Avropa İttifaqı yönümlü etirazlarda iştirak etdiyinə görə cərimələnmiş vətəndaşlar üçün yeni “Azadlıq Fondu” yaradılıb. Fondun bank hesabı İngiltərədə açılacaq. Fondun təsisçisi “Azadlıq Meydanı” hərəkatının üzvü Davit Jinçaradzedir.
Mart ayında Gürcüstan prokurorluğu etirazlarda iştirak etdiyinə görə cərimələnmiş şəxslərə və siyasi məhbusların ailələrinə yardım edən fondların vəsaitlərini dondurub. “Nanuka Fondu”, Nika Gilaurinin fondu və Tbilisi İnsan Hüquqları Evi fondunun hesabları həbs edilib.
Aprelin 28-də isə prokurorluq etirazçılara və siyasi məhbuslara yardım edən fond rəhbərlərinin evlərində koordinasiyalı axtarışlar aparıb. Axtarışlar Nanuka Jorjoliani, Mariam Badjelidze, Guga Xelaia və Aleko Tsqitişvilinin evlərində həyata keçirilib. Prokurorluq əməkdaşları onların mənzillərinə hakim qərarı əsasında daxil olublar. Həmin qərarda “diversiya” və “xarici dövlətə və ya təşkilata düşmənçilik fəaliyyətində yardım” ittihamları üzrə istintaq aparıldığı qeyd olunub.
“Aydındır ki, Gürcüstanda qeydiyyatdan keçmiş vəsaitlərin həbsi və [hakimiyyətin] tələsik addımları göstərir ki, biz daha fəal olmalı və İvanişvilini hakimiyyətdən uzaqlaşdırmaq üçün əlimizdən gələni etməliyik.
Məhz buna görə düşünürəm ki, xaricdəki hesablarla və onlayn ödəniş sistemləri ilə bir neçə mərkəzsiz fond yaratmalıyıq, elə fondlar ki, onları bloklamaq mümkün olmasın.
Bu gün mən ‘Azadlıq Fondu’nu yaradıram. Bu fond ianələr üçün açıqdır, xüsusən də emiqrantlardan və xarici ölkə vətəndaşlarından gələn ianələrə.
Vəsait toplandıqdan sonra fond vətəndaşlara məhkəmədə şikayət olunmuş cərimələri ödəməkdə kömək edəcək. Bu fondun həbsi mümkün deyil, çünki bank hesabı İngiltərədə yerləşəcək.
Növbəti bir neçə gün ərzində mən etibarlı könüllülərdən ibarət komanda toplamaq, vəsaitləri səfərbər etmək və bütün xərcləri və ianələri şəffaf şəkildə qeydə alacaq onlayn sistem hazırlamaq üzərində işləyəcəyəm. Britaniya və Amerika şirkətlərindəki menecment təcrübəmdən bu işdə istifadə edəcəyəm.
İstənilən dəstəyə və əməkdaşlığa açığam. Oliqarxiyanı oda ataq!”