Gürcüstanda aksiyanın on dördüncü günü. Təşkilatçılar taktikanı dəyişir
Artıq 14-cü gündür ki, Gürcüstan parlamenti qarşısında vətəndaş cəmiyyəti fəallarının təşkil etdiyi etiraz aksiyası səngimir.
Son üç gündə aksiya ilk günlərdə olduğu qədər çoxsaylı deyil, hərçənd təşkilatçılar yeganə tələbləri – daxili işlər naziri Giorgi Qaxariyanın istefası təmin edilməyənə qədər etiraz aksiyalarına son vermək niyyətində deyillər. Onların sözlərinə görə, etiraz yeni forma alacaq və “partizan taktikası” işə salınacaq – aksiya iştirakçıları naziri hər yanda izləmək və ona hər cür narahatlıq yaratmaq niyyətindədirlər.
___________________
İyulun 3-də ənənəvi vaxta çevrlmiş saat 19.00-da mitinq iştirakçıları yenidən parlament ətrafına toplaşacaqlar. “İşə gedirik” – onlar etiraz aksiyasını nəzərdə tutaraq zarafat edirlər.
Aksiyanın öz rəmzi də meydana gəlib – üzərində “20%” yazılmış gözə bağlanan qırmızı sarğılar. Yazı iyunun 21-də mitinqin anamsızca dağıdılmasını xatırladır və gözlərini itirmiş iştirakçılarla həmrəylik ifadə edir, həmçinin Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğuna işarı edir.
Tbilisidə aksiya niyə və necə başladı?
Tbilisidə etiraz aksiyası iyunun 20-dən başlayıb. Minlərlə insan küçələrə çıxıb ki, Pravoslav dünyası Parlamentlərarası Assambleyasına qatılan RF Dövlət Dumasının deputatı Sergey Qavrilovun Tbilisiyə gəlişinə etiraz etsin.
Parlamentin iclas zalında keçən assambleyanı spiker kürsüsündə əyləşən Qavrilovun rus dilində açması Gürcüstan vətəndaşlarının qəzəbinə səbəb olub.
Parlament binasının yaxınlığında minlərlə insan toplaşaraq, bir sual səsləndirib: “İşğalçı ölkənin deputatı Gürcüstan parlamenti spikerinin yerini tutmağa necə cəsarət edib?”
İyunun 21-də səhər tezdən xüsusi təyinatlı polis rezin güllə və gözyaşardıcı qaz tətbiq edərək aksiyanı dağıdıb. 200-dən çox insan zərər çəkib, iki nəfər gözünü itirib, bir nəfər başına aldığı rezin güllə travmasından sonra hələ də süni nəfəs aparatına qoşulu vəziyyətdədir. Aksiyanın dağıdılması ilə bağlı qərarı hakimiyyət müxalifət liderlərindən biri mitinqçiləri parlament binasını zəbt etməyə çağırandan sonra alıb.
İyunun 21-də gündüz Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib. İyunun 24-də hakimiyyət mitinqçilərin daha bir tələbini təmin edib – 2010-ci il parlament seçkiləri proporsional sistem üzrə keçiriləcək.
Hazırda aksiya iştirakçılarının əsas və yeganə tələbi DİN rəhbəri Giorgi Qaxariyanın istefasidir.
Aksiyalar başlayandan iki həftə sonra təşkilatçılar etiraz formasının dəyişdirilməsi haqda düşünüblər. Cümə axşamı iyulun 4-də parlament qarşısında konsert, şənbə günü iyulun 6-da isə Tbilisinin mərkəzində genişmiqyaslı yürüş baş tutacaq. Növbəti həftədən isə parlament binasının yanında “daimi iş yerləri” yaradılacaq.
“Hər axşam böyük monitorda Rusiya narrativi haqda filmlər nümayiş etdirəcəyik. Kitabların prezentasiyaları, müəlliflərlə görüş keçiriləcək. Müxtəlif ölkələrin təcrübısi haqda danışacaqlar”, – Azadlıq Radiosu ilə söhbətində aksiya təşkilatçılarından biri, jurnalist Qiqa Makaraşvili bildirib.
Onun sözlərinə görə, etiraz mütləq rəngarəng olmalıdır və parlamentin ətraf ərazilərindən kənara çıxmalıdır.
“Daxili işlər naziri və digər vəzifəli şəxsləri harada olsalar da izləyəcəyik. Aksiya ilə paralel olaraq partizan taktikasından yararlanacağıq”, – Makaraşvili deyir.
Aksiya təşkilatçıları kimdir?
Aksiyanın təşkilatçısı bir nəfər deyil. 30 nəfərə qədər gəncdir – uğurlu media menecerlər, prodüserlər, həkimlər, hüquqşünaslar, sosial media menecerləri, jurnalistlər, tələbələr. Artıq iki həftədir ki, onlar normal ritmdə yaşamır. Hər gün axşam saat 7-də aksiyaya gəlirlər, buna qədər isə görüşlər təşkil edir, təşkilati məsələləri həll edirlər.
Onlar gizlətmirlər ki, müxtəlif siyasi partiya nümayəndələri ilə məsləhətləşirlər, amma bununla belə bildirirlər ki, gündəmi və tələbləri özləri müəyyən edirlər və yalnız bu gündəmi qəbul edən siyasətçilərlə əməkdaşlıq edirlər.
“Biz hesab edirik ki, hakimiyyət bizimlə poker oynayır. Gözləyirlər ki, kim birinci gözünü qırpacaq. Hakimiyyət bilir ki, Giorgi Qaxariya getməlidir, çünki toksik siyasətçiyə çevrilib. O legitim deyil”, – aksiya təşkilatçılarından biri, Forbes Georgia jurnalının redaktoru Şota Diqmelaşvili “Netqazeti” nəşrinə müsahibəsində bildirib.
Təşkilatçılardan digəri, prodüser Mişa Mşvildadze güman edir ki, iki həftəlik etiraz aksiyası vətəndaş cəmiyyətinə dəyişikliklərlə bağlı ümid və inam gətirib.
“Bizim üçün prinsipial olaraq vətəndaş cəmiyyətinin belə aksiya təşkil etməsi vacibdir. Düzdür, siyasi partiyalar da təmsil olunub, amma onlar liderlər sırasında yoxdurlar. Vətəndaş cəmiyyəti imkan verməyəcək ki, mənim söz açdığım inam sönsün”, – o bildirib.
Aksiya təşkilatçılarının sözlərinə görə, etirazın hansı formanı almasından asılı olmayaraq, tələb olduğu kimi qalır:
“Formalar müxtəlif olacaq. Aksiyalar da fərqlənəcək, amma yalnız hakimiyyətlə danışıqlar olmayacaq”.
Hakimiyyətin cavabı və taktika
Hakimiyyət aksiya iştirakçılarının tələbini yerinə yetirmək niyyətində deyil. Üstəlik hökumət nümayəndələri və parlament çoxluğu bildirir ki, mitinqi dağıtmaqla Qaxariya müxalif Milli Hərəkatın planlaşdırdığı inqilab ssenarisinin həyata keçirilməsinin qarşısını alıb.
Aksiya təşkilatçıları bildirirlər ki, hakimiyyət mütəmadi mitinqdı iştirak edən insanları təqib etməyə başlayıb. Mitinqdə çıxış edənlərdən minimum ikisi sadəcə mitinqdə iştirak etditləri üçün işlərindən olduqlarını deyib.
Onlardan biri təmizlik işçisi Teymuraz Cimşelaşvili, digəri isə Qldan üzgüçülük hovuzunun əməkdaşı Qiya Tsotsoriyadır.
Bunadn başqa, aksiya təşkilatçıları və iştirakçılarına qarşı ciddi internet kampaniya aparılır. Facebook-un Gürcüstan seqmentində aksiya təşkilatçılarına qarşı video və məqalələrin sayı artıb. Onlara qarşı mübarizə kampaniyanı xatırladır və mütəşəkkil xarakter daşıyır. Bunu “Ədalətli seçkilər” qeyri-hökumət təşkilatının apardığı tədqiqatın nəticələri də təsdiqləyir. Hakimiyyətin taktikası aksiya təşkilatçılarının, orta yaş hədləri 30 olan gənc fəalların Milli Hərəkatın təsiri altındaymış kimi göstərilməsidir.
Hakimiyyət həmçinin parlament ətrafında baş verən hadisələri elə təqdim etməyə çalışır ki, guya bu aksiyalar gənclərin ümumi etirazı deyil, sadəcə hakimiyyətlə dialoqa gedən və konstruktiv tənqidlə çıxış edən kiçik bir qrup gəncin aksiyasıdır.
Baş nazir Mamuka Baxtadze artıq hakimiyyətin “hökumətin himayəsi altında” olacaq “Gənclər platformasını” yaratmağa hazırlaşır.