Gürcüstanda demokratiya yoxdur? NDI-ın telefon sorğusuna respondentlərin 51%-i belə cavab verib
Əksəriyyət siyasətdə kimi dəstəklədiyini seçməyib və hesab edir ki, Gürcüstanda demokratiya yoxdur – amma Avropa İttifaqı və NATO-ya daxil olmağın vacibliyinə əmindir. Vaksinasiya əleyhdarları tərəfdarlarını üstələyir, amma az fərqlə. Milli Demokratiya İnstitutunun (NDI) sorğusunun əsas nəticələri.
Sorğu 2021-ci il 13-25 iyulda telefonla, təsadüfi nömrələrin yığılması metodu ilə həyata keçirilib. Suallara bütün Gürcüstan üzrə 2 016 nəfər cavab verib.
70% hansı siyasi qüvvəni dəstəklədiyinə qərar verməyib
Yerli özünüidarı orqanların seçkilərə iki ay qalmış (2021-ci il oktyabrın 2-ə təyin edilib) respondentlərin 70%-i hansı siyasi partiyanın onların baxışlarına daha yaxın olduğunu deyə bilməyib.
51% bildirib ki, heç bir partiya onların tələblərinə cavab vermir.
Bununla belə, seçki sabah keçirilmiş olsaydı, əhalinin 61%-i səsvermədə iştirak etməyə hazırdır.
Artıq fikrində müəyyən olan 18% bildirib ki, “Gürcü arzusu” iqtidar partiyasına, 6% isə ya əsas müxalifət partiyası olan Vahid Milli Hərəkata, ya da başqa bir müfalifət partiyasına səs verəcək.
İşsizlik ən böyük problemdir
Sorğu edilənlərin 59%-i ölkədə ən böyük problemin nə olduğu sualına “işsizlik” deyə cavab verib.
Əhalinin 42%-i əsas problem kimi qiymət artımını qeyd edib.
Qalan problemlər siyahıda belə görünür:
- Yoxsulluq — 19%,
- Milli valyuta larinin dəyərdən düşməsi — 17%,
- Aşağı əməkhaqqı — 16%,
- Yüksək vergilər — 12%.
Respondentlərin 68%-i hesab edir ki, pandemiyaya qədərki dövrlə müqayisədə daha az məhsul və xidmət ala bilirlər. Yalnız 2% hesab edir ki, COVID-19 pandemiyasından sonra maddi imkanları artıb.
47% parlamentdən narazıdır
Respondentlərin 47%-i Gürcüstan parlamentinin işini pis, 10% yaxşı, 33% isə orta keyfiyyətli kimi dəyərləndirib.
- Respondentlərin 55%-i deyib ki, parlament onlar üçün vacib olan məsələlər üzrə qanun qəbul etmir.
- 54% inanmır ki, hətta öz deputatlarına problemləri haqda danışsalar belə, o, bu problemləri həll etməyə çalışacaq.
- Yalnız 24% hesab edir ki, parlament üzvləri vətəndaşlarla mütəmadi ünsiyyətdədirlər.
Gürcüstanda demokratiya yoxdur?
Sorğuya əsasən, Gürcüstan əhalisinin 51%-i hesab edir kiŞ ölkədə demokratiya yoxdur. 35% isə əmindir ki, var.
Respondentlərin 49%-i deyib ki, Gürcüstan yanlış istiqamətdə inkişaf edir. Müqayisə üçün bir il əvvəl, 2020-ci ilin avqustunda NDI-ın sorğusunda yalnız 32% belə hesab edirdi.
23% inkişaf tendensiyalarından razıdır, 19% isə hesab edir ki, ümumiyyətlə heç nə dəyişmir.
Əksəriyyət NATO və Avropa İttifaqı üzvlüyü tərəfdarıdır
Sorğuya əsasən Gürcüstan əhalisinin 76%-i Avropa İttifaqında və 74% NATO-da üzvlüyü dəstəkləyir.
11% isə əks fikirdədir: hesab edirlər ki, Avropa İttifaqına və NATO-ya qoşulmaq olmaz.
47% vaksinasiya əleyhdarı, 35% isə tərəfdarıdır
Əhalinin 47%-i koronavirusa qarşı vaksinasiyadan keçməyəcək, 35% isə keçəcək. Qalanlar hələ qərar verməyib.
Respondentlərin 42%-i bildirib ki, koronavirusa qarşı vaksinasiya haqda kifayət qədər informasiyaya sahib deyillər. 56% bunun üçün onlayn-platformada necə qeydiyyatdan keçildiyini bilmir.
Yalnız 19,54% hesab edir ki, onların kifayət qədər informasiyası var, 42% bildirir ki, ehtiyac olarsa saytda qeydiyyatdan keçə bilər.
Bütün respondentlərin 4%-i deyib ki, ümumiyyətlə peyvənd vurdurmağın mümkünlüyündən xəbərsiz olublar.
Ən informasiyalılar Tbilisi sakinləri olub.
Sosial şəbəkələr populyarlıqlarına görə TV-lərə yaxınlaşır, amma hələ də xeyli geridə qalırlar
NDI-ın gəldiyi əsas nəticələrdən biri başlıca informasiya mənbələri kimi sosial şəbəkələr 2014-cü ildən 27% artıb.
2014-cü ildə sosial şəbəkələr əhalinin yalnız 8%-i üçün əsas informasiya mənbəyi idi. Yeni tədqiqata əsasən, artıq əhalinin 35%-i üçün belədir.
Amma televiziyalar yenə də əksəriyyət üçün ilkin informasiya mənbəyidir – respondentlərin 57%-i belə cavab verib.
Baxmayaraq ki, Tbilisidə sıralama bir qədər fərqlidir: əhalinin 42%-i üçün TV-lər, 51%-i üçün isə internet/sosial şəbəkələr ilkin informasiya mənbəyidir.