Gürcüstan yol qəzalarına müharibə elan edir
DİN təşəbbüsünə görə, Gürcüstan qanunvericiliyi yerli avtomobil sahibləri üçün çox ağrılı, amma yollarda təhlükəni xeyli azaldan bir sıra dəyişikliklərə məruz qala bilər. Əsas planlaşdırılan dəyişikliklər və onların vacibliyinin izahı aşağıdakı kimidir
Sağ sükanlı avtomobillər
Onların idxalı məhdudlaşdırılır
Bu məhdudiyyət 2016-cı ilin mart ayından qoyulur və bu indi Gürcüstanda rast gəlinən bütün sağ sükanlı avtomobillərə deyil, onların qeydiyyatına qadağa qoyulması deməkdir. Yəni bu il yox, gələn il sağ sükanlı ucuz maşın almağı planlaşdıranların bəxti bağlanır. Sağ sükanlı avtomobillər indiyə qədər Gürcüstanda çox populyar idilər – onlar yerli maşın bazarında təqdim olunan bütün assortimentin yarısını təşkil edir. Avropa ölkələrində bu göstərici, adətən, 10 faizdən çox olmur. Dəyişikliklərin təşəbbüskarları hesab edirlər ki, sol hərəkətli ölkədə sağ sükanlı avtomobillərin belə böyük sayı olduqca təhlükəlidir.
Gizli patrul
Təşəbbüs bir mənalı olmasa da, maraqlıdır: avtomobil hərəkətinə üzərində fərqləndirici polis nişanları olmayan xüsusi polis maşınları nəzarət edəcək. Yəni polis hərəkəti yük maşını, çörək daşıyan maşın, ya da məktəb avtobusu adı altında patrul edəcək və bütün pozuntuları qeyd edərək, pozucunun poçtuna cərimə və yol verilən pozuntunun ətraflı təsvirini göndərəcək. Daxili işlər nazirinin müavini Şalva Xutsişvili JAMnews-a bunun nə üçün lazım olduğunu anlatdı: “Misal üçün, sürücülər artıq çoxdan radarların quraşdırıldığı yerləri bilirlər və onlara yaxınlaşdıqda sürəti azaldırlar [baxmayaraq ki, bütün qalan vaxtı amansızcasına pozuntulara yol verirlər]. Yeri gəlmişkən, biz bu radarları da daşınan etmək istəyirik. Bütün bunlar onun üçün lazımdır ki, sürücü ona ancaq video-kameranın altından keçdiyi, ya da polis maşını gördüyü vaxt nəzarət edildiyini düşünməsin. O, real olaraq istənilən vaxt nəzarət altında ola bilər.
Sürücülük vəsiqəsi almaq bir az daha çətin olacaq
Əsas çətinlik imtahanı meydançada deyil, şəhərdə vermək perspektivi sayılır. Yəni sürücülüyə namizəd 5-10 dərsə avtomobil təlimatçısından park etməyin, qalxma-enmə və qaraja girmənin əsas elementlərini öyrənmək əvəzinə, imtahan alana real hərəkətli şəhərdə sürməyə qadir olduğunu sübut etməli olacaq. Gürcüstanda bu, naşı sürücü üçün asan məsələ deyil, buna görə də meydançadakı imtahandan sonra sürücülük vəsiqəsi alan məsuliyyətli sürücülər şəhərdə maşın sürməyi yaxşıca öyrənmək üçün təlimatçıdan dərs almağı davam edirlər. Yeri gəlmişkən, heç də hamısı sonra maşın sürmürlər! Yollarda nələrin baş verdiyini görən xüsusilə həssas insanlar ümumiyyətlə sükan arxasına oturmaqdan vaz keçirlər.
“İndi konkret tarix göstərməyəcəm, amma bu, mütləq tətbiq ediləcək – bu, Gürcüstanın Avropa İttifaqı ilə assosiyasiya sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən biridir, – nazir müavini dedi.
Sürücülük vəsiqəsinin qüvvədə olma müddəti sizin necə sürücü olmanızdan asılıdır
Yanvarın 1-dən DİN yeni sistem tətbiq edir, ona əsasən bütün sürücülərə 100 bal verilir. Bu sistem aşağıdakı kimi işləyəcək: deyək ki, sürücü yol hərəkəti qaydalarını pozur. Patrul polisi ona yalnız cərimə kəsməyəcək, həm də müəyyən ballardan məhrum edəcək. Pozuntulara nə qədər tez-tez yol verilərsə və nə dərəcədə ağır olarsa, ballar o qədər tez xərclənər. Sürücülük vəsiqəsi sıfıra enən kimi, etibarsız sayılır. Təbii ki, sürücü yenidən vəsiqə almaq üçün imtahan verməli olur.
Bu dəyişikliklər həqiqətənmi lazımdır?
Sözsüz. Gürcüstanda avtomobil hərəkətinə aid bəzi statistik məlumatlara baxsaq, məlum olur ki, qaydalar xeyli daha sərt olmalıdır. “Təhlükəsiz yollar uğrunda alyans (Georgia Alliance for Safe Roads) aldanan gürcü təşkilatının statistikasına görə, təkcə ötən il Gürcüstanda yol qəzaları zamanı 500 nəfərdən çox həlak olub. Burada 100 min adamdan ən azı altısı qəzalarda ölür. Bu, Avropa göstəricilərindən iki dəfə çoxdur.
Gürcüstan sürücüləri piyadaya zolağın üstündə yol vermək kimi adi qaydalara riayət etmirlər. Sorğu edilən sürücülərin 76 faizi bunu etmədiyini etiraf etdi.
58 faiz mütəmadi olaraq yol hərəkəti qaydalarını pozduğunu boynuna aldı, 60 faiz sürücülər isə dedi ki, icazə veriləndən daha sürətlə sürürlər. Sorğu olunanların ancaq 28 faizi sürəti aşdığına görə cərimələnib.
Amma Gürcüstan piyadaları Gürcüstan sürücülərindən geri qalmır: sorğu olunan piyadaların 53 faizi yolu icazəsiz yerlərdə keçirlər.
Təhlükəsizlik, yollar, Gürcüstan, avtomobil idxalı