Oktyabrın 22-də səhər saat 4-də Gürcüstanda öncəki gün gündüz hərbi geyimli silahlı naməlum şəxs Zuqdidi şəhərində (Gürcüstanın qərbi) bank şöbəsini ələ keçirdiyi zaman başlayan xüsusi əməliyyat sona çatıb.
Cinayətkar ümumilikdə 43 nəfəri – “Bank Georgia” şöbəsinin əməkdaşlarını və müştərilərini girov götürüb. Şahidlər bildirirlər ki, onun əlində qumbara olub.
Cinayətkar girovlar vasitəsilə Gürcüstan teleşirkətləri ilə əlaqə yaradıb və öz tələblərini bildirib – o, yarım milyon dollar, danışıqlar üçün hakimiyyətdən silahsız bir nəfər və təhlükəsizlik qarantiyası tələb edib.
20.30-a qədər girovlardan üç nəfər azad edilib.
Uzun sürən danışıqlar nəticəsində Sameqrelo-Zemo Svaneti regionunun polis rəisi Avtandil Qaldava girovları əvəz edib. 22:00-a yaxın Qaldava və üç girov cinayətkarla birlikdə bank binasını tərk ediblər.
Bu üç girovlardan biri Laşa Şenqeliya “Rustavi-2” telekanalına danışıb ki, cinayətkar onları tanımadığı qaranlıq bir yerdə buraxıb və maşına oturaraq həmin yerdən uzaqlaşıb. Şahid bir daha təsdiqləyib ki, şəxsin əlində qumbara olub.
Cinayətkarın polisdən aldığı yarım milyon dollarla hara getdiyi məlum deyil, axtarış davam edir.