Gürcüstan vətəndaşları Avropada – vizasız və sığınacaqsız
Berlinin rayonlarından birində, parklar, yaşıllıq və çox sayda villalar arasında dünyanın bir çox ölkələrindən gələn və Almaniyada özünə sığınacaq tapan qaçqınların yaşadığı iki korpus gizlənib. Yataqxananın qarşısında məni Kaxa gözləyir (ad dəyişdirilib). Yataqxanaya girmək üçün girişdə mühafizədə qeydiyyatdan keçmək lazımdır, hər mərtəbədə də nəzarətçilər var. Üçüncü mərtəbəyə qalxırıq, balaca bir otağa daxil oluruq, burada hər şey var: çarpayı, masa, yazı masası, həm də kiçik hamam otağı ilə ayaqyolu. Süfrədə meyvə var.
Gürcüstandan olan 27 yaşlı qəhrəmanımız burada 2017-ci ilin noyabr ayından yaşayır. Kaxa geydir. Onun sözlərinə görə, bunu 10 yaşında olanda anlayıb, həmin vaxtdan da bilirdi ki, təəssüf ki, Gürcüstanda yaşaya bilməyəcək. Kaxa vizanın liberallaşdırılması rejimindən istifadə edib, taleyini sınamaq və Avropada özünə sığınacaq tapmaq istəyənlərdən biridir.
Kutaisi-Berlin marşrutuyla bilet alıb, Almaniyaya gələndən sonra da sığınacaq üçün müraciət edib. Hazırda əlinə ayda 109 avro verirlər. Otağı var, yemək pulu və Berlində gediş haqqı ödənilir. Kaxa bir müddət əvvəl alman hökuməti tərəfindən maliyyələşdirilən alman dili kurslarına getməyə başlayıb. Həyatı yavaş-yavaş düzəlir.
“Gürcüstanda daima diskriminasiya ilə üzləşmişəm, işdən qovulurdum. Sonuncu dəfə ofisiant işləyirdim, növbəti mübahisədən sonra da mənə dedilər ki, onlara mənim kimilər lazım deyil. Bir dəfə də restoranda kefli müştəri məni döydü, özü də elə döydü ki, çənəm sındı, xəstəxanalıq oldum”, – Kaxa danışır.
Deyir ki, seksual oriyentasiyasına görə diskriminasiyadan qaçıb.
“Bizim də layiqli yaşayışa haqqımız var. Ədliyyə nazirimiz isə ölkədə ayrı-seçkiliyin olmadığını, hər şeyin yaxşı olduğunu deyəndə yalan danışır. Öz ölkəmdə yaxşı yaşasaydım, öz ailəmin yanında qalmaq istəyərdim. İndi rahat yata, yeyə bilirəm, bu günkü günü yaşadım, heç kim məni təhqir eləmədi, döymədi, heç kim mənim sirrimi bilmədi, deyib düşünmədən yaşaya bilərəm… Burada mən rahat nəfəs ala bilirəm”.
Kaxanın vətəni tərk etməyə daha bir səbəbi varıydı – o HİV-ə yoluxub və Berlinə gəldiyi vaxt onda vərəm xəstəliyi aşkar olunub. İndi böhran arxadadır, sığınacaq üçün müraciət etdiyi ilk gündən ona ixtisaslı tibbi yardım göstərilib və bu günə qədər də göstərilir.
Viza rejiminin liberallaşdırılması və fəsadları
Avropa İttifaqının Gürcüstan vətəndaşlarına sərhədlərini açdığı gündən bir ildən bir az çox vaxt keçib. Bununla belə, viza rejiminin liberallaşdırılması prosesi Avropa yoluna layiq olduğunu sübut etməyə çalışan ölkə üçün çətin imtahan olaraq qalır.
28 mart 2017-ci il tarixindən Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrində 180 gün ərzində 90 gün qalmaq haqqı var.
