Gürcüstanda Qarabağ müharibəsi iştirakçısının abidəsinin açılışı ətrafında qalmaqal
Gürcüstanın erməni əhalisinin sıx yaşadığı Samtsxe-Cavaxeti regionunda 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda müharibədə həlak olmuş yerli sakinin abidəsinin açılışı olub. Bu yerli təşəbbüs sosial şəbəkələrdə qalmaqala və Azərbaycanda kəskin reaksiyaya səbəb olub. Gürcüstanın rəsmi strukturları hadisəni hələ ki, şərh etməyiblər.
Mixail Avagyanın abidəsinin açılışı Axalkalaki rayonunun Buqaşen kəndində yanvarın 20-də keçirilib. Qırmızı lenti Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan və ermənistanlı metsenat Qagik Avagyan kəsiblər. Abidə sonuncunun vəsaiti hesabına açılıb.
Mərasimdə rayon administrasiyasının və yerli özünüidarəetmə orqanının başçıları, həmçinin Gürcüstan parlamentinin “Gürcü arzusu” partiyasından deputatları Enzel Mkoyan və Samvel Manukyan iştirak ediblər.
Açılışa eyni zamanda Axalkalakinin meri Yurik Unanyanın və Sakrebulo sədri Nairi İritsyanın timsalında yerli hakimiyyət də dəvət olunub.
Ermənistan səfiri çıxışında bildirib: “Mixail Avagyan kimi vətənpərvərlərin sayəsində xalqımız vacib qələbələr qazana bilib”.
Buqaşen kəndinin yetirməsi Mixail Avagyan Qarabağdakı hərbi əməliyyatlarda erməni qüvvələrinin tərəfində döyüşüb və “Kobra” ləqəbi ilə məşhur olub. O, 1994-cü ildə döyüş vaxtı aldığı yaradan ölüb.
Avagyanın Buqaşen kəndində heykəli hələ 1997-ci ildə ucaldılmışdı və qəza vəziyyətində olan yerli məktəbin həyətində yerləşirdi. Heykəlin yenisi ilə əvəzlənməsi haqqında qərar ondan irəli gəlib ki, köhnə abidə təsadüfən zədələnib.
Tbilisidə reaksiya
Gürcüstan hakimiyyətinin nümayəndələri abidənin açılışını hələlik şərh etməyiblər. Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə keçmiş dövlət naziri Paata Zakareişvili JAMnews-la söhbətində hadisəni, xüsusilə də hakimiyyət nümayəındələrinin mərasimdə iştirakını mənfi qiymətləndirib və qeyd edib ki, bu, Qarabağ münaqişəsi ətrafında Gürcüstanın tutduğu neytral mövqeyi pozur.
“Gürcüstan indiyə kimi bu vəziyyətdə neytrallığını qorumağı və Cənubi Qafqazda müəyyən sabitlik amili kimi qalmağı bacarırdı. Bu fonda istər Cavaxetidə, yaxud da Kvemo Kartlidə yerli hakimiyyətlərin istənilən qərarı çox hissiyyatlıdır və yerli hakimiyyətlər bunu anlamalıdırlar.
Hesab edirəm ki, yerli hakimiyyətlər maksimal dərəcədə yerli sakinləri inandırmağa cəhd etməlidirlər ki, bu cür abidənin açılışı Gürcüstanın Cənubi Qafqazdakı vəziyyətə münasibətinə uyğun deyil.
Vəziyyəti bu abidənin açılışına gətirib çıxarmaq olmazdı – insanlara başa salmaq lazım idi ki, Gürcüstan münaqişə tərəflərinin ikisinə də lazımdır və onu bu və ya digər tərəfə çəkmək lazım deyil.
Düşünürəm ki, yerli hakimiyyətlər daha çox düşüncə nümayiş etdirməli və daim ölkənin Cənubi Qafqazda siyasətini formalaşdıran mərkəzi hakimiyyətlə əlaqədə olmalıdırlar”.
Abidənin açılışı barədə xəbər sosial şəbəkələrin gürcüstanlı istifadəçilərinin hiddətinə səbəb olub. Onlar yazırlar:
«Qarabağ müharibəsi qəhrəmanının abidəsinin Gürcüstanda nə işi var? Azərbaycan bizim strateji tərəfdaşımızdır»
«İndi bundan nə alınır? Deməli, Marneulidə (əsas etibarilə azərbaycanlı əhalinin yaşadığı şəhər) öz abidələrini ucaldıb müharibəyə başlamaq lazımdır?»
«Budur, Sarkisyanın (Ermənistanın prezidenti) andiçmə mərasimində (Gürcüstan prezidenti Salome Zurabişvilinin) iştirakının siyasi qiyməti»
«Bu, çox təhlükəli xəbərdir. Yanvarın 20-də Cavaxetidə Qarabağ müharibəsi qəhrəmanının abidəsi açılıb. Həmin gün Azərbaycanda matəm günüdür».
Azərbaycanda reaksiya
Cavaxetidə abidənin açılması haqqında xəbər Azərbaycanda mənfi reaksiyaya səbəb olub.
“Gürcüstanda Xocalı cəlladına abidə ucaldılıb” – bəzi Azərbaycan KİV-ləri xəbəri bu başlıqıla dərc ediblər.
Halbuki, Avagyanın 1992-ci ilin fevralında Dağlıq Qarabağın Xocalı qəsəbəsində baş vermiş, yüzlərlə yerli azərbaycanlı sakinlərin həlak olduğu hadisələrdə iştirakına dair dəqiq məlumatlar yoxdur.
Azərbaycan parlamentinin deputatı Rasim Musabəyov özünün “Facebook” səhifəsində Cavaxetidə abidənin açılması faktına qarşı hiddətini ifadə edib:
“Axalkalakidə təxribatçı aksiyaya göz yumulması Azərbaycan-Gürcüstan münasibətlərinin yaxınlaşmasının xeyrinə deyil və Axalkalaki ermənilərini Tbilisi ilə Bakının strateji tərəfdaşlığına zərər yetirmək üçün başqa təxribatçı hərəkətlərə təşviq edə bilər. …Güman edirəm ki, rəsmi Bakı Gürcüstan hökumətinə rəsmi sorğu ilə müraciət etməli və aşkar erməni təxribatına onun mövqyi ilə bağlı aydınlıq gətirməlidir”.