Gürcüstanda notarius işi – sisyasi senzura cəhdi?
Gürcüstanın Ədliyyə Nazirliyi Baçana Şenqeliyanın notarius işləmək hüququnu dayandırıb. Buna onun Facebook paylaşımları səbəb olub – ona qarşı intizam icraatı başlanılıb. Qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri bu faktı siyasi motivlərlə söz azadlığının və özünüifadə hüququnun məhdudlaşdırılması hesab edirlər. Nazirlik və notarius arasında mübahisə artıq Konstitusiya Məhkəməsinə gedib çatıb.
Baçana Şenqeliya səkkiz il Zuqdidi şəhərində notarius işləyib. Öz bürosunda o, onlarla insana xidmət göstərib – sənədləri təsdiqləyib və onları notarial reyestrə yükləyib. Sənədlər yalnız bu sistemə yükləndikdən sonra hüquqi qüvvəyə malik olub.
Mayın 19-da o, artıq notarial reyestrin sisteminə daxil ola bilməyib. Həmçinin dəftərxana şəbəkəsi və xidməti elektron ünvanı da bloklanıb. Notarial Palatada Şenqeliyaya bildirilib ki, sistem Ədliyyə Nazirliyi tərəfindən bloklanıb.
Səbəb – sosial şəbəkələrdəki paylaşımlar
İyunun 24-də Baçana Şenqelaya Ədliyyə Nazirliyindən məktub alıb. Məktubda bildirilib ki, nazirliyin əmri ilə ona qarşı intizam icraatı başlanılıb.
Nazirliyin məktubunda səbəb də izah olunub – Şenqelaya Facebook səhifəsində “qərəzli siyasi baxışlı mətnlər paylaşıb və siyasi dəyərləndirmələr edib”.
Dövlət Təhlükəsizliyi Xidməti koronavirus haqda dezinformasiya yayıldığı üçün cinayət işi qaldırıb. Ekspertlər bildirirlər ki, bu, senzura və opponentlərin qorxudulmasıdır
Baçana Şenqeliya əmindir ki, bu qərar onun anası İya Kerzayanın ölüm işi ilə bağlıdır. İndi bu iş Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.
Kerzayanın işi
Zuqdididə 6 saylı ictimai məktəbin direktoru olan İya Kerzaya 2018-ci ilin dekabrında insult nəticəsində vəfat edib. Baçana Şenqelaya anasının səhhətinin pisləşməsini və onun ölümünü məktəbdə aparılan yoxlama ilə əlaqələndirir.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin Müfəttişlik Xidməti qəfil yoxlama ilə məktəbə gəlib ki, direktoru cəzalandırsın, çünki Kerzaya prezident seçkilərində “Gürcü arzusu” iqtidar partiyası və onların dəstəklədiyi namizəd Salome Zurabişvili üçün işləməkdən imtina edib.
Kerzayanın ölümü ilə bağlı iş Gürcüstan prokurorluğu tərəfindən araşdırılıb, amma tezliklə “cinayət tərkibinin olmaması səbəbi ilə” işə xitam verilib.
“Şenqelaya Gürcüstana qarşı” iddiası 2019-cu ilin noyabrında Strasburq İnsan Haqları Məhkəməsində qaldırılıb. Baçana Şenqelaya əmindir ki, onun haqqında başladılan intizam icraatı onun fəallığı və işin Strasburq məhkəməsinə göndərilməsi ilə bağlıdır.
Şenqelayanın işi sayəsində məlum olub ki, Gürcüstanın ədliyyə naziri 2020-ci il mayın 22-də notariuslar üzərinə ictimai şəkildə “siyasətçilər və siyasi məsələlərlə bağlı yalnız neytral bəyanlar etmək” məcburiyyəti qoyan və onlara öz siyasi baxışlarını şəxsi Facebook səhifələrində ifadə etməyi qadağan edən əmr imzalayıb.
Ədliyyə Nazirliyinin bu məhdudlaşdırmanı tətbiq etdiyi ilk və hələlik yeganə insan Baçana Şenqeliyadır.
Şenqeliya nazirliyin notarial reyestrin bloklanması haqda qərarından Tbilisi Şəhər Məhkəməsinə şikayət verib.
Məhkəmə nazirliyə proses bitənə qədər lazımi notarial əməliyyatlar üçün Şenqeliyanın bütün proqramlara çıxışını bərpa etməyi tapşırıb. Amma Ədliyyə Nazirliyi məhkəmə qərarını həyata keçirməyə tələsmir.
Şenqeliya artıq Məhkəmə Qərarlarının Məcburi İcrası Milli Bürosuna müraciət edib.
Konstitusiya Məhkəməsində mübahisə
Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA) nazirin notariusları siyasi neytrallığı qorumaq prinsipinə təhkim edən əmrini mübahisələndirmək üçün Baçana Şenqeliya adından Konstitusiya Məhkəməsinə müraciət edib.
“Notariusun siyasi simpatiyasını və ya antipatiyasını şəxsi Facebook səhifəsində ifadə etməsinə görə cəzalandırılması qeyri-proporsional tədbirdir və Gürcüstan vətəndaşının azad siyasi fikir ifadəsinə ciddi müdaxilədir. Bu cür tədbirə heç bir legitim məqsədlə haqq qazandırmaq olmaz”, – təşkilatın bəyanatında deyilir.
Təşkilat qeyd edir ki, konstitusiyaya əsasən, özünüifadə hüququnun məhdudlaşdırılmasına yalnız qanuni yolla imkan verilir, amma ədliyyə nazirinin əmri ilə tətbiq oluna bilməz.
“Rusiaydakı kimi Kadırovşina və senzura” – sosial şəbəkələrdə reaksiya
Facebook istifadəçiləri arasında radikal şəkildə fərqli siyasi baxışlara mənsub insanlar hakimiyyətin atdığı addımı birmənalı şəkildə qınayıblar.
Bir çox istifadəçilər hakimiyyətin ünvanına səsləndirdiyi fikirlərdə heç çəkinməyib:
“Onlar kadırovçular kimidir. Hətta Rusiyada yalnız Kadırov və onun kimi alçaqlar belə şeylər eləyir. Hətta orada da heç də hamı belə insanlıqdan uzaq əməllərə imza atmır”.
“Ədliyyə naziri Teya Tsulukianinin, sən demə, tək vəzifəsi əməkdaşların Facebook-dakı statuslarını oxumaqdan ibarət olan işçiləri varmış”.
“Sovet İttifaqında insanı güllələyəndə ailəsini məcbur edirdilər ki, güllənin pulunu versin. Bu, ən görünməmiş alçaltma, mənliyə tüpürmək idi. İnsanın əvvəlcə anasını öldürüblər, sonra isəsovet ənənələrinə sadiq qalaraq onu işləmək imkanından məhrum ediblər – deyirlər ki, sən necə cəsarət edib Facebook-da tənqid yazırsan?”
“Seçkiqabağı “repressiv” maşın işə düşüb. Sosial şəbəkələrdəki statuslara görə işdən qovmaq Rusiya senzurasının Gürcüstana qayıtması əlamətidir”, – Facebook istifadəçiləri yazır.
İyulun 7-də Ədliyyə Nazirliyinin binası önündə “Siyasi təqiblər dayandırılsın” şüarı ilə Baçana Şenqeliyaya dəstək mitinqi keçirilib.
QHT: “Bu, açıq intiqam və təqibdir”
Qeyri-hökumət təşkilatları bildirirlər ki, Baçana Şenqeliyanın notarial səlahiyyətləri qanunsuz olaraq dayandırılıb.
“Notarius kimi dövlət xidmətində olması mütləq insana özünüifadə azadlığını qadağan etmək demək deyil”, – GYLA sədri Sulxan Saladze deyib.
Azd İnformasiya İnstitutunun (IDFI) rəhbəri Giorgi Kldiaşvili hesab edir ki, Şenqeliyanın başına gələn hadisəni “sənədləşdirilmiş təqib” hesab edir.
Baçana Şenqeliya indiyə qədər bilmir ki, öz fəaliyyətini nə zaman bərpa edə biləcək. O, Ədliyyə Nazirliyindən ona göndərilən məktubu anasının ölüm işinə əlavə etmək niyyətindədir.
Şünqeliya prokurorluğa da müraciət edib. O, Ədliyyə Nazirliyindəki şəxslərin vəzifə səlahyyətlərindən sui-istifadə etməsi faktı üzrə araşdırmanın başlanmasını tələb edir.