Vizasız rejim Gürcüstanın bir çox vətəndaşlarının həyatını yüngülləşdirdi. Artıq bir ildən çoxdur ki, sadəcə bilet alıb, Avropanın istənilən ölkəsinə (İrlandiya və Böyük Britaniyadan başqa) getmək olar. İstirahətə getmək, qohumlarına baş çəkmək, tədbir və konfranslarda olmaq xeyli daha asanlaşıb.
Amma eyni zamanda da Gürcüstan Aİ ölkələrinə humanitar mühacirlər verən on lider ölkədən biri olub.
Faktlar:
2018-ci ilin yanvar ayında Gürcüstan vətəndaşları Avropa İttifaqı ölkələrində sığınacaq üçün 1,748, 2018-ci ilin fevral ayında 1,650, mart ayında 1,613 ərizə veriblər (müqayisə üçün, 2016-cı ilin mart ayında 541, 2017-ci ilin mart ayında isə 753 ərizə verilib).
Almaniyanın Miqrasiya və Qaçqınların Məsələləri üzrə Federal İdarənin (BAMF) məlumatına görə, 2017-ci il ərzində Gürcüstan vətəndaşları tərəfindən 3,462 ərizə verilib. Gürcüstan vətəndaşlarının qaçqın statusu almaq üçün müraciət edən ölkələrin top onluğuna daxil olub. 2018-ci ilin yanvar ayından marta qədər 1,633 ərizə verilib. Bununla da Gürcüstan Eritriya (1,839) və Somali ilə (1,360) qonşuluq edir.
Amma son məlumatlara görə, 2018-ci ilin yanvar ayından may ayına qədər Gürcüstandan ərizəçilərin sayı dayanmadan azalır və may ayında cəmi 174 ərizə təşkil edir.
Gürcüstan vətəndaşları tərəfində verilən ərizələrin uğur kvotası böyük deyil – ərizələrin 2 faizdən azı qəbul edilir.
Vətəni tərk etmək və sığınacaq üçün müraciət etmək qərarına gələn hər bir insanın tarixçəsi fərdidir. Bunu niyə etdiyini ancaq onun özü bilir. Amma qəhrəmanlarımızın hekayələrində ümumi tendensiyaları da görmək olur. Diskriminasiya və ya təqiblərlə bağlı şikayətlərdən başqa, əsas səbəblər Gürcüstanda səhiyyənin çatımlı olmaması və sadəcə yoxsulluqdur.
Mühacirləri həm də tarixinə görə ayırmaq olar: viza rejiminin liberallaşdırılması haqqında qərara qədər və ondan sonra.
60 yaşlı Bondo Pipiaya bir vaxtlar Karl-Marks-Ştadt adlanan Kemniç şəhərinin onkoloji xəstəxanasında baş çəkdik, burada o xərçəngdən müalicə alır. Bu yaxınlarda ona kimya terapiyası ediblər. Abxaziyadan qaçqındır, 25 ildən çox stabil işi və gəliri olmadan Poti liman şəhərində yaşayıb.
Dövlətdən müalicə üçün maliyyə dəstəyi almağa çalışsa da, alınmayıb. Yerli hakimiyyət tərəfindən ayrılan pul çatmayıb. Olan hər şeyini satıb, min lariyə yaxın pul yığıb (2500 dollar), amma bu da kifayət etmirdi. Onda da son addıma əl atıb.
“2017-ci ilin aprel ayında Avropaya getmək qərarına gəldim. Artıq yarımcan idim, əllərim əsirdi. Dortmunda tək gəldim. Orada avtobusa mindim, adamları bacardığım qədər sorğu-sual etdim, rastıma rus dilini bilən qadın çıxdı, Kemnisə getməyi məsləhət gördü, çünki orada rusdillilər çoxdur”, – Bondo danışır.
Burada əvvəlcə qaçqın sığınacağına düşür, müayinədən sonra onu xəstəxanaya yerləşdirirlər. Bu, onu xilas edir, Bondonun sözlərinə görə, Gürcüstanda hələ yeddi ay əvvəl bu dünyada yoxuydu. Buna görə də Almaniyaya çox minnətdardır:
“Həmişə deyirəm ki, bir vətənim Abxaziya, ikincisi isə Kemnisdir. Burada ikinci dəfə dünyaya gəldim”.
Bondo deyir ki, müalicə bitəndən sonra vətənə qayıtmağa hazırlaşır.
Bondodan fərqli olaraq, 40 yaşlı Giorginin (ad dəyişdirilib) qayıtmaqla bağlı planları yoxdur, çünki yeniyetmə olan oğlunun sağlamlığı alman səhiyyəsinin əlindədir. Oğlunun anadangəlmə xəstəliyi var, böyüdükcə də vəziyyəti ağırlaşıb. Giorgi oğlu ilə birlikdə 2016-cı ilin axırlarında turist vizası ilə Almaniyaya gəlib və sığınacaq istəyib.
“Yoldaşım məktəb müəllimidir, mənsə rəngsazam, təmir işləri görmüşəm. Amma uşağı mütəmadi müalicə etdirmək üçün pulumuz çatmırdı, bunu isə ömür boyu etmək lazımdır. Kemnisdə böyük qaçqın düşərgəsinin olduğunu eşitmişdim, buna görə də bura gəldim”.
Almaniyada qaçqın həyatı əvvəlcə heç də asan olmadı — üç ay Giorgi oğlu ilə düşərgədə, konteynerdə yaşayıb. Amma sonra onlara ayrıca yaşayış yeri verdilər, ailəyə birləşmək imkanı verdilər, hamısına ayda 1300 avro verirlər.
Giorginin və ailəsinin qaçqın statusu yoxdur, 2018-ci ilin oktyabr ayının axırına qədər qalmaq haqları var. Bu haqlarının müddətini uzadacaqlarmı, bunu əvvəlcədən heç kim deyə bilməz. Bu həm də Giorginin Gürcüstanda oğlunun müalicəsinə görə pul ödəməli olduğunu sübut edə bilməsindən asılıdır. Bunun problem olduğunu deyir, çünki hökumət bu cür sənədi təqdim etmək istəmir. Bundan başqa, onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin nümayəndələri Almaniyanın qurumlarına bildirirlər ki, Gürcüstanda müalicə pulsuzdur və onlar müalicəyə ehtiyacı olan qaçqınları rahatca buraxa bilərlər. Əslində, isə bu belə deyil.
33 yaşlı Nelli üçün (ad dəyişdirilib) qaçqınlıqdan iş vizasına aparan yol asan olmayıb. Artıq dördüncü ildir ki, Almaniyada yaşayır. Bir il əvvəl Berlinin klinikalarından birində tibb bacısı işinə düzəlib.
Nelli Abxaziyadandır. Müharibədən sonra, 90-cı illərin əvvəllərində Rusiyaya, daha sonra isə Gürcüstana köçür. Nelli ailə qurur, iki övlad dünyaya gətirir. Onun sözlərinə görə, ailəsi bizneslə məşğul olub. Amma bir qədər sonra biznesləri iflasa uğrayır, həm də çox sayda şəxsi problemlər yaranır. O, daha ölkədə qala bilmir və onu həmişəlik tərk etmək məcburiyyətində qalır. Tanışlarının vasitəsilə Nelli “taksist” tapır və Berlinə köçmək üçün ona 4 min avro ödəyir.
“Bura gələndə, cibimdə cəmi 10 avro varıydı. Burada heç kimim yoxuydu, buna görə də qaçqın statusu almaq üçün müraciət etməli oldum. Bilmirəm necə alındı, amma mənə qalmaq icazəsi verdilər. ofisiant işlədim, sonra tibb bacısı sənətinə yiyələnməyə başladım — bu, böyük tələbat olan və yaxşı maaşlı işdir. Bu gün özümü və övladlarımı dolandıra bilirəm”, — Nelli deyir.
Nelli Gürcüstana qayıtmaq barədə düşünmür.
Vizasız rejim necə olacaq?
2018-ci ilin fevral ayından alman siyasətçiləri Gürcüstandan sığınacaq istəyənlərin axınından sonra həyəcan təbili vurmağa başladılar. XDİXSİ fraksiyasından bundestaq deputatı olan Stefan Mayer “Die Welt”ə müsahibəsində bəzi Gürcüstan vətəndaşları tərəfindən vizasız rejimin pozulmasını “həyasız və yolverilməz addım” adlandırıb. Onun sözlərinə görə, onlar ölkənin səhiyyə sistemindən yararlanmaq üçün Almaniyada sığınacaq almağa çalışır, amma ərizələrinin qəbul olunması şansı yoxdur.
“Son dörd ay ərzində sığınacaq istəyənlərin sayının üç dəfə artdığını nəzərə alsaq, hərəkətə keçmək vaxtıdır. Bu hadisələr vaxtında dayandırılmasa, Aİ sübut etməlidir ki, qərar vermək və vizasız rejimi ləğv etmək (Gürcüstan vətəndaşları üçün) iqtidarındadır”, – deyə Mayer bildirib.
Şimali Reyn-Vestfaliya torpağının inteqrasiya naziri Yoaxim Ştamp isə Almaniyanın federal hökumətinə tədbir görmək xahişilə müraciət edib. O öz məktubunda yazır ki, sığınacaq istəyənlərin sayının artması ilə yanaşı ərizəçilərin bir hissəsi cinayətkar fəaliyyəti ilə məşğuldur. Bundan başqa, onun sözlərinə görə, qaçqın düşərgələrində Gürcüstan vətəndaşları ilə bağlı olan problemlər artıb.
Berlin mühacirlərinin ən iri ictimai təşkilatlarından biri olan “Berlin” klubunun rəhbəri Natalya Resler bizə izah edir ki, adətən statistikanın rəqəmlərini ümumi konteksti nəzərə almadan təqdim edirlər.
“Misal üçün, statistika deyir ki, son səkkiz ay ərzində Şimali Reyn Vestfaliya torpağında Gürcüstan vətəndaşlarından sığınacaq istəyilə bağlı ərizələrin sayı üç dəfə artıb. Bu, çox böyük rəqəm kimi səslənir və media bu mövzudan yapışır. Əslində isə əvvəllər bu ərizələrin sayı 145 olub, son 8 ayda isə 740-a çatıb, bu rəqəmi başqa ölkələrdən olan minlərlə ərizələrlə müqayisə etsək, bu, dənizdə bir damcıdır”.
Ekspertin sözlərinə görə, əsasən neqativ informasiya dalğası Şimali Reyn Vestfaliya, Batten Vürtenberq və Bavariya torpaqlarından gəlib. Şimali Reyn Vestfaliya torpağında inteqrasiya naziri və Bavariyanın daxili işlər naziri isə hətta parlamentdə vizasız rejimin dayandırılması proseduruna başlamağa çağırıb.
“Amma düşünürəm ki, vizasız rejim ləğvi olunacaq. Almaniyanın hazırda müraciət edə biləcəyi bir neçə mexanizm var. Müvəqqəti ləğv mexanizmi var. Həm də Gürcüstana təhlükəsiz ölkə statusu vermək olar [hazırda Gürcüstan Fransa, Norveç, Bolqarıstan, İrlandiya və Avstriyada təhlükəsiz ölkə kimi tanınıb — JAMnews], bu siyahıya düşəndən sonra da deportasiya prosesi xeyli yüngülləşəcək. Həm də çox vacibdir ki, Gürcüstan tərəfindən səylər var, hakimiyyət Almaniya hakimiyyəti ilə əməkdaşlıq edir və bu, çox yüksək qiymətləndirilir”, — ekspert izah edir.
Berlində Miqrasiya Siyasəti İnstitutunun direktoru və həmtəsisçisi Olqa Qulina hesab edir ki, viza rejiminin liberallaşdırılması əlbəttə sığınacaq istəyən vətəndaşların axınının artmasına təsir edib. Bununla belə, vizasız rejimin dayandırılması üçün hələ ki, əsas yoxdur:
“Avropa səviyyəli siyasətçilər rəsmi bəyanatlar ediblər ki, bu, ancaq o vaxt baş verə bilər ki, Gürcüstan əməkdaşlığı dayandırsın və readmissiyanın şərtlərini yerinə yetirməsin. Bu o deməkdir ki, sığınacaq almayanlar Gürcüstana qaytarılmalıdır. Gürcüstan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdə və güclü informasiya kampaniyası həyata keçirməkdə davam etsə, viza rejiminin liberallaşdırılması ləğv olunmayacaq”.
Berlinin “Berliner AIDS-Hilfe” HİV-servis təşkilatının mühacirlərlə iş üzrə əlaqələndirici Serdjiu Qrimalski bizimlə öz müşahidələrini bölüşür. Onun sözlərinə görə, əvvəllər (2000-ci illər ərzində) Almaniyada Gürcüstan vətəndaşlarına nadir rast gəlinirdi, indi onlar xeyli artıb.
“Müştərilərimin qrupunda (HİV-ə yoluxmuş miqrantlar) ayda eyni vaxtda ən çox 3-5 Gürcüstan vətəndaşı olub. Viza ləğv olunandan sonra isə hiss olunan fərq var – beş iş günümdən ikisi tamamilə Gürcüstan vətəndaşlarına sərf olunur. Misal üçün, bu həftə yeddi gürcüm var, onlardan dördü təzə adamlardı”.
Viza rejiminin liberallaşdırılması və cinayətkarlıq
Gürcüstan vətəndaşları arasında cinayətkarlıq və getdikcə güclənən “gürcü mafiyası” Gürcüstan vətəndaşları üçün vizanın ləğvindən sonra Avropa, xüsusən də Almaniya mediasının ən sevdiyi mövzu olub. Almaniyanın Federal Kriminal Polisinə müraciət edərək, son dörd ilin statistikasını, o cümlədən də xarici vətəndaşlar tərəfindən törədilən cinayətlər barədə məlumat əldə etdik
Faktlar:
Gürcüstan vətəndaşları tərəfindən Almaniyada törədilən cinayətlərin sayı
2014-cü il – 6,501
2015-ci il – 8,085
2016-cı il – 7,598
2017-ci il – 7, 671
Gürcüstan vətəndaşları adətən oğurluq üstündə tutulur – mənzil qarətindən, velosiped oğurluğuna və mağazalardan oğurluğa qədər.
Statistikanı öyrənərkən görürük ki, birincisi, Gürcüstan vətəndaşları tərəfindən 2017-ci ildə törədilən cinayətlərin sayı 2016-cı ildən bir qədər çox, amma 2015-ci ildən azdır.
Deməli, vizasız rejim kriminalın səviyyəsinə təsir etməyib, hər halda 2017-ci ildə.
İkincisi, Almaniyada gürcü kriminalı heç də aparıcı mövqe tutmur. Hamıdan qabaqda Almaniyanın qonşuları olan polyaklardır. Aİ vətəndaşları arasında kriminalda Rumıniya, Yunanıstan və İtaliya liderlik edir. Digər ölkə vətəndaşları arasında Suriya və İraq vətəndaşlarıdır. Aİ-dən kənarda olan Albaniya və Kosovo da bu “reytinq”də Gürcüstanı arxada qoyan kiçik ölkələrdəndir.
Berlinin kriminal polisinin həmkarlar ittifaqının nümayəndəsi Karsten Milius bizimlə söhbət zamanı gürcü kriminalının alman cəmiyyətində necə qəbul olunduğunu izah etməyə çalışdı:
“Demək olmaz ki, gürcülər başqalarının fonunda çox seçilir. Əlbəttə, sığınacaq istəyənlərin sayı artanda həmişə gözləmə vaxtını kriminal yolla pul əldə etməyə sərf edən adamlar tapılacaq. Gürcüstan kiçik ölkədir və Almaniyadan uzaqda yerləşir. Bu da alman mətbuatı tərəfindən ekzotik bir amil kimi qəbul edilir”.
Onun sözlərinə görə, mütləq nəzərə almaq lazımdır ki, məhz mənzildən oğurluq çox sensitiv, intim bir sahədir, bəzi insanlar tərəfindən az qala seksual zorakılığa bərabər tutulur və zərərçəkənlərin qorxuları ilə bağlı olur.
“Bu həm də çox siyasi mövzudur. Əhalinin şəxsi təhlükəsizlik təsəvvürlərinə aid olan mövzudur. Gürcüstandan olan bandanı Qərbi Almaniyada həbs edəndə, bu, mətbuatın həvəslə danışdığı mövzu oldu”.
Həm də məhz mənzil oğrularını tapmaq lap çətindir.
Serdjiu Qrimalski hesab edir ki, gürcü miqrasiyası təbii ki, başqa yoxsul ölkə vətəndaşlarının miqrasiyası kimi, cinayətkarlıq potensialına malikdir:
“Təzə gələnlər ölkəni ümumiyyətlə hələlik tanımır, ondan baş çıxarmır, mentallığını bilmir və s. Cinayətkar olmaq üçün gələcək hədəf, cinayət qurbanı haqqında çox şey bilmək lazımdır. Kriminallar (Gürcüstandan) burada viza rejimi liberallaşana qədər də olub”.
Natalya Rosler də belə hesab edir:
“Təbii ki, müəyyən mənada kriminallar vizasız rejimdən öz məqsədləri üçün istifadə edir. Burada müəyyən həqiqət var. Amma bunu bütün gürcü diasporasını ləkələmək dərəcəsində şişirtmək gülməlidir”.
Başqa yol
Heç də bütün Gürcüstan vətəndaşları Avropaya “qaçqın” yolu ilə gəlmir. 35 yaşlı Nino Kavelaşvili üçün bu, uzun, amma doğru yol olub. Bir çoxları kimi, Nino 17 il əvvəl Almaniyaya Au-pair proqramı ilə gəlib (bir il alman ailəsində yaşayırsan, uşaqlara qulluqda kömək edirsən, həmin vaxt da ölkənin dilini və mədəniyyətini öyrənirsən). Sonra da universitetə qəbul olunur. Daha sonra uzun axtarışlardan sonra prestijli iş tapır.
Avropada Gürcüstandan olan qaçqınların axını və gürcü kriminalı ilə bağlı mövzu onu narahat edir. Bəzi avropalı siyasətçilərin çıxışlarını ədalətsiz hesab edir.
“Daha çox gürcülərin gəldiyi doğrudur, elə də olmalıdır. Onlardan kimsə səhv, pis yolu seçirsə, bu, onların şəxsi qərarıdır. Bu, hər hansı siyasi qərarlara səbəb olmamalıdır. Çünki başqa cür yaşayan, alman cəmiyyətini zənginləşdirən, almanları sevən və almanlar tərəfindən sevilən gürcülər də var. Ancaq neqativə köklənmək də düzgün olmazdı”.
Gürcüstanın səyləri
Gürcüstan XİN-nin avrointeqrasiya üzrə baş direktoratının rəhbəri Arçil Karaulaşili JAMnews üçün şərhlərində Aİ ilə vizasız rejimi “Gürcüstan hökumətinin böyük səylərinin nəticəsi və gürcü xalqının nailiyyəti” adlandırır.
O qeyd edir ki, Gürcüstan readmissiya ilə bağlı bütün öhdəliklərini yerