Gürcüstanda qalmaqal – məşhur aktyorun xanımı onu zorakılıqda günahlandırıb
Gürcüstanın məşhur aktyorunun keçmiş xanımı onu fiziki zorakılıqda günahlandırıb. “Rustavi-2” telekanalındakı tele-şoulardan birində aktyor Beso Zanqurinin keçmiş həyat yoldaşı Ninutsa Makaşvili bildirib ki, 11 il əvvəl Beso Zanquri onu mütəmadi olaraq döyürmüş, üstəlik hamilə olduğu zaman da. Onun bu sözləri cəmiyyətdə kəskin reaksiya doğurub, Zanqurinin çalışdığı Rustaveli Teatrı da mövqe bildirib.
“Mən heç vaxt düşünmürdüm ki, zorakılıqdan zərər görənlərdən biri olacam. Yadımda deyil ilk dəfə məni necə döyüblər, amma yadımdadır ki, o, bunu ailəsinin gözləri qarşısında etdi və mən hamilə idim. Sonra üzrxahlıqlar və hədiyyələr gəldi”, – Makaşvili deyib.
Onun sözlərinə görə, fiziki zorakılıq halları çox tez-tez təkrarlanırmış:
“Bu, məsələn, boşqablar və vilkalar vaxtında yuyulmadığı zaman baş verə bilərdi. Ya da qırmızı işıqda çox dayananda və narazı görünəndə. Ya da küçədə gördüyümüz hər hansı oğlana görə”.
Ninutsa Makaşvilinin sözlərinə görə, aktyor onu təhdid edir və qorxudurmuş:
“Mən çox qorxurdum. Ailə üzvlərimin ünvanına təhdid səslənirdi və mən bu haqda heç kimə deyə bilmirdim, çünki çox çətin idi”.
Ninutsa danışıb ki, bir dəfə keçmiş əri onu bir neçə saat döyüb və bu, bardağı daşıran son damcı olub.
O, deyir ki, psixoloji problemlərinə görə bu mövzuda heç vaxt danışa bilməyib:
“Zəiflərə əzab vermək çox asandır, cavab verə bilməyəcək birini vurmaq çox asandır. İndi çox zaman keçib, mən böyümüşəm, bütün bunların öhdəsindən gəlmişəm və indi bu haqda danışmaq mənə daha asandır”.
Ninutsanın dediklərinə hüquq müdafiəçiləri artıq diqqət yetiriblər. Vəkil Tamar Dekanosidze bildirib ki, Ninutsa Makaşvilinin hekayəsi istintaq üçün əsas ola bilər.
Aktyor Beso Zanquri Gürcüstanın əsas teatrlarından birinin – Rustaveli Teatrının aparıcı aktyorudur və bu teatrın bədii rəhbəri Robert Sturuanın tamaşalarının çoxunda iştirak edir. Zanqurinin aktiv siyasi həyatı var. O, “Gürcü arzusu” iqtidar partiyasının tərəfdarıdır, 2011-ci ildə seçkiqabağı kampaniyada iştirak edib, sonra isə Tbilisi meriyasında teatr koordinatoru və müşavir kimi çalışıb.
38 yaşlı aktyor “Netgazeti” nəşrinə bildirib ki, onun keçmiş həyat yoldaşı yalan danışır və belə bir şey olmayıb.
Aktyorun sözlərinə əsasən, ona yalan danışması üçün beş min lari [1450 dollara yaxın] ödəyiblər, şou qaydalarına görə sensassiya və eksklüziv hekayə danışan şəxsə bu məbləğ verilir.
Rustaveli Teatrı da Ninutsa Makaşvilinin müsahibəsinə reaksiya verib. Facebook-da qısa bəyanat yayılıb: “Şota Rustaveli adına Milli Teatr zorakılığın bütün formalarını, o cümlədən də ailədaxili zorakılığı pisləyir!”
Bu bəyanatda Beso Zanqurinin adı qeyd olunmayıb.Azadlıq Radiosunun “teatr tele-şoudakı müsahibəyə reaksiya verəcəkmi” sualına teatrın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İya Şerazadişvili deyib ki, indiki mərhələdə bunu etmək üçün səbəb yoxdur:
“Onun keçmiş həyat yoldaşı şikayət versə və zorakılıq faktlarının araşdırılmasına başlansa, teatr tədbir görməyə borclu olacaq. Biz niyə reaksiya verməliyik – çünki Ninutsa deyir ki, bütün bunlar 11 il əvvəl olub?”