Gürcüstanda Avropa modeli üzrə islahatlar keçirildi, amma mentalitetlə də məşğul olmaq zamanıdır
Foto: Diana Petriaşvili
İldə bir neçə dəfə Gürcüstandan olan xəbərlər BBC və CNN saytlarında əsas başlıqlara çevrilir, Gürcüstanda baş verən hər hansı sensasion hadisə də burada “Çətin ki, əvvəllər nə vaxtsa bu ölkə haqqında eşitmisiz” üslubunda verilir.
Adətən bu, Gürcüstanda turizmə görə cavabdeh olan qurumları sevindirən materiallardır: geniş Qara dəniz çimərliklərinin və ölkənin şimalında qarlı dağ zirvələrinin mənzərələri bilikli qərbli turistləri valeh edən və qürurlu gürcü vətənpərvərlərinin rəğbətini qazanan tarixi faktlarla müşayiət olunur.
Amma elə həmin mətbu orqanlarında dərc olunan digər materiallar çox güman ki, Gürcüstan hökumətində eyni dərəcədə həm xəcalət, həm də narazılıq hissi oyadır. Bu materiallarda söhbət Rusiya ilə 2008-ci ildə baş verən müharibə kimi siyasi böhranlardan və ya 2015-ci ildə baş verən daşqın kimi təbii fəlakətlərdən getmir, burada söhbət kökü gürcü mədəniyyətində olan ciddi problemlərdən gedir.
Erkən nikahlar; epizodik (amma getdikcə artan) qız qaçırma halları; Stalin kultu; LGBT üzvlərinə və onların tərəfdarlarına qarşı zorakılıq – bütün bunlar Gürcüstanın beynəlxalq reputasiyasının möhkəmləndirilməsinə xidmət etmir.
Amma əgər əvvəllər Qərb bunu ümumilikdə xristian dəyərlərini üstün tutan və kommunizm dövründən sonra özünə gəlməyə başlayan kiçik və o qədər də tanınmayan Şərqi Avropa xalqının davranış problemi kimi izah edirdisə, Gürcüstanla Aİ ölkələri arasında vizasız rejim tətbiq ediləndən sonra vəziyyət dəyişdi, çünki bu, ona həmin ittifaqın tam üzvlüyünə yolunu açır.
Gürcülərin mədəniyyət məsələlərinə gərgin münasibəti məlumdur. Buna görə də təəccüblü deyil ki, artıq populyarlığı azalmaqda olan hökumət Gürcüstana Avropaya mənəvi (və deməli siyasi) baxımdan birləşməyə mane olan problemlərə toxunmamağa çalışır.
“Gürcü arzusu” hökuməti tərəfindən son dörd il ərzində həyata keçirilən islahatlar Avropa İttifaqının dəyərlərinə cavab verir. Amma onların həyatda tətbiqi çətinliklərlə üzləşdi.
Ötən il baş nazir Kvirikaşvili bildirib ki, Gürcüstanda təhsil sistemi gürcü modelinə uyğun olmalıdır. Axı Almaniyada təhsil sistemi ona görə yaxşıdır ki, alman əmək etikasının nümunələrinə cavab verir.
Gürcüstanda həm yerli, həm də xarici müəllimlər tez-tez şikayət edir ki, hətta yuxarı kurs tələbələri belə onlara daha yüksək qiymət yazmağı tələb edir, açıq-aşkar tələbə yoldaşından köçürürlər, aşağı qiymət alanda da valideynlər işə qarışır. Bunu Almaniyada və ya istənilən başqa qərb ölkəsində təsəvvür etmək mümkün deyil. Buna görə də gürcü tələbələrin mentalitetinə təsir etmədən, sadəcə alman modeli üzrə təhsil sisteminin tətbiqi heç nəyi dəyişməyəcək.
Bu, hərbi islahatlara da aiddir. Gürcü ordusu Qərb analoqları səviyyəsində təchizatı ilə fəxr edir. Amma hərbi xidmətə münasibəti dəyişmək üçün az iş görülüb – cəmiyyətdə bunu başqa heç nəyə qadir olmayanların peşəsi hesab edirlər.
İl ərzində ləğv edilən və bərpa olunan çağırış insanlarda nifrət və qorxu hissi oyadır. O, Rusiyanın müdaxiləsinə qarşı durmağa hazır olan peşəkar əsgərlər hazırlamaq, eyni zamanda da çağırışçılarda hərbi xidmətə qarşı pozitiv hisslər oyatmaq iqtidarında deyil. Açıq-aşkar çağırışla xidmət etməkdən qaçmaq da gürcü vətənpərvərliyi ilə heç cür üzləşmir.
Xariciləri ən çox təəccübləndirən isə yetkinlik yaşına çatmayan qızların ailə qurması faktlarıdır. Qanunvericiliklə bunun qarşısını almaq cəhdləri həvəssiz həyata keçirilir: 18 yaşına qədər nikah qadağandır, amma 16 yaşda da valideynlərin razılığı ilə bu, mümkündür. Bu zaman yeniyetmə qızın öz ailəsində məruz qaldığı təzyiq nəzərə alınmır, xüsusən də paytaxtdan kənarda vəziyyət elədir ki, burada valideynlərin razılığından deyil, onlar tərəfindən məcbur etmədən danışmaq lazımdır.
Bakirəlik isə Gürcü pravoslav kilsəsinin dindarlarının gözündə elə bir dəyərdir ki, nikahdan əvvəl əlaqə erkən nikahın xeyrinə arqument kimi nəzərdən keçirilir, çünki gələcək namizədlərin “xarab olmuş maldan” imtina edəcəklərindən qorxurlar.
İllər uzunu Gürcüstanın həm dünyəvi, həm də dini hakimiyyəti hesab edirdi ki, Gürcüstanda baş verənlər ölkənin hüdudlarından xaricdə müzakirə predmetinə çevrilməməlidir. Amma Gürcüstan hökuməti üçün həmin vaxtlar arxada qalıb. Gürcüstan dəyərlər baxımından nöqsansız olmalıdır. Gürcü cəmiyyətinin müəyyən neqativ problemləri həll olunmasa, Trampın dövründə Amerika-Rusiya münasibətlərində istiləşmə baş verərsə, Gürcüstan özünün əsas havadarının diqqətini itirə bilər. Başı öz problemlərinə qarışan Avropa İttifaqı isə daha təmkinli mövqe tuta bilər.
LGBT cəmiyyəti üçün bərabər hüquqlara qarşı aksiya Gürcüstan pravoslav kilsəsinin ruhaniləri və dindarları tərəfindən təşkil olunub keçirilmişdi. Kefli lümpenlərin kor-təbii çıxışı daha çox fanatiklərə xas olan qeyzlə hərəkət edən keşişlərin çıxışından daha yaxşı görünə bilərdi.
Gürcüstanın Avropa İttifaqına daxil olması barədə düşünən istənilən avropalı dərhal Amsterdam, Paris və ya Berlində bir qrup gürcü kişisiylə gey cütlük arasında görüş zamanı nələrin baş verə bildiyini təsəvvürünə gətirir.
Digər tərəfdən, yetkinlik yaşına çatmayan qızla evlənən kişilər Avropada pedofiliya ittihamı ilə uzun müddət həbsə düşəcəklər, azadlığa çıxandan sonra isə illər ərzində polisdə seksual zəmində cinayət törədən şəxslər kimi qeydiyyatdan keçəcəklər.
Amma ümid qalır. Bu həftə hökumət şəhərin çirklənməsinə görə cərimələr barədə elan edib. Deyildiyinə görə, siqaret çəkmə qadağası da bir neçə il sonra qüvvəyə minəcək. Aydındır ki, ən əsas problemlər bu deyil, necə ki, hökumətin sosial ənənələr probleminə ehtiyatlı yanaşması kimi. Zibilə görə cərimələr və ictimai yerlərdə siqaret çəkmək qadağası dənizdə bir damladır. Amma bu, yenə də irəliyə atılan bir addımdır.
Tim Oqden, Tbilisidə yaşayan britaniyalı jurnalist