Gürcüstan və Rusiya – güc tətbiq edilməməsi haqda birgə bəyanat qəbul ediləcəkmi?
A
bxaziya və Cənubi Osetiya münaqişələrinin nizamlanması üzrə rutinə çevrilən Cenevrə danışıqları bu dəfə yalnız Gürcüstanda deyil, həm də Rusiyada qızğın müzakirələrin mərkəzinə gəlib.
Bir neçə gün əvvəl Rusiyanın XİN rəhbərinin müavini Qriqori Karasin “Kommersant” qəzetinə 2018-ci il 27-28 martda Cenevrədə keçiriləcək növbəti görüşdə “çoxdan gözlənilən irəliləyişin əldə olunması mümkündür” – danışıqların bütün tərəflərinin: Gürcüstan, Rusiya, ABŞ, Abxaziya və Cənubi Osetiyanın de-fakto hakimiyyətləri, o cümlədən də məsləhətləşmələrin həmsədrləri – Avropa İttifaqı, BMT və ATƏT-in imzalayacağı güc tətbiq etməmək haqda bəyanatın qəbul olunacağını deyəndən sonra səs-küy qopub.
Karasin bildirib ki, bu gözlənilən bəyannamə Abxaziya və Cənubi Osetiyanın statusu məsələsini əls etdirməyəcək və Cenevrə danışıqlarının iştirakçıları “sadəcə bir-birinə qarşı güc tətbiq etməkdən imtina haqda bəyan edəcəklər”.
Cavab bəyanatı demək olar ki, dərhal Tbilisidən, Gürcüstanın xarici işlər naziri Mixail Canelidzedən gəlib. O, İctimai Televiziyaya müsahibə verərək deyib ki, “heç nə imzalamaq planlaşdırılmayıb, bəyanatın mətni üzərində danışıqlar gedəcək”.
JAMnews nə isə imzalanacaq və ya bəyan ediləcəkmi intizarındaykən, bir neçə gürcüstanlı ekspertə üz tutaraq, hazırda baş verən prosesləri və olayların ön tarixçəsini şərh etmələrini xahiş edib. Ekspertlərin cavabları iki əsas mövzuda birləşdirilib:
Gürcüstanın maraqları nədən ibarətdir?
Rusiyanın maraqları nədən ibarətdir?
Güc tətbiq edilməməsi haqda saziş – Gürcüstanın maraqları nədən ibarətdir?
Müxalif “Avropa Gürcüstanı” partiyasından olan deputat Sergi Kapanadze:
“Çox əminəm ki, Gürcüstan bu mövzuda heç nə imzalamamalıdır. Biz artıq 2010-cu ildə güc tətbiq etməməklə bağlı üzərimizə öhdəlik götürmüşük. 2013-cü ildə belə bir öhdəlik Gürcüstan Parlamenti tərəfindən də qəbul edilib və hüquqi cəhətdən yerinə yetirilməsi məcburidir. İndi söhbət sadəcə Rusiyanın da öz üzrəinə analoji öhdəlik götürməsindən gedə bilər.
Suxumi və Sxinvali ilə hücum etməmək haqda saziş imzalamağın nə mənası var? Hətta onların satusu məsələsini kənarda qoysaq belə, biz məgər onlarən bizə hücum edəcəyindən qorxuruq? Gürcüstanın əraziləri işğal olunub və təhlükə doğuran təcavüzkardır. Məhz Rusiya zəmanət verməlidir – heç olmasa Gürcüstan kimi birtərəfli öhdəliklər elan etməlidir”.
Qriqol Robakidze adına Universitetin professoru Paata Zakareişvili:
“Bu cür saziş mütləq imzalanmalıdır. Amma məsələ ondadır ki, necə və kimlə? Təəssüf ki, indi mən bu məsələnin, üstəlik Rusiyanın səsləndirdiyi qəribə bəyanat fonunda irəliləməsi üçün heç bir imkan görmürəm.
Gürcüstan iki müxtəlif yanaşmanı ayırmalıdır: kiməsə güzəştə getmək lazım deyil, özünə lazım olan addımları atmaq gərəkdir. Eyni zamanda bu, abxaz və osetin tərəfləri ilə də danışıqlar, onlara nə lazım olduğunu aydınlaşdırmaq imkanıdır. Rusiyaya isə demək lazımdır ki, kənara “çəkilsin”.
Razıyam, amma hər şey bu qədər sadə deyil. Bu, bir tərəfdən Gürcüstan-Rusiya münaqişəsidir, digər tərəfdən isə gürcü-abxaz və gürcü-osetin münaqişələridir. Amma əgər Gürcüstan-Rusiya səviyyəsində heç nə alınmırsa, bəlkə heç olmasa, gürcü-abxaz və gürcü-osetin münaqişələri səviyyəsində hər hansı irəliləyişə nail olmaq mümkün olar.
Gürcüstan vaxtın uzanmasından, heç nə baş verməməsindən nə qazanır? Bəlkə biz siyasətimizi yenidən gözdən keçirməli, abxaz və osetin cəmiyyətləri üçün münasib olab hansısa xətti seçməli və bu nöqtədən addımlar atmağa başlamalıyıq?”
Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndəsi Nino Kalandadze:
“Əgər separatçı rejimlərin nümayəndələrinin şifahi bəyanatı səslənsə, bu, Gürcüstan tərəfinin onların müstəqilliyini tanıdığı və öz suverenliyindən imtina etdiyi anlamını verəcək. Ümid edirəm ki, bu məsələ heç nəzərdən belə keçirilməyəcək”.
Güc tətbiq etməmək haqda saziş – Rusiyanın maraqları nədən ibarətdir?
Müxalif “Avropa Gürcüstanı” partiyasından olan deputat Sergi Kapanadze:
“Rusiyanın bu hekayədə ənənəvi yeganə marağı Abxaziya və Sxinvalinin legitimləşdirilməsidir. Biz də nə olursa olsun, buna getməməliyik”.
“Qafqaz Evi” təşkilatının icraçı direktoru Giorgi Kanaşvili:
“Belə bir sənəd üzərində artıq bir neçə ildir ki, iş aparılır, amma kompromis əldə etmək mümkün olmur. Səbəblərdən biri Gürcüstanın sənədi yalnız Rusiya imzalayacağı təqdirdə imzalamağa hazır olmasıdır. Rusiya isə hər dəfə münaqişə tərəfi olmadığını bəyan edir. Əgər indi hər hansı sənədi hamı, o cümlədən də Rusiya imzalasa, bu, Moskvaya münaqişə tərəfi olmadığını, sənədi məsələn, ABŞ və beynəlxalq təşkilatlarla eyni səviyyədə imzaladığını təsdiqləmək imkanı verəcək”.
Gürcüstanın İctimai İşlər İnstitutunun Belnəlxalq Əlaqələr Proqramının rəhbəri Tornike Şaraşenidze:
“Rusiya aparıcı oyunçudur. Qafqazda onun hərbi bazaları yerləşdirilib, Moskvanın regiona təsir rıçaqları var. Buna görə də, Rusiyaya dəyişiklik lazım deyil, hazırkı status-kvoda özünü kifayət qədər rahat hiss edir”.
Qriqol Robakidze adına Universitetin professoru Paata Zakarieşvili:
“Məni Rusiya maraqlandırmır. Mən Gürcüstan vətəndaşıyam və məni yalnız Gürcüstan narahat edir. Əgər biz sadəcə Rusiya maraqları ilə üst-üstə düşdüyü üçün öz maraqlarımızdan imtina edəcəyiksə, bu yolverilməzdir, hətta cinayətdir. Odur ki, gəlin, öz maraqlarımızla məşğul olaq. Abxazlarla və osetinlərlə danışıqlar aparmaq bizim marağımızdadırmı? Əgər biz bunu Rusiya da istəyir deyə bundan imtina ediriksə, gəlin, hər şeyi onilliklər boyu olduğu kimi saxlayaq, amma bu durumda həmin xalqların getdikcə Gürcüstandan daha çox uzaqlaşmasına görə kim cavab verəcək?”
“Əlbəttə, Rusiya bütün dünyaya məsələyə aidiyyatlarının olmadığını göstərmək istəyir, amma bu, heç də Rusiyanın aidiyyatının olmadığının qəbulu demək deyil. Gürcüstan Rusiya ilə düşmən dövlət kimi danışıq aparmalıdır, Abxaziya və Sxinvali isə Gürcüstanın regionlarıdır və onlarla öz regionlarımız kimi danışmaq lazımdır. Bütün beynəlxalq təşkilatlar bildirirlər ki, Gürcüstan danışıqların bu müxtəlif səviyyələrini görməlidir”.
• Gürcüstan Rusiya ilə diplomatik əlaqələrini 2008-ci ilin avqustunda, Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyandan sonra kəsib. O zamandan bəri Gürcüstan və Rusiya arasında dialoq sadəcə iki formatda mövcuddur: Cenevrə danışıqları və tərəflərin xüsusi nümayəndələrinin – Tbilisi tərəfdən Zurab Abaşidze, Moskva tərəfdən isə Qriqori Karasin – mütəmadi görüşləri.
• Güc tətbiq etməmək haqda bəyanatın/sazişin mətni üzərində iş 2012-ci ildən başlayıb. Bir müddət əvvəl Gürcüstanın baş naziri Cenevrə müzakirələrinin formatını yüksəltmək üçün şəxsən bu danışıqlara qoşulmağa hazır olduğunu bildirib və RF rəhbərliyini də bu istiqamətdə addım atmağa çağırıb.