Gürcüstanda iqtidar partiyası böhranın Avropa həllini qəbul edib. Müxalifət isə razılaşmayıb
“Gürcü arzusu” “Denielson razılaşmasını” imzalayır
“Gürcü arzusu” iqtidar partiyası “Denielson planı”nı – uzanan siyasi böhrandan Avropa Şurası prezidentinin nümayəndəsi Kristian Denielsonun təklif etdiyi mərhələli kompromis razılaşmasını ictimaiyyət qarşısında imzalamağa hazırdır.
Amma müxalifət partiyalarının əksəriyyəti yalnız sənədə siyasi məhbusların azad edilməsi və növbədənkənar seçkilərin, yaxud bu mövzuda plebisit keçirilməsi haqda maddələr daxil edildikdən sonra onu imzalamağa hazır olduğunu bildirib.
“İqtidar komandası hələ Kristian Denielsonun vasitəçilik etdiyi dialoqun yekun görüşündə sənədi imzalamağa prinsipial olaraq hazır olduqlarını bildirmişdi. Biz onu indiyə qədər ona görə imzalamamışdıq ki, müxalifətdən təsdiq gözləyirdir. Biz həmçinin Gürcüstandakı səfirlərin bu mövzuda əlavə məsləhətləşmələr keçirməsini gözləyirdik”, – aprelin 17-də xüsusi brifinqdə Gürcüstanın spikeri Arçil Talakvadze deyib.
O vurğulayıb ki, Denielson planına növbədənkənar parlament seçkiləri haqda maddə daxil deyil. Talakvadze hesab edir ki, bu fakt beynəlxalq ictimaiyyət 2020-ci ilin payızında keçirilən parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması haqda müxalifətin ittihamları ilə razı deyil.
Amma o deyib ki, “Gürcü arzusu” 2021-ci ilin payızda, yerli seçkilərdən sonra növbədənkər seçki keçirməyə hazırdır. Bu, iqtidar partiyası 40 faizdən az səs toplayacağı halda baş verəcək.
Təcrübədə bu o deməkdir ki, administrasiya başçılarının seçkiləri Gürcüstanda plebisit rolunu oynaya bilər.
Martın 31-də Tbilisidə Kristian Denielson iqtidar və müxalifət partiyalarının nümayəndələrinə siyasi böhranın mümkün həll yolunu təklif edib. Sənəddə ölkədə sistemli seçki və məhkəmə islahatlarına vurğu edilib. Hər iki tərəf o zaman planı imzalamaqdan imtina etmiş və bir-birini günahlandırmışdı.
Denielson sənədi aşağıdakı komponentləri əks etdirir:
- Siyasiləsmiş mühakimə kimi qəbul edilən məsələlərə reaksiya
- İddialı seçki islahatı
- Qanunun aliliyi / məhkəmə islahatı
- Parlamentdə hakimiyyətin bölüşdürülməsi və mühüm postların müxalifət nümayəndələrinə verilməsi
- Gələcək seçkilərlə bağlı qərar
Gürcüstan artıq yarım ildir ki, siyasi böhran şəraitində yaşayır. 2020-ci il 31 oktyabr parlament seçkilərindən sonra müxalifət parlamentə daxil olmaqda imtina edib, çünki seçkilərin saxtalaşdırıldığı qənaətindədir.
Müxalifət yeni seçkilərin keçirilməsini tələb edir. Hakimiyyət bəyan edir ki, seçkilərin saxtalaşdırılması haqda ittihamlar əsassızdır.
Avropa İttifaqı böhranın həllində iştirak edir. Avropa Şurası prezidenti Şarl Mişelin səfərindən sonra onun şəxsi nümayəndəsi diplomat Kristian Denielsonda martda iki dəfə Gürcüstana gəlib. Onun hökumət və müxalifətlə bir neçə görüşü baş tutub, amma nəticəsiz qalıb.
Müxalifət nə etmək fikrindədir?
Müxalifət partiyalarının əksəriyyəti Denielsonun təklif etdiyi planın hazırkı versiyasını imzalamaqdan imtina edib.
Ən böyük müxalifət partiyası olan Milli Hərəkatın əsas tələbi Vahid Milli Hərəkatın lideri Nika Meliya və əsas müxalifət kanalının həmsahibi Georgi Ruruanın həbsdən azad edilməsidir.
Bu tələbə əksər müxalifət partiyaları da qoşulub. Onlar Meliya və Ruruanı siyasi məhbus hesab edirlər.
Milli Hərəkat həmçinin növbədənkənar seçkilərin keçirilməsi tələbindən də imtina etmək niyyətində deyil. Onu bu tələbdə müxalif Avropa Gürcüstanı Partiyası da dəstəkləyir.
Lider Qiqi Bokeriyanın sözlərinə görə, istənilə razılaşmaya mütləq siyasi məhbuslar məsələsi, o cümlədən də növbədənkənar seçkilər və plebisit keçirilməsi daxil olmalıdır.
“Qirçi- daha çox azadlıq” partiyasının lideri Zurab Caparidze də Denielson planını imzalamaq niyyətində deyil. Onun fikrincə, “bu sənəd razılaşma yox, müxalifətin kapitulyasiyası deməkdir”.
“İqtidar partiyası dəqiq bilir ki, müxalifət bu sənədi bu formada imzalamayacaq. Onların yeganə məqsədi özlərini avropalıların tərtib etdiyi sənədi imzalamağa razılaşmış konstruktiv qüvvə kimi çıxış etmək, müsbət göstərməkdir. Bu, əvvəldən-axıra piardır, başqa heç nə deyil”, – Caparidze deyib.
O hesab edir ki, sənədin bu formada imzalanması ölkə üçün ziyanlıdır, çünki “bundan sonra [oliqarx Gürcüstanı kölgədən idarə edən] Bidzina İvanişvili daha çox imkanlar əldə edəcək”.
Müxalif Aqmaşenebeli Strategiyası Partiyası başqa mövqedədir. Onların fikrincə, iqtidar partiyasının yeni bəyanatı dialoqu davam etdirməyə imkan verir.
“Lelo” partiyasının yaradıcısı Mamuka Xazaradze hesab edir ki, yekun razılaşmanın əldə edilməsi üçün Avropa Şurası prezidentinin nümayəndəsinin iştirakı ilə danışıqların bir raundu da olmalıdır.
Amma bu partiyaların hər ikisi yekun razılaşmanın siyasi məhbus və seçki problemini həll etməli olduğu fikrini dəstəkləyir.
“Qirçi” – alternativ baxış
Fərqli mövqedə olan yeganə partiya “Qirçi” siyasi birliyidir. Partiya lideri bildirib ki, aprelin 19-da onlar qismən də olsa, parlamentə qarşı boykotu dayandıracaqlar.
“Qirçi”nin üç nümayəndəsi parlamentin iclasına qatılmaq niyyətindədir. Amma onlar deputat maaşlarından imtina edir və qanunvericilik təşəbbüslərinin müzakirəsində iştirak etmək niyyətləri yoxdur.
Eyni zamanda “Qirçi”nin bu üç nümayəndəsi parlament üstünlüklərindən imtina etmirlər – onlar deputat toxunulmazlığından və silah gəzdirmək hüququndan yararlanacaqlar [bu partiya silahın leqallaşdırılmasını təbliğ edir — JAMnews].
Daha əvvəl “Qirçı” “Gürcü arzusu” iqtidar komandasına yeddi şərt göndərib və bildirib ki, əgər onlardan heç olmasa biri yerinə yetirilsə, partiya nümayəndələri parlamentə qatılacaqlar.
Maddələr arasında bütün növbəti parlament seçkilərinin proporsional sistem üzrə və təbii keçid minimumu ilə keçirilməsi var. “Qirçi” həmçinin marixuananın tam leqallaşdırılmasını və ölkədə müxtəlif valyutaların dövriyyəyə daxil olmasını tələb edir.
2020-ci il 31 oktyabr parlament seçkilərində “Qirçi” partiyası 2,89 faiz səs toplayıb və parlamentdə dörd yer qazanıb. Dekabrda partiyada parçalanma baş verib, partiyanın əsasını qoyanlardan biri Zurab Caparidze ayrılıb və yeni “Qirçi – daha çox azadlıq” partiyasını yaradıb.
150 yerlik Gürcüstan parlamentində 90 yeri son seçkilərin nəticələrinə görə iqtidar partiyası qazanıb. Hazırda parlamentdə müxalifətdən ancaq altı deputat çalışır – ikisi “Vətəndaşları – Aleko Elisaşvili” partiyasından, dördü isə “Vətənpərvərlər Alyansı”nı tərk edib Avropa Sosialist Partiyasını yaradanlar.