Gürcüstanda Rusiya telekanallarının populyarlığı artır
Rusiyanın НТВ teleşirkəti və İctimai televiziya (ОРТ) Gürcüstanda ən populyar xarici telekanallardır.
Bu, Gürcüstanın Kommunikasiyalar Üzrə Milli Komissiyasının sifarişi ilə keçirilən ötən ilin son rübünün məlumatlarının tədqiqatının nəticəsidir.
Tədqiqat çərçivəsində 2700 birbaşa sorğu keçirilib.
Tədqiqatın nəticələrinə görə, respondentlərin təxminən yarısı (47,7%) xarici kanallara baxdığını bildirib, xarici kanallar dedikdə isə onların əksəriyyəti məhz Rusiya kanallarını nəzərdə tutur. 33% sorğu iştirakçılarının bildirdiyinə görə, onlar əsasən НТВ; 22 faiz – OРT; 11 faiz isə РТР telekanalına baxır. Bundan başqa, sorğu iştirakçılarının 12 faizinin sözlərinə görə, onlar demək olar ki, bütün Rusiya kanallarına baxırlar. 3 faiz respondent BBC telekanalının tamaşaçısıdır, 6 faiz isə erməni dilində olan telekanallara baxır.
Gürcüstanın Kommunikasiyalar Üzrə Milli Komissiyasının tədqiqatında tamaşaçıların Rusiyanın dövlət telekanallarına baxmasının səbəbi göstərilmir – yəni onlar informasiya almaq məqsədilə xəbər verilişlərinə və ya əyləncə məqsədilə serial və şoulara baxırlar. Bu məsələ tədqiqatın diqqət mərkəzində olmayıb.
Bununla belə Tbilisidə qeyd edirlər ki, Rusiya telekanallarının populyarlığının artması həyəcanlandırıcı faktdır.
“İnformasiya azadlığının inkişafı institutu “(IDFI) QHT-nin sədri Levan Avalişvili ictimai təşəbbüs əsasında yaradılan damoukidebloba.com onlayn patformasının həmtəsisçisidir. Həmin platforma Gürcüstanda Rusiya təbliğatı və “yumşaq gücün yayılmasının təhlilini həyata keçirir. Avalişvilinin fikrincə, yuxarıda qeyd edilən tədqiqatın məlumatları problemlidir:
“Bu tədqiqatın məlumatlarına görə, gürcü tamaşaçısı əsasən НТВ və OРT telekanallarına baxır… Amma axı bu, KİV deyil. Bu, Rusiya xüsusi xidmət orqanları tərəfindən ciddi nəzarət edilən alətdir və onun konkret məqsədləri var – Kreml narrativlərinin yayılması və sırınması.
Avalişvili hesab edir ki, rus təbliğatı ilə mübarizə zəruridir, amma bu mübarizəni məhdudiyyət və əks təbliğat yolu ilə deyil, misal üçün Baltiya ölkələrinin etdiyi kimi, dezinformasiyanın ifşa edilməsi yolu ilə aparmaq lazımdır.
Gürcüstanın Kommunikasiyalar Üzrə Milli Komissiyasının sifarişi ilə həyata keçirilən tədqiqat daha bir vacib detalı üzə çıxarıb və Levan Avalişvilinin fikrincə, bu detal onların Rusiya telekanallarını məhdudlaşdırmaq metodunun effektiv olmadığını sübut edir. 64% respondent qeyd edir ki, televiziya xidmətlərini almaq üçün onlar peyk yayımından, 31% efir, 18,7% kabel, 9,7% isə internet televiziyasından istifadə edir.
“Əhalinin əksər hissəsi informasiyanı peykdən alır və peykə məhdudiyyətin qoyulması fiziki cəhətdən mümkün deyil. 60 faiz əhali, xüsusən də kənd yerlərində peyk yayımından istifadə edir, – Levan Avalişvili deyir.
Parlament çoxluğundan olan deputat, Avropaya inteqrasiya məsələləri üzrə komitə sədri Levan Berdzenişvili də Rusiya təbliğatına qarşı mübarizənin vacib olduğunu hesab edir, amma bu, birbaşa qadağa yolu ilə olmamalıdır.
“Belə olan halda bütün mövcud suallara cavab verilməsini tələb edən müəyyən qanunverici tənzimləmə olmalıdır. Xalq tərəfindən maliyyələşdirilən birinci kanala Rusiya təbliğatını dərindən öyrənmək və onlara elə öz dillərində cavab verməyə bir qədər vaxt ayırmağı tapşırmaq lazımdır. Gürcüstanda çox güman ki, rusdilli telekanalın olması vacibdir. Bu onları birdəfəlik bağlamaqdan daha yaxşıdır, – deyərək o, bu baxımdan Avropa təcrübəsinin mühümlüyünü qeyd edir.
“Görün, Avropa cəmiyyəti necə edir. “Russia Today orada onların dilində yayımlanır. Onlar buna dözürlər, qərar veriblər [dezinformasiyanı ifşa etmək] və buna kifayət qədər böyük vəsait xərcləyirlər, – Berdzenişvili deyir.
- Gürcüstanın kabel televiziyası şirkətləri 2008-ci il müharibəsindən sonra əksər rusdilli kanalların yayımını dayandırdılar.
- Rusiya İctimai Televiziyası (ОРТ) digər Rusiya telekanalları ilə birlikdə gürcü kabel şəbəkəsinə 2014-cü ildə qayıtdı.
- 2014-cü ildə parlament azlığının üzvü Georgi Baramidze Rusiya dövlət teleşirkətlərinin yayımlanmasının qanunvericilik səviyyəsində qadağa edilməsi təşəbbüsünü irəli sürdü. Amma nəticədə həmin qanun layihəsi məğlubiyyətə uğradı.
Mənbə: Нетгазети
Dərc edilib: 29.03.2016