Oktyabrın 23-də Tehranda Ermənistan, Azərbaycan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə 3+3 formatında görüş keçiriləcək. Gürcüstan Xarici İşlər Nazirliyindən İnterpress-Novosti-yə verilən məlumata görə, Gürcüstan bu görüşdə iştirak etmək istəmir.
“3+3” formatı nə deməkdir?
Cənubi Qafqazda “davamlı sülh və sabitliyin təmin edilməsi üçün yeni regional əməkdaşlıq platforması” və ya “3+3” ideyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. O, 2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra bu təşəbbüslə çıxış edib.
Yeni formatda ilk görüş 2021-ci ildə Gürcüstansız keçirilib, baxmayaraq ki, ilkin ideya onun iştirakını nəzərdə tuturdu. Ərdoğanın ideyasına görə, “3+3” formatında keçiriləcək görüşlərdə Türkiyə, Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya və İran hökumətləri iştirak etməli idi. Türkiyə prezidentinin sözlərinə görə, Qafqaz regionunda sülhün bərqərar olması regional əməkdaşlıq vasitəsilə mümkündür və bütün planetin xeyrinə olacaq.
Əvvəlcə rəsmi Tiflis bildirib ki, Gürcüstan “ölkə regionda öz funksiyasını itirməmək üçün hansısa formada iştirak etməlidir”, lakin hələlik Gürcüstan bunu etməyib.
2023-cü ilin martında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, rəsmi Tbilisi hələ də 3+3 formatına qoşulmağı düşünür. Bu bəyanat qərbyönümlü Gürcüstan siyasi partiyaları və vətəndaş sektoru arasında kəskin reaksiyaya səbəb oldu, çünki onlar Gürcüstanın anti-Qərb platformalarına daxil edilməsinin qəti əleyhinədirlər.