Gürcüstanda getdikcə daha çox adam gizli dinlənilir
Gürcüstanda gizli dinləmə və təqib rəsmən qadağandır. Amma 2018-ci ildə 9 min nəfər dinlənilib və ya təqib edilib.
Müxtəlif rəsmi qurumların məlumatlarını incələyən İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI) belə nəticəyə gəlib.
Dinləmə niyə həyata keçirilir?
Dərc olunmuş məlumatlara əsasən, dinləmə altına düşən insanların sayı məhz son bir neçə ildə əhəmiyyətli dərəcədə artıb.
Müqayisə üçün: 2015-ci ildə gizli dinləmə ilə bağlı məhkəməyə 2,719 sorğu daxil olub, 2018-ci ildə isə bu sorğuların sayı 9,606 olub. Hakim bu tələblərdən 97 faizini təmin edib.
IDFI məlunatına görə, hüquq-mühafizə orqanları dələduzluq, zorla pul tələb etmə, beynəlxalq cinayətkarlıq, “qanuni oğrularla” əlaqə, rüşvət və narkotik vasitələrin qanunsuz dövriyyəsi şübhələri zamanı gizli təqib icazəsi tələb edir.
Bu göstəricilər nə deməkdir?
IDFI qeyd edir ki, 2017-ci ildə gizli əməliyyatlar haqda qanuna düzəlişlər qəbul edildiyi zaman, bu dəyişikliklərdə qeyri-hökumət təşkilatlarının “Bunun Sizə dəxli var” kampaniyası çərçivəsində irəli sürdükləri tələblər təmin edilməyib.
Kampaniya 2014-cü ildə, bu dəfə gizli dinləmələrə və təqiblərə qarşı yenidən fəaliyyətini bərpa edib. 2015-ci ildə “Bunun Sizə dəxli var” hərəkatı gizli nəzarət sisteminin konstitusiyaya zidd elan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Konstitusiya Məhkəməsi 2016-cı il aprelin 14-də bu sorğu ilə razılaşıb.
2017-ci ilin martında parlament Konstitusiya Məhkəməsinin qərarını yerinə yetirmək üçün qanunvericilik paketi qəbul edib. Xüsusi operativ-texniki agentlik yaradılıb və indi yalnız bu struktur dinləmə və təqib həyata keçirmək səlahiyyətinə malikdir. Amma agentlik Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətindədir, buna görə də, yeni qanun həm müxalifət, həm də qeyri-hökumət təşkilatları tərəfindən tənqid edilir.
“Bizim vergilərimiz və digər resurslar nəyə xərclənir? Dövlətin yanlış məqsədlərinə”, – müxalif “Avropa Gürcüstanı” partiyasından olan deputat Giorgi Kandelaki IDFI tədqiqatını şərh edib.
“Nəticədə müxalifət liderlərinin əks olunduğu gizli yazılar ortaya çıxır. Bəzi belə videolar saxtalaşdırılıb, digərləri real çəkilişdir, eyni zamanda insanların şəxsi həyatları çəkilib.
Bu zaman müşahidə olunmalı əsas məsələ diqqətdən kənarda qalıb. Məsələn, Çatayevin və digər terroçuların olduğu evin nəzarətdə olmadığı ortaya çıxıb (2017-ci ilin dekabrında Tbilisidə “İslam Dövləti” adlı terrorçu qrupun döyüşçüsü Əhməd Çatayevin öldürülməsi ilə nəticələnən xüsusi əməliyyat nəzərdə tutulur). Həmçinin bütün bu illər ərzində bircə nəfər də Rusiya casusu yaxalanmayıb”, – Giorgi Kandelaki deyib.
Gizli yazıların ictimailəşməsi ilə bağlı problem
Uzun illərdir ki, Gürcüstanda yalnız siyasətçilərin yox, başqa peşə sahiblərinin də şəxsi həyatının gizli kamera ilə çəkilişi və daha sonra videoların yayılması ciddi problem olaraq qalır.
Ən son bu cür hadisə 2019-ci ilin fevralında baş verib, iqtidarda olan “Gürcü arzusu” partiyasından olan deputat Eka Beseliyanın gizli kamera ilə çəkilmiş video-görüntüləri yayılıb. Bu insident deputatın Ali Məhkəmə hakimliyinə namizədlərin siyahısı ilə bağlı həmkarları ilə razı olmadığını bəyan etməsi ilə üst-üstə düşüb.
Bu görüntüləri saxlamaqda və yaymaqda ittiham olunan 16 nəfər saxlanılıb. Amma istintaq gizli çəkilişi kimin həyata keçirdiyini ortaya çıxarmayıb.
Qadın siyasətçinin şəxsi həyatına dair gizli video-görüntülərin yayılması ilə bağlı bundan əvvəlki analoji hadisə 2016-cı ilin martında baş verib. Məhz bu hadisə “Bunun Sizə dəxli var” kampaniyasının yenidən fəaliyyətə başlamasına və Konstitusiya Məhkəməsində iddia qaldırılmasına səbəb olub.
İqtidarda olan “Gürcü arzusu” partiyası 2012-ci ildə hakimiyyətə gələndən sonra əvvəlki hakimiyyəti Mixail Saakaşvilinin liderliyi altında əhalini gizli müşahidə altında saxlamaqda ittiham edib. Hökumət bildirir ki, o zaman gizli çəkilən bütün görüntülər məhv olunub.