Maska, baryerlər, bahalaşma. Gürcüstanda koronavirusdan sonra turizm necə görünəcək
Gürcüstan koronavirus pandemiyasına görə dörd aylıq fasilədən sonra turizm mövsümünü açır.
İyunun 15-dən otellər və digər turizm infrastrukturları yerli turistlər üçün açıq olacaq, iyulun 1-dən isə ölkə ilk əcnəbi turistləri qəbul edəcək.
Xarici mediada Gürcüstanın adı “postkovid” turizmi üçün təhlükəsiz istiqamət kimi hallandırılır. Forbes jurnalı iki şəhəri – Tbilisi və Batumini koronavirus nöqteyi-nəzərindən təhlükəsiz istiqamətlər siyahısına daxil edib. Gürcüstan səyahət üçün təhlükəsiz yer olduğu haqda Washington Post qəzetində, European Best Destinations, Çexiyanın turizm və biznes portalı TTG və sair mənbələr də yazıb.
- Gürcüstan turizmi yenidən inkişaf etdirməyə başlayır?
- Dünya karantindən çıxır: kim və necə? Robotlar adamların temperaturunu ölçür və parklara nəzarət edirlər. Foto/video
Gürcüstan hökuməti ökənin bu nüfuzundan istifadə etməyə çalışır – baş nazir Giorgi Qaxariya bəyan edib ki, Gürcüstanın yeni turizm brendi – koronavirusdan azad ölkə olmaq şansı var.
Gürcüstan turizm mövsümünə hazırlaşır, bu sahə ilə məşğul olan insanların gözləntiləri nədir?
Gürcüstana hansı ölkələrdən turistlər gələcək?
İyunun 1-də, bağlanandan demək olar ki, üç ay yarım sonra Gürcüstanın ən böyük Tbilisi və Kutaisi aeroportları açılacaq.
İyulun 1-dən reyslərin bərpa olunacağı ölkələrin dəqiq siyahısı hələlik məlum deyil. Bilinən ancaq odur ki, ilk mərhələdə Gürcüstan səması epidemioloji vəziyyətin stabil olduğu ölkələr üçün açılacaq.
Amma məsələn, aviabiletlərin onlayn satıldığı Skyscaner saytından artıq Tbilisidən Moskvaya – pandemiyanın ən “qaynar nöqtələrindən” birinə iyulun 1-ə bilet almaq mümkündür. Bu biletləri Ermənistanın “Ermənistan” və “Belarusun” “Belavia” aviaşirkətləri satır.
Turizm mövsümünün açılması ərəfəsində Gürcüstan bir neçə ölkə ilə “yaşıl dəhliz” yaradılması haqda razılığa gəlib. Bunlar İsrail, Çexiya, Litva, Latviya, Estoniya, Avstriya və Almaniyadır.
“Yaşıl dəhliz” o deməkdir ki, bu ölkələrin vətəndaşları heç bir karantin olmadan səyahət edəcəklər. Məsələn, Çexiya vətəndaşı Gürcüstana daxil olduğu zaman iki həftəlik karantin müddəti keçirməli olmayacaq. Çexiyaya gedən Gürcüstan vətəndaşları da orada karantinə salınmayacaqlar.
Gürcüstan əcnəbi turistləri iyulun 1-də gözləyir.
Amma Gürcüstan Milli Statistika İdarəsinin göstəricilərinə əsasən, Gürcüstana ən çox turistlərin gəldiyi ölkələr beşliyi “yaşıl dəhlizə” daxil ola bilmir. Bu ölkələr Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və Ukraynadır. Onların çoxunda epidemioloji vəziyyət ağırdır, xüsusən də Ermənistan və Rusiyada. Gürcüstanın baş epidemioloqu Amiran Qamkrelidzenin sözlərinə görə, Ermənistanla sərhədin açılması bu mərhələdə təhlükəli ola bilər.
Ukraynaya gəlincə, Gürcüstanın Turizm İdarəsinin məlumatına əsasən, hazırda Gürcüstan və Ukrayna arasında aviareyslərin bərpa olunması ilə bağlı danışıqlar aparılır. Artıq 1 iyul tarixindən Kiyev istiqamətində və geriyə onlayn biletlər almaq mümkündür.
Skyscanner də iyulun 1-dən Minsk-Tbilisi və İstanbul-Tbilisi reyslərinə biletlər təqdim edir. Münhen reyslərinə də biletlər satılır.
Ucuz aviareyslər həyata keçirən Ryanair şirkəti də pandemiyaya qədər Gürcüstana həyata keçirdiyi bütün uçuşları bərpa etməyə hazırlaşır.
Bəzi ölkələrlə danışıqlar hələ də davam etdirilir və hələlik heç kim deyə bilməz ki, nə qədər turist gələcək – Gürcüstan Rurizm İndustriyası Alyansının rəhbəri Şalva Alaverdaşvili deyib.
“Biz hələlik bu haqda heç nə bilmirik. Amma mən əminliklə deyə bilərəm ki, bizim nizamlamalarımız başqa dünya ölkələrinin qaydalarından daha yumşaqdır”.
Karantin yoxsa Covıd haqda arayış – sərhəddə turistlər necə yoxlanılacaq?
Gürcüstanın əsasında turistləri qəbul edəcəyi nizamlama Səhiyyə Nazirliyi, Dövlət Turizm İdarəsi və özəl şirkətlər tərəfindən birgə hazırlanıb.
Amma hələlik bu nizamlama qismən hazırlanıb.
Əcnəbi qonaqları qəbul edənə qədərbir aydan az zaman qalıb, amma indiyə qədər məlum deyil ki, turistlər aeroportda necə qarşılanacaq və ölkəyə daxil olarkən sərhəddə hansı prosedurlardan keçəcəklər.
Ölkəyə gələn qonaqlar sərhəddə 1 saatdan çox olmayaraq yoxlama prosesi keçməlidirlər – baş nazir Giorgi Qaxariya deyir.
Bir neçə ehtimal nəzərdən keçirilir – turistlər üçün 72 saatlıq karantin; sərhəddə son 72 saat əraizndə alınmış koronavirusun mənfi nəticəsi haqda arayışın tələb olunması; və üçüncü variant – sərhəddə testdən keçirilmə.
Əgər nizamlamalar çox ciddi olsa, ölkəni turistlərin üzünə açmağln mənası yoxdur, çünki heç kim gəlməyəcək – Georgian Hospitality Group turist şirkətinin yaradıcısı Saba Kiknadze deyir. O, yeni qaydaların müzakirəsi prosesində iştirak edib.
“Sərhəddə sərnişinlərin necə yoxlanacağına dair sual hələ də açıq qalıb. Mən hesab edirəm ki, sərnişinin seçimi olmalıdır – sərhəddə öz hesabına testdən keçmək və ya məcburi karantin rejimində qalmaq”, – Kiknadze hesab edir.
Nika Samadaşvili artıq altı ildir ki, turist qrupları ilə işləyir. O, iyulun 1-dən turist axınının baş verəcəyinə şübhə ilə yanaşır, çünki onun fikrincə, bu qaydaları təcrübədə həyata keçirmək çətin olacaq:
“Səyahət turistlərə çox baha başa gələcək. Məsələn, hər kəsin sərhədi keçməzdən öncə keçməli olduğu testin qiyməti 100 dollara yaxındır. Belə çıxır ki, dörd-beş nəfərlik ailəyə test təxminən 400 dollara başa gələcək”.
Turizm infrastrukturu necə işləyəcək?
Sərhəddəki nəzarət-buraxılış məntəqələrindəki rejimlə bağlı qaydalar hələlik aydın olmasa da, Səhiyyə Naziri artıq turizm sektoru ilə əlaqəli olan hər kəs üçün – ictimai iaşə müəssisələri, turoperatorlar və bələdçilər, mehmanxana və hovuzlar üçün hazırlanmış tövsiyələri açıqlayıb.
Bu qaydalara əsasən, bələdçilər, sürücülər və turistlər hər turdan əvvəl temperaturlarını yoxlamalıdırlar.
Nəqliyyatda və binalarda hər kəs maska taxmalıdır, maşınlarda sürücü kanimaları isə sərnişinlərin əyləşdiyi salonlardan müdafiə baryeri ilə ayrılmalıdır. Sərnişinlər nəqliyyatda sıx oturmamalıdırlar. Bundan başqa, yeni qaydalara əsasən, maşınlarda kondisioneri işə salmaq olmaz, çünki epidemioloqların sözlərinə görə, kondisioner işlədiyi zaman havanın sirkulyasiyası virusun bütün sərnişinlər arasında yayılmasına kömək edir.
Turistlərə xidmət göstərən restoranlarda, kafelərdə, otellərdə və bütün qapalı məkanlarda səthləri gündə bir neçə dəfə xüsusi məhlulla silmək lazımdır.
Qapı və pəncərə tutacaqlarının, sürahilərin, lift düymələrinin dezinfeksiyası iki saatdan bir həyata keçirilməlidir.
Binaların girişlərində dezobaryerlər – ayaqqabı silmək üçün üzərinə dezinfeksiyaedici məhlul tökülmüş xüsusi xalçalar quraşdıırılmalıdır. Əməkdaşlar isə, məsələn, mehmanxana girişində xüsusi şəffaf baryer arxasında oturmalıdırlar.
Turizm biznesinin gözləntiləri nədir?
Karva Travel turizm şirkətinin, Turizm Məktəbinin və Facebook-da “İnfogid” qrupunun yaradıcısı Rusudan Caparidze də yeni qaydaların müzakirəsində iştirak edib.
Onun sözlərinə görə, əvvəlcə Səhiyyə Nazirliyi çox sərt və mürəkkəb tənzimləmə variantı təklif edib, amma daha sonra bu variantda həm virusun yayılması ilə mübarizə maraqlarını, həm də özəl biznesin maraqlarını nəzərə almaq qərarı verilib.
Bununla belə, bəzi qaydalar hələ də aydın deyil.
“Məsələn, Səhiyyə Nazirliyi nəqliyyat haqda müddəanı aradan qaldırmayıb. Şəffaf baryer həm havanın sirkulyasiyasını, həm də sürücünün güzgülərə nəzarətini çətinləşdirəcək, bu da təhlükəlidir. Bundan başqa, havanın kondisasiyası məsələsi hələ də açıq qalır”, – o deyib.
Problem ondadır ki, bu il Gürcüstanda istirahət yeni qaydalar üzündən turistlərə baha başa gələcək – Rusudan Caparidze deyir.
“Qiymətlər, əlbəttə ki, yüksələcək – elektron termometr, maskalar, əlcəklər, şəffaf baryerlər – biz bütün bunları almalı olacağıq. Xərclərdə böyük fərq olacaq və müvafiq olaraq qiymətlər də artacaq”.
Lilat Travel & Events təmsilçisi Yelena İnauri uzun illər daxili turlarda çalışır. Onun şirkəti də turistləri qəbul etməyə hazırlaşır. Yelena bildirir ki, yeni qaydaların tətbiqindən sonra qiymətlər əhəmiyyətli dərəcədə yüksələcək.
“Əgər bir avtobusun icarə haqqı 300 lari [94 dollara yaxın] təşkil edirdisə və bu məbləğ 50 nəfərə bölünrdüsə, indi böyük ehtimalla avtobusa ancaq 25 nəfər otura biləcək ki, bu da xidmətin qiymətini artıracaq”.
Gürcüstanda açıq kafe və restoranlar iyunun 1-dən işləyir. Iyunun 8-dən qapalı məkanlar da işləməyə başlayacaq. Yeni qaydalar onlara da şamil edilir.
Restoran və kafelərin bütün müştəriləri maska taxmalı, ancaq yedikləri zaman çıxarmalıdırlar.
Məkana daxil olarkən müştərilərin qızdırması ölçülməlidir – temperaturu 37 və daha yüksək olan şəxslər müəssisəyə buraxılmayacaqlar. Masalar bir-birindən iki metr məsafədə yerləşməlidir. Qonaqların sayı, həmçinin bir masa ətrafında ooturanların sayı da məhdud olmalıdır. Personal xüsusi geyimdə işləməlidir.
GMT Group şirkətinin satış və marketinq şöbəsinin rəhbəri Mariam Bebiaşvilinin sözlərinə görə, Funicular Complex və Puri Guliani qrupunun restoranları iyunun 1-dən açılıb və yeni qaydalara rəğmən qiymətlər dəyişməz qalıb.
“Bizim müştərilərimiz yeni qaydaları anlayır. Hələlik heç kim etiraz etməyib və bu təəccüblü deyil. Görünür ki, pandemiya insani münasibətlərə və emosiyalara təsir etməyib”, – o deyir.
Gürcüstanın regionlarında da turistləri qəbul etməyə hazırlaşırlar.
Korşa mehmanxanası Xevsuretidə – Qafqaz dağlarının şimal ətəklərində yüksəkdağlıq ərazidə yerləşir. Bu, son illərdə ölkənin ən populyar dağ turizmi istiqamətlərindən biridir.
Otel iyunun 15-ə yaxşı hazırlaşıb – bu il burada əcnəbilərdənsə daha çox daxili turistlər gözlənilir.
Otel sahibi Marina Qiqauri bildirir ki, xidmət daha baha olacaq:
“Bizim xərclərimiz xeyli artıb. Ərzaqlar bahalaşıb. Bundan başqa maska, əlcək, dezinfeksiya vasitələrini özümüz almalıyıq. Bizə yeni xidmət personalı lazım olacaq, pandemiyaya qədər biz ailəvi işləyirdik və ancaq iki əlavə işçimiz vardı. İndi biz özümüz hər yanı hər dəqiqə dezinfeksiya edə bilməyəcəyik”, – o deyir.
Hostellərin vəziyyəti daha çətindir. Onların müştəriləri əsasən gənclərdən ibarət qənaətli turistlər olur. Hosteldə bir otaqda bir neçə yad adam qala bilər. Pandemiya şəraitində çox güman ki, belə risk etməyəcəklər.
Bundan başqa, bu il səyahətlər bahalı olduğu üçün hostel müştəriləri yəqin ki, evdə qalacaq.
Tbilisinin mərkəzində “Terrasa” hostelinin sahibi Tsitsi Qoqsadze hələ də öz biznesini necə qoruyacağını düşünür.
“Biz istiqaməti dəyişə və hosteli qonaq evinə çevirə və ya kafe aça bilərik. Məsələ burasındadır ki, hostellərin əksəriyyəti yeni reallıqlara tab gətirməyib, demək olar ki, hamısı bağlanıb. Hostellərin daha müştəriləri olmayacaq – indi yad adamlarla bir otaqda qalmaq təhlükəlidir. Bu, mənim üçün də təhlükəlidir və mən başqalarına da problem yaratmaq istəmirəm. Qonaq evində isə bir otaqda bir ailə qalacaq, otaqlar ayrı-ayrı icarəyə veriləcək və biz işləyə biləcəyik”.
Turizm İndustriyası Alyansının rəhbəri Şalva Alaverdaşvili hesab edir ki, bu il qrup turizmini bərpa etmək çətin olacaq.
“Bir çox ölkələr əvvəlcə digər ölkələrin nəticələrini gözləyəcəklər və yalnız bundan sonra qərar qəbul etəcəklər. Hazırkı mərhələdə müşahidə gedir və qiymətləri tələblər diktə edir. İndi heç kim qiymətə gəlir əlavə etmir, indi biz biznesi xilas etmək mərhələsindəyik. Əgər kimsə heç olmasa nəsə sata bilsə, bu artıq çox yaxşı olacaq”.
Amber Travel şirkətinin banisi Rusudan Caparidze “postkovid” reallığında Gürcüstana səfər etmək istəyəcək insanların tapılacağından şübhə etmir.
“Əgər sərhədləri açmaq arzusu varsa, deməli, bunu bazar tələb edir və buna görə də tələbat olacaq. Amma istək bir şeydir, reallıq isə başqa şey. Əgər hər hansı bir ölkə istirahətdən qayıdan vətəndaşlarından iki həftəlik karantin rejimi keçməyi tələb edəcəksə, bu şəərtlərdə heç kim səyahət etmək istəməyəcək. “Yaşıl dəhliz” məhz bu səbəbdən yaradılıb – burada vətəndaşları heç bir karantinsiz bir-birinə gedib-gələ biləcək ölkələr birləşəcək. Və hələlik görünür ki, biz bu ölkələrdən gələcək qonaqlara ümid etməliyik”.
İstənilən halda, risk edib sərhədləri açmaq, gözləməkdən daha yaxşıdır – Georgian Hospitality Group təsisçisi Saba Kiknadze buna əmindir.
“Biz yeni reallıqda yaşamağa başlayırıq, biz həmişə belə viruslara hazır olmalıyıq. Əvvəlcədən heç nə demək mümkün deyil, hər şeyi təcrübə göstərəcək. İstənilən halda, əgər bu yanaşma özünü doğrultmasa, bu, bizim üçün faydalı təcrübə olacaq. Səyahətsiz qala bilməyən insanlar var və onların qarşısını kəsmək mümkün deyil. Əgər onlar Covid-19 virusunun yayılması nöqteyi-nəzərindən Gürcüstanın təhlükəsiz yer olduğunu bilsələr, mütləq gələcəklər”.