Gürcüstanda populyar partiya yoxdur. NDİ-nin tədqiqatları nədən xəbər verir
Gürcüstanda siyasi partiyalara dəstəyin səviyyəsi əvvəlki kimi aşağıdır, yerli özünüidarəetmə orqanlarına üç ay qalmış seçicilərin 62%-nin siyasi favoriti yoxdur; istisna olunmur ki, hakimiyyətin nümayəndəsi Tbilisi meri seçkilərinin elə birinci turundaca qalib gələcək.
Milli Demokratiya İnstitutunun araşdırmasının nəticələri:
Favorit partiyalar
Siyasi reytinqlər aşağıdakı kimidir: yerli özünüidarəetmə orqanlarına seçkilər sabah keçirilsəydi kimə səs verərdiz sualına 27% sorğu iştirakçısı hakim “Gürcü partiyası”, 8%- “ Vahid milli hərəkat” (VMH – Mixail Saakaşvilinin partiyası), 3% – “Avropa Gürcüstanı” (VMH-nin parçalanması nəticəsində yaranan partiya) dedi, 35% suala cavab verə bilmədi, 15% cavab verməkdən imtina etdi.
NDI-nin sorğusuna əsasən, Tbilisi meri vəzifəsinə namizədlərin mövqeləri aşağıdakı kimidir: seçkilərdə iştirak edəcəyi güman edilən 37% sorğu iştirakçısı “Gürcü arzusu” partiyasının irəli sürdüyü namizədə – Kaxa Kaladzeyə səs verəcək. Bunun arxasınca müxalifətin nümayəndəsi olan Aleko Elisaşvili (22%) gəlir, üçüncü yerdə VMH-in namizədi Zaal Udumaşvili (16%), dördüncü yerdə isə “Avropa Gürcüstanı”ndan olan Elene Xoştariya (5%) qərarlaşıb.
62% respondent kimə səs verəcəyini bilmir. 35% isə artıq kimə səs verəcəyini bilir.
7% sorğu iştirakçısı siyasi platforması onların baxışlarına uyğun gələn partiyanın adını çəkə bilmədilər, 6% bu suala cavab verməkdən imtina etdi. 23% bu cür partiya olaraq “Gürcü arzusu”, 9% VMH, 4% “Avropa Gürcüstanı” və “Vətənpərvərlər alyansı”nın adını çəkdi.
NDI-nin müraciət etdiyi 32% sorğu iştirakçısı hesab edir ki, azad və ədalətli seçkilərin əsas problemi seçicilərin pulla alınmasıdır. 18% isə hesab edir ki, problem seçicilərə təzyiq göstərilməsindədir.
Ölkəyə İvanişvili rəhbərlik edir
59% respondent o fikirlə razıdır ki, keçmiş baş nazir Bidzina İvanişvili üç il əvvəl vəzifəsini tərk etməsinə və heç bir vəzifə tutmamasına baxmayaraq, yenə də hakimiyyətə müəyyən təsir göstərə bilən şəxs olaraq qalır.
Bununla yanaşı 56% istəyir ki, Bidzina İvanişvili siyasi qərarların qəbul edilməsi prosesində iştirak etməsin.
İnstitusiyalar necə işləyir
NDI-nin sorğusunda iştirak edənlərin üçdə bir hissəsi müxtəlif institutların işinin qiymətləndirilməsi ilə bağlı suala: “Nə yaxşı, nə pis”, – cavabını verdilər.
51% sorğu iştirakçısı hesab edir ki, söz azadlığı ilə bağlı məsələ yaxşı və ya çox yaxşı səviyyədədir, 18% bunun əksini düşünür, 28% isə vəziyyəti “nə yaxşı, nə də pis” kimi qiymətləndirir.
35% inanır ki, Gürcüstanda azad və ədalətli seçkilər keçirilir. 28% bunun əksini düşünür, respondentlərin üçdə biri (29%) hesab edir ki, seçkilər orta səviyyədə keçirilir – “nə yaxşı, nə də pis”.
36% sorğu iştirakçısının fikrincə, Gürcüstanda insan haqları qorunur. 32% bu sahədə böyük problemlərin olduğunu deyir, 28% – “nə yaxşı, nə də pis” deyir.
28% hesab edir ki, ölkədə korrupsiya ilə mübarizə uğurla həyata keçirilir, eyni sayda respondent korrupsiya ilə mübarizənin nəticə vermədiyini düşünür, 30 faiz isə hesab edir ki, korrupsiya ilə mübarizə nə yaxşı, nə də pis” həyata keçirilir.
Gender bərabərliyi siyasəti
NDI sorğusunun 49% iştirakçısı siyasi partiyalarda eyni sayda qadınların və kişilərin olmasını vacib sayır, 46% isə bu məsələni əhəmiyyətsiz hesab edir.
Sorğu iştirakçısının yarısından çoxu (58%) hesab edir ki, mer vəzifəsinin öhdəsindən həm kişilər, həm də qadınlar eyni dərəcədə yaxşı gələcək. 29% isə hesab edir ki, mer vəzifəsinin öhdəsindən daha yaxşı kişilər gələcək.
78% sorğu iştirakçısının fikrincə, qadınların və kişilərin deputat işində imkanları eynidir. 77% sakrebulo (yerli özünüidarəetmə orqanları) məsələsində eyni cür düşünürlər.
Əfqan Muxtarlının işi
Milli Demokratiya İnstitutunun araşdırmasına azərbaycanlı jurnalist Əfqan Muxtarlının qalmaqallı işi də əlavə olunub.
72% sorğu iştirakçısının bu məsələdən xəbəri varıymış, 26% yox. 82% hesab edir ki, baş verənlərə görə məsuliyyət Gürcüstan hakimiyyətinin üzərinə düşür, çünki onlar insan haqlarının qorunmasını təmin etməliydilər.
56% respondent hesab edir ki, Əfqan Muxtarlının oğurlanması insan haqları və mətbuat azadlığının müdafiəsi sahəsində regionun lideri olan Gürcüstana neqativ təsir göstərib. 2% sorğu iştirakçısı hesab edir ki, jurnalistin oğurlanması Gürcüstan dövlətinin nüfuzuna mənfi təsir göstərəcək, 15%-in fikrincə isə bu fakt ölkənin imicinə heç bir mənfi təsir göstərməyəcək.
(Əfqan Muxtarlı Tbilisidə mayın 29-da itib, bir gün sonra isə onun Bakıda həbsxanada olduğu məlum olub. Muxtarlı bildirir ki, Gürcüstanın paytaxtından onu kriminal polis formalı şəxslər oğurlayıblar. Azərbaycan hakimiyyətinin məlumatına görə, Muxtarlı sərhədi qeyri-qanuni yolla keçdiyinə görə həbs edilib, barəsində üç ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Gürcüstanda bu işin araşdırılması hələ davam edir).
- Araşdırma UK aid-in maliyyə dəstəyi ilə, sorğu isə CRRC- Gürcüstan təşkilatı tərəfindən həyata keçirilib. Sorğular 18 iyundan 9 iyula qədər Gürcüstanın işğal olunmuş əraziləri istisna olunmaqla hər yerində aparılıb. Ümumilikdə təsadüfi seçim sistemi ilə 2261 nəfər sorğu edilib.