Gürcüstanda etiraz ayları geridə qalıb? İqtidar partiyası və müxalifət 2020-ci il parlament seçkiləri ilə bağlı razılığa gəlib
Uzun aylar sürən etirazlardan, bu aksiyaların dağıdılmasından, mübahisələrdən və məsləhətləşmələrdən sonra Gürcüstan hakimiyyəti və müxalifəti 2020-ci ilin payızına təyin olunan parlament seçkilərinin necə keçiriləcəyinə dair razılığa gələ biliblər.
Razılaşma martın 8-də danışıqların son raundunun baş tutduğu ABŞ-ın Tbilisidəki səfirliyində əldə edilib.
• Qərara alınıb ki, Gürcüstan parlamentindəki 150 yerdən 120-ə deputatlar proporsional sistemlə, 30-a isə majoritar sistemlə seçiləcək.
• 1 faizlik seki həddi təyin edilib, hökuməti təsdiq etmək hüququ olan parlament çoxluğu parlament mandatlarının 40 faizi ilə formalaşdırıla bilər.
• Tbilisidəki etirazlar haqda bilməli olduğumuz hər şey
• Amerikalı konqresmenlər Gürcüstanın baş nazirinə məktub yazıblar: Gürcüstanın əsas səkkiz problemi
Qanunvericiliyə müvafiq dəyişikliklərin parlamentdə martın 11-də keçiriləcək iclasda müzakirə olunacağı nəzərdə tutulub. Üç dinləmədə qəbul ediləndən sonra dəyişikliklər Konstitusiyaya tətbiq ediləcək.
Yeni seçki sisteminin təsdiq edilməsi üçün 113 səsə ehtiyac var.
“Boş yerə” siyasi böhran?
Güzəştli sxem son bir neçə aydır ki, etiraz aksiyaları keçirən müxalifətin tələblərinə maksimum yaxınlaşdırılıb.
Ekspertlərin çoxunun fikrincə, Gürcüstanda siyasi böhran əsasən hakimiyyətin özü tərəfindən təşviq edilib.
Hələ 2016-cı ildə qızışan etirazları yumşaltmağa çalışan “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili tam proporsional sistemə keçməklə bağlı vəd vermişdi. Amma 2019-cu il noyabrın 14-də müvafiq dəyişikliklər parlament tərəfindən qəbul edilmədi – iqtidar partiyasının bir neçə deputatı mojaritar sistemi ləğv etməkdən imtina etdi.
Daxili siyasi böhranı nizamlamaq üçün Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpus da məsələyə müdaxilə edib.
Bir neçə ay davam edən danışıqlar zamanı hakimiyyət sona qədər 110 (proporsional sistem üzrə) və 40 (majoritar sistem üzrə) sxeminə israr edirdi. Amma nəticədə müxalifət parlamentdə majoritarların sayının azaldılmasına nail ola bilib.
Müxalifət majoritar sistemdən imtinaya niyə israr edir?
Qüvvədə olan qanunvericiliyə əsasən, 150 deputatdan 77-i proporsional, 73-ü isə majoritar sistem üzrə seçilir. Majoritarların bu sayda olması hakimiyyətə üstünlüyü təmin edirdi – bir qayda olaraq, birmandatlı dairələrdə hakimiyyətin nümayəndəsi seçilirdi.
Bu vəziyyət 2016-cı il parlament seçkilərinin nəticələrinə görə “Gürcü arzusu” iqtidar partiyasının 48,6 faiz səs toplasa da, majoritarların hesabına parlamentdə ümumilikdə 115 mandata sahib olub, konstitusion çoxluğu formalaşdırmasına gətirib çıxarıb.
Hakimiyyət və müxalifət arasında razılaşdırılmış yeni sxem iqtidar partiyasına xüsusi üstünlük vermir və müxalifət üçün daha çox imkanlar açır.
Siyasi məhbuslar – ya azad etmək, ya da hökmləri yüngülləşdirmək
Danışıqlar başa çatandan sonra hakimiyyətin müxalifətlə uzlaşması üçün əməkdaşlarının maksimum səy göstərdiyi ABŞ səfirliyində müxalifət nümayəndələri jurnalistlərə bildiriblər ki, paralel olaraq siyasi məhbus məsələsinin də həllinə nail olublar.
Tbilisinin keçmiş meri Qiqi Uqulavanın əfv ediləcəyi gözlənilir.
Keçmiş müdafiə naziri İrakli Okruaşvili, “Əsas” kanalın aksioneri Giorgi Rurua və ictimai fəal Besika Tamliani haqda qətimkan tədbiri dəyişdiriləcək.