Gürcüstanda səs-küylü “sianid işi” üzrə mühakimə olunan keşiş şərti azadlığa buraxılıb
Gürcüstanda səs-küylü “sianid işi”
Gürcüstanda “sianid işi” üzrə təqsirli bilinən keşiş Giorgi Mamaladze şərti azadlığa buraxılıb və fevralın 14-də axşam 7 il yatdığı həbsxanadan çıxıb. Ədliyyə Nazirliyinin Şərti Cəzadan Azad Etmə Komissiyası Mamaladzenin səhhəti ilə əlaqədar cəzasının başa çatmasına 1 il 9 ay qalmış azadlığa buraxılması barədə qərar qəbul edib.
“Əsas planıb sağlamlığımı bərpa etməkdir, bundan sonra hər şey öz yerinə düşəcək… Mənim həbsim ədalətsiz idi”, – deyə Mamaladze azadlığa çıxdıqdan sonra bildirib.
Onun qardaşı Tornike Mamaladzenin sözlərinə görə, onlar Giorgi Mamaladzenin təqsirsizliyini sübut etməkdə qərarlıdırlar və cəmiyyəti narahat edən suallara cavab verməyə çalışacaqlar.
Həbsdə olduğu müddətdə hüquqlarını qorumaq üçün protoiyerey (baş keşiş) Sosial Ədalət Mərkəzindən (CSJ) hüquqi yardım alıb. Mərkəz bildirir ki, Mamaladze həbsdə olduğu müddətdə “müəssisə qaydalarına əməl edib, müsbət davranış nümayiş etdirib, münaqişələrdən qaçıb və gələcək cinayət fəaliyyəti ilə bağlı görünən risk faktorları göstərməyib”.
“Sianid işi”
“Sianid işi” müasir Gürcüstan tarixində ən müəmmalı və qalmaqallı epizodlardan biridir.
2017-ci il fevralın 10-da Tbilisi Beynəlxalq Hava Limanında baş keşiş Giorgi Mamaladze yaxalanıb. O, Almaniyada müalicə olunan Gürcüstanın Patriarxı II İliyaya baş çəkmək üçün bu ölkəyə uçmaq niyyətində olub.
Rəsmi məlumatlarda Mamaladzenin şəxsi əşyalarında sianid aşkar edildiyi iddia olunur.
Əvvəlcə Mamaladzenin bu zəhərdən patriarxı zəhərləmək üçün istifadə etmək niyyətində olduğu iddia edilirdi. Bu iddia baş prokuror, baş nazir, ədliyyə naziri və ölkənin digər tanınmış rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Lakin son nəticədə məhkəmə Mamaladzeni Patriarx İliyanın özünü deyil, onun katibi, Patriarxlıqda mühüm nüfuz sahibi olan və geniş şəkildə mübahisəli şəxs kimi tanınan Şorena Tetruaşvilini zəhərləməyə cəhdə görə 9 il həbs cəzasına məhkum etdi.
Mamaladze inadla günahsız olduğunu bildirir. Hüquq ekspertləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri geniş “sianid işi” dosyesində çoxsaylı qeyri-müəyyən məqamların olduğunu vurğulayırlar.
“2020-ci ildə İvanişvili mənə dedi: “Kilsədə nə qədər çirkabın olduğunu bilirəm, amma seçkilər yaxınlaşır”
2019-cu il Müqəddəs Sinod iclası zamanı ən başdan Giorgi Mamaladzeni dəstəkləyən Çkondi mitropoliti rahib Peter (Tsaava) rütbəsindən məhrum edildi. Peter Tsaavanın iddiasına görə, o, patriarxı “pederastik günahda” ittiham etdiyi üçün işdən çıxarılıb.
İndi keçmiş metropoliten Giorgi Mamaladzenin azadlığa buraxılmasına münasibət bildirib:
“2019-2020-ci illərdə cənab Bidzina İvanişvilinin (Gürcüstanın hakim partiyasının qurucusu – JAMNews) özü həqiqətən Giorgi Mamaladzenin həbsdən azad olunmasını istəyirdi… Şəxsi müzakirələrdə o, mənə demişdi ki, razıdır, lakin Patriarxlığın müqavimətini qıra bilmirlər.
İvanişvili şəxsən mənə dedi: “Möhtərəm, mən kilsə və Patriarxlıq daxilindəki çirkabdan xəbərdaram, lakin seçkilər yaxınlaşır və mənə 2020-ci ildə hörmətli patriarx və etibarlı kilsə lazımdır”.
Əvvəlki parlament seçkilərində o, belə riskə gedə bilməzdi, amma bu dəfə həqiqətən də buna nail oldu”.