Gürcüstan xüsusi namizəddir. Bu gün Tbilisidə NATO-nun Parlament Assambleyası başa çatır
Qətnamədə nə var
Tbilisinin dörd gün ərzində ev sahibliyi etdiyi NATO-nun Parlament Assambleyası öz işini Gürcüstana dəstək qətnaməsi qəbul etməklə bitirib.
Qətnamənin tərkibində 19 maddə və burada deyilir ki, NATO Gürcüstanı onun seçdiyi avrointeqrasiya prosesində dəstəkləyir. Eyni zamanda qərnamədə həm Gürcüstan hakimiyyəti, həm NATO-ya üzv ölkələr, həm də Rusiyaya tövsiyyələr verilir.
Qətnamə alyansa üzv dövlətlərin hakimiyyətləri və parlamentlərini Gürcüstanın NATO-ya inteqrasiya prosesini təmin etməyə, Gürcüstana MAP-ın təqdim olunması üçün konkret addımlar atmağa, Gürcüstana siyasi və praktiki dəstəyi gücləndirməyə çağırıb.
Gürcüstan hakimiyyətinə tövsiyyədə hakim partiya ilə müxalifət arasında gərginliyi azaltmağın, hakimiyyətin məhkəmə qollarının möhkəmləndirilməsinin, media plüralizminin saxlanmasının vacibliyindən danışılır.
Rusiyanı isə assambleya öz silahlı qüvvələrini Gürcüstanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırıb.
Gürcüstan istisnadır
Dörd günlük Tbilisi NATO-nun siyasi mərkəzinə çevrildi: ölkəyə 600-ə yaxın qonaq, NATO-ya üzv və aspirant ölkələrin parlamentariləri gəldi.
Şimali Atlantika Alyansı tarixində bu, cəmi beşinci belə haldır ki, NATO-nun parlament Assambleyası təşkilata üzv olmayan dövlətdə keçirilir. Vaxtıykən tədbirlərə ev sahibliyi edən həmin o dörd dövlət hazırda NATO üzvüdür.
“Bu qeyri-adi bir haldır ki, assambleya alyansa daxil olmayan ölkədə keçirilir – NATO-nun Parlament Assambleyasının prezidenti Paolo Alli deyib. “Bu, bizim üçün istisnadır… Amma biz sevincliyik və Gürcüstana dəstək mənasında öz mövqeyimizi açıq bildiririk”, – deyə o bildirib.
İclaslar zamanı bir neçə vacib bəyanat səsləndirilib:
Alyansın qapıları Gürcüstan üçün açıqdır
Sessiya zamanı bir daha birmənalı şəkildə vurğulanıb ki, alyansın qapıları Gürcüstan üçün açıqdır.
NATO-nin baş katibinin müavini Rouz Qettemüller özünün assambleyanın sessiyasında çıxışı zamanı bildirib ki, Gürcüstan xüsusi bir aspirantdır və alyans Gürcüstanın demokratiyanın möhkəmləndirilməsi üçün göstərdiyi səyləri dəstəkləyir.
“Biz Gürcüstanın alyansın fəaliyyətinə töhfəsini yüksək qiymətləndiririk. Artıq Əfqanıstandakı gürcü kontingenti xatırlanıb. 35 hərbçi həlak olub. Bu, çox ağır bir bədəldir, amma Gürcüstan silahlı qüvvələrin müəyyən institusional səviyyəyə çatdırılması üçün işini davam etdirməlidir. Müəyyən islahatlar həyata keçirilməlidir”, – deyə Rouz Qettemüller bildirib.
Bu zaman Qettemüller Gürcüstanın NATO-ya üzv kimi qəbul edilməsi tarixinin proqnozlaşdırılmasının mümkün olmadığını da deyib: “Amma mən stimul, trayektoriyanı götrürəm, onlar pozitivdir”.
Rusiya təhdiddir
NATO-nun Parlament Assambleyası zamanı Gürcüstanın qarşısında duran təhdidlər mövzusuna da toxunuldu. Rusiyanın ünvanına kəskin bəyanatlar səsləndirildi:
NATO-nun Parlament Assambleyasının prezidenti bildirib ki, “Rusiya özünün rəsmi sərhədlərinə qayıtmalıdır”.
Assambleyanın vitse-prezidenti, Litva nümayəndə heyətinin rəhbəri Rasa Yunknyaviçenenin sözlərinə görə, Rusiya təkcə qonşu olkələr üçün deyil, həm də Qərb demokratiyası üçün də təhdiddir.
Elm və texnologiyalar komitəsinin sədri Filipp Vitel deyib ki, Rusiya təhdidi məsələsi mütəmadi olaraq müzakirələr formatına daxil edilir ki, bu da hamını narahat etməyə bilməz.
Alyans Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir
Mayın 27-də NATO-nun Parlament Assambleyasının prezidenti və üzvləri Duşeti rayonunun Odzisi kəndinə yollandılar. Odzisi Cənubi Osetiya ilə inzibati sərhəddə yerləşib, bu, Gürcüstan tərəfindən nəzarət olunan son yaşayış yeridir. Oradan Cənubi Osetiyadakı Rusiya hərbi bazaları yaxşı görünür.
“Səfərimiz simvolik xarakter daşıyır. Biz öz gözlərimizlə işğal olunmuş Gürcüstan ərazisində nələrin baş verdiyini görürük. Faciəvi bir vəziyyət görürük. Aydındır ki, yerli əhalinin problemləri var və təhlükəsizliklərinə təhdid şəraitində yaşayırlar”, – assambleyanın prezidenti Paolo Alli bildirib.
Onun sözlərinə görə, “Gürcüstana gələn NATO-nun Parlament Assambleyası Gürcüstan və alyansın çox yaxın olmasını və bizim ərazi bütövlüyü məsələsində Gürcüstanı qeyd-şərtsiz dəstəklədiyimizi nümayiş etdirir”.
- NATO-nun Parlament Assambleyasının dörd günlük sessiyası Tbilisidə mayın 26-da, Gürcüstanın müstəqillik günündə start götürüb və mayın 29-na qədər davam edib.