29 aprel səhər saatlarından etibarən etirazçılara və siyasi məhbuslara yardım edən fondun təsisçisi Nanuka Jorjoliani, müxalifətçi aktivist Mariam Badjelidze və “İnsan Hüquqları Mərkəzi”nin rəhbəri Aleko Tsxitishvilinin evlərində axtarışlar aparılır.
Vətəndaş cəmiyyətinin aktivistləri tərəfindən yayımlanan videoda prokurorların hər üç şəxsin evinə hakim qərarı əsasında daxil olduğu görünür. Aleko Tsxitishvilinin şəxsi əşyaları, o cümlədən telefonu müsadirə edilib. Nanuka Jorjoliani və Mariam Badjelidze isə axtarış zamanı canlı yayıma çıxmağı bacarıblar.
Nanuka Jorjolianinin canlı yayımı:
Mariam Badjelidzenin canlı yayımı:
Prokurorluq nümayəndələri Mariam Badjelidzeyə bildiriblər ki, hakim qərarı Gürcüstan Cinayət Məcəlləsinin 318 və 319-cu maddələrinə əsaslanır. Bu maddələr “diversiya” və “xarici dövlətə, xarici təşkilata və ya xarici nəzarətdə olan təşkilata düşmənçilik fəaliyyətində kömək etmək”lə bağlıdır.
Qeyd etmək lazımdır ki, yaxın zamanda “Gürcü Arzusu” partiyasının nümayəndələrindən ibarət təkpartiyalı parlament Cinayət Məcəlləsinə “dövlətə xəyanət” adlı yeni maddə əlavə edib. Bu maddəyə görə, “diversiya və xarici dövlətin düşmənçilik fəaliyyətinə yardım” artıq dövlətə xəyanət kimi qiymətləndiriləcək.
2025-ci il martın 17-də Gürcüstanda etiraz aksiyalarında iştirak etdiklərinə görə cərimələnmiş şəxslərə və siyasi məhbusların ailələrinə yardım göstərən fondların — “Nanuka Fondu”, “Nika Gilauri Fondu” və “Tbilisi İnsan Hüquqları Evi”nin bank hesabları dondurulub.
Prokurorluğun bəyanatında bildirilir ki, vəsaitlər “diversiya və düşmənçilik fəaliyyətinə yardım” istintaqı çərçivəsində həbs edilib.
Prokurorluq yazır ki, istintaq çərçivəsində “davam edən etirazlarla bağlı müxtəlif qanunsuz və bəzi hallarda cinayət xarakterli əməllər törətdiklərinə dair əsaslı şübhələr olan” hüquqi və fiziki şəxslərin bank əməliyyatları ətraflı şəkildə araşdırılıb.