətin özündə “qara para” və korrupsiya pullarının həcmi azalsın, siyasi partiyaların isə sağlam rəqabət mühiti və bərabər hərəkət imkanı olsun.
Həmçinin oxuyun: Həqiqət hardadır? Gürcüstan bir nömrəli islahatçı ölkədir, yoxsa “elitar korrupsiya” yuvası?
Bəzi siyasi qüvvələrin seçkiqabağı kampaniyası bütünlüklə dövlət büdcəsindən alınan vəsaitlə maliyyələşir. Bir qayda olaraq, bütün partiyaların imkanlı himayədarı və sponsorları var, məsələn, iqtidar partiyası və onun namizədi kimi.
Büdcədən maliyyələşməsələr onlar seçkilərdə iştirak edə bilməyəcəklər, bu da iqtidar partiyasının öz mövqelərini qorumasını asanlaşdıracaq. Gürcüstanda fəaliyyət göstərən partiyaların nə dərəcədə keyfiyyətli olduğu, hansı dəyərlərə tapındığı, seçicilərə nə təklif etdiyi isə tamam başqa məsələdir.
Məsələn, KİV İnkişaf Fondunun hesabatına əsasən, ötən il büdcədən minlərlə lari alan partiya seçicilərə müraciətində öz ritorikasında digərlərindən daha çox nifrət dilindən, homofob və ksenofob məzmunlu ifadələrdən istifadə edir. Söhbət Vətənpərvərlər Alyansından gedir.
Kim büdcədən nə qədər alıb?
2017-ci ildə büdcədən ən çox vəsait alan “Gürcü arzusu” olub – 4 milyon lariyə yaxın.
İkinci yerdə büdcədən 2.5 milyon lari almış müxalif Milli Hərəkat Partiyasıdır.
Avropa Gürcüstanı Partiyasının payına bir qədər az düşüb – 2 255 973 lari.
Ötən il “gözəgörünməz” partiyalara da büdcədən maliyyə verilib.
Məsələn, 2017-ci ildə Gürcüstan Ənənəçilər İttifaqı büdcədən 533 017 lari, “Azadlıq – Zviad Qamsaxurdiyanın yolu ilə” 543 421 lari, Yeni Xristian Demokratlar Partiyası 543 017 lari alıb.
Gürcüstan sakinlərinin böyük əksəriyyəti üçün yəqin ki, bu partiyaların hələ də mövcud olduğunu bilmək təəccüblü olacaq.