Cinayət statistikası üzrə rəsmi hesabata əsasən, 2023-cü ilin ilk 5 ayı ərzində Gürcüstanda 75 halda yetkinlik yaşına çatmayanlar cinsi zorakılığın qurbanı kimi tanınıb.
Bundan əlavə, 2023-cü ilin ilk 5 ayı ərzində 633 azyaşlıya zərərçəkmiş statusu verilib – yeniyetmələr daha çox məişət zorakılığına məruz qalıb. Ümumilikdə məişət zorakılığı ilə bağlı 269 fakt üzrə cinayət işi başlanıb.
Yanvar ayı üzrə statistik məlumatlara görə, yeddi fakt 16 yaşına çatmayan şəxslə birbaşa cinsi əlaqə və ya cinsi xarakterli digər hərəkətlər, dörd cinsi zorakılıq, iki zorlama və bir nalayiq hərəkət olub.
Fevralda 16 halda azyaşlılar zərərçəkmiş kimi tanınıb.
Mart ayında 16 halda yetkinlik yaşına çatmayanlar cinsi toxunulmazlığa qarşı cinayətlərin qurbanı kimi tanınıb.
Aprel ayında 17 halda azyaşlılar zərərçəkmiş kimi tanınıb.
May ayında yaşı 16-dan az olan şəxslə cinsi əlaqədə olma və ya cinsi xarakterli digər hərəkətlər etmə ilə bağlı 5 fakt qeydə alınıb.
Azyaşlıya qarşı son səs-küylü zorakılıq hadisəsi Batumidə baş verib. Batumi Şəhər Məhkəməsi öz 13 yaşlı uşağına təcavüz etməkdə təqsirləndirilən şəxsə həbs cəzası verib.
İyulun 12-də 40 yaşlarında olan şəxs saxlanılıb. O, Cinayət Məcəlləsinin 137-ci maddəsinin (qabaqcadan əlbir olaraq azyaşlı ailə üzvünü zorlama) 15 ildən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan bəndləri ilə ittiham olunub.
Hüquq müdafiəçisi və Sapari (Sığınacaq) QHT-nin icraçı direktoru Baiya Pataraiya deyir ki, onun təşkilatı bir çox pedofiliya hadisələrindən xəbərdardır.