Gürcüstanda böyük Facebook təmizliyi
Facebook Gürcüstanın “Gürcü arzusu” iqtidar partiyasının piar məsləhətçisi Kokoy Kandiaşvili və onun yaratdığı “Espersona” portalı ilə, o cümlədən də müxalif “Vahid Milli Hərəkatla” (lideri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidir) bağlı olan yüzlərlə səhifə, qrup və fərdi akkauntu silib.
Facebook “Espersona” ilə əlaqəli olan 511 səhifə, 101 fərdi hesab, 122 qrup və 56 Instagram hesabını bağlayıb. Onların hamısı Gürcüstandan idarə olunurmuş.
Facebook bu səhifələri və onların aralarındakı əlaqəni üzə çıxarmaq üçün DFRLAB tədqiqatının nəticələrindən istifadə edib.
“Espersona” feyk fabrikidirmi?
“Espersona” veb-saytına əsasən, bu, xəbər dərc edən və siyasi, bizneslə əlaqəli, ictimai hadisələri işıqlandıran media platformasıdır. Saytda həmçinin məşhur insanların qısa bioqrafiyaları əks olunan bölmə də var.
Media-platforma Koka Kandiaşviliyə – hakim partiyanın piar məsləhətçisinə məxsusdur.
Kandiaşvilinin təbliğat siyahısına saxta profillərlə yanaşı, bir növ yalançı informasiya agentlikləri, tematik truplar və məşhur insanların, o cümlədən də müxalif siyasətçilərin və səhiyyə sistemi nümayəndələrinin adından yaradılan saxta səhifələr də daxildir.
- Avropa İttifaqı Rusiyanı koronavirus pandemiyası ilə bağlı kütləvi dezinformasiya kampaniyasında günahlandırır
- Gürcüstan hakimiyyətinin Facebook-da yüzlərlə feyk-səhifə ilə əlaqəsi aşkarlanıb
Aparılmış tədqiqata əsasən, Koka Kandiaşvilinin “Esperson” saytının Facebook-da adının müxtəlif variasiyaları ilə 8 səhifəsi və bu səhifələrin ümumilikdə 40 000 abunəçisi olub. Orada əsas məqsədi hökumətyönlü informasiyaların yayılması və müxalif partiyaların, ictimai fəalların və yerli QHT-in nüfuzdan salınması olan materiallar dərc edilib.
Facebook həmçinin məhz müxalifət nümayəndələrinə hücum məqsədilə yaradılan bir neçə səhifəni də bağlayıb.
Eyni şəbəkə Gürcüstanda məşhur olan insanların adından yaradılmış saxta səhifələrdən də istifadə edib. Məsələn, COVID-19 epidemiyasından sonra Gürcüstan əhalisinin xüsusilə etibar etdiyi həkimlərin adından səhifələr yaradılıb. Onlardan biri Birinci Universitet Klinikasının direktoru Levan Ratianinin adından yaradılan saxta səhifədir. Tədqiqat müəlliflərinin fikrincə, bu, daha böyük auditoriyanı cəlb etmək, sonra isə bu səhifədən dezinformasiya yaymaq üçün istifadə etməkdən ötrü edilib.
Koka Kandiaşvili və onun media-portalı ilə əlaqəli olan saxta səhifələr arasında keçmiş baş nazir Vano Merabişvili adından açılmış feyk səhifə də olub. “Merabişvilinin səhifəsində” dərc olunan paylaşımların birində deyilirdi ki, o, artıq siyasətlə məşğul olmaq niyyətində deyil. Tədqiqat müəllifləri hesab edirlər ki, səhifə sahiblərinin ehtimal olunan məqsədi Merabişvilinin fəaliyyətinə mane olmaq və tərəfdarlarını yanıltmaqdır.
Şəbəkənin yaratdığı 269 səhifə “informasiya agentliyi” statusunu istifadə edib və əsasən hökumətyönlü və müxalifət əleyhinə materiallar dərc edib.
Facebook “Espersona” saytının materiallarını, o cümlədən də hökumətyönlü və müxalifətə qarşı olan “informasiya agentliklərinin” materiallarını yayan 99 “etibarsız” qrup üzə çıxarıb.
Qruplar həm real istifadəçilər, həm də feyk profillər və səhifələr tərəfindən idarə olunub.
Facebook “Espersona” şəbəkəsinin Instagram-dakı 43 akkauntunu bağlayıb, onlardan bəziləri hakim partiyanı dəstəkləyən materiallar dərc etməklə yanaşı kosmetika və kulinariya ilə bağlı paylaşımlar da edirmiş
Facebook-un məlumatına əsasən, şəbəkə reklama 30 000 dollar pul xərcləyib.
Koka Kandiaşvili kimdir?
“Espersona” “Gürcü arzusu” iqtidar partiyasının piar məsləhətçisi Koka Kandiaşvilinin rəhbərlik etdiyi informasiya agentliyidir. Hazırda onun şəxsi profilini artıq Facebook-da tapmaq mümkün deyil.
2012-ci ildən 2013-cü ilə qədər Bidzina İvanişvili (milyarder, hazırda “Gürcü arzusu” partiyasının sədri) baş nazir olduğu zaman Koka Kandiaşvili baş nazir dəftərxanasının kommunikasiya şöbəsinə rəhbərlik edib. 2013-cü il dekabrın 13-də o, ictimaiyyətlə əlaqələr üzrə dövlət müşaviri olub.
Gürcüstan mediasında gedən bir neçə informasiyaya əsasən, Kandiaşvili “trol fabrikinə” rəhbərlik edir. Kandiaşvilinin özü bunu inkar edir və bildirir ki, hətta “trol” və “bot” sözlərinin mənasını belə bilmir.
Facebook onun keçmiş həyat yoldaşı Nona Kandiaşvilinin profilini də silib. O, 2012-2017-ci illərdə hökumət dəftərxanasının mətbuat xidmətinin rəhbəri olub, daha sonra isə Tbilisi meriyası və şəhər şurasının ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib. Nona Kandiaşvili həmçinin “Gürcü arzusu” partiyasının donorlarından biridir.
Facebook müxalifətlə əlaqəli olan şəbəkəni də üzə çıxarıb
Facebook ən populyar müxalif partiya – “Vahid Milli Hərəkatla” bağlı olan 80 səhifə, 23 fərdi akkaunt, 41 qrup və 9 Instagram akkauntunu silib.
Facebook-un bəyanatında qeyd olunub ki, şəbəkənin kontenti “yerli hadisələri və 2018-ci il seçkiləri, Gürcüstan Pravoslav Kilsəsi, hazırkı hökumətin pandemiyanı idarəetmə taktikasının tənqidi və sairə kimi siyasi məsələləri əhatə edib”.
Facebook qeyd edib ki, “Milli Hərəkatla” bağlı fəaliyyət “regionda şübhəli fəaliyyət araşdırmasının gedişatında” aşkarlanıb.
Partiyaların Facebook-un bəyanatına cavabı
İqtidar partiyası Kaka Kandiaşvili ilə istənilən əlaqəsini inkar edir və bildirir ki, Kandiaşvilinin agentliyinin və Facebook-dakı qrupların “Gürcü arzusu”na heç bir aidiyyatı yoxdur.
Parlament çoxluğunun liderlərindən biri Mamuka Mdinaradzenin sözlərinə görə, Koka Kandiaşvili sadəcə hakim partiyanın tərəfdarıdır.
Onun sözlərinə görə, Kandiaşvili 2023-2014-cü illərdən “müstəqil şəkildə sosial şəbəkələrdə işləyir”.
“Onun partiya ilə heç bir razılığı olmayıb, tapşırıq da almayıb”, – Mdinaradze deyib.
“Vahid Milli Hərəkat” da təbliğat şəbəkəsi ilə hər hansı əlaqəsini inkar edib.
“Vahid Milli Hərəkat tanınmayan səhifələri idarə etməyib, etmir, gələcəkdə də bunu eləməyi planlaşdırmır. Bizim üçün belə yollarla siyasət yürütmək qəbuledilməzdir”, – partiyanın bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, Gürcüstanda yalan informasiya və nifrətin qızışdırılması mənbələri Rusiya Federasiyası və “Gürcü arzusu”dur.
Bu, Facebook-un Gürcüstanda sosial şəbəkədə etibarsız və koordinasiyalı fəaliyyətlə bağlı olan səhifələri və akkauntları sildiyi ilk hal deyil. 2019-cu il dekabrın 20-də Facebook “Gürcü arzusu” və “Panda” təşkilatının reklamı ilə əlaqəli olan 396 akkaunt və səhifəni silmişdi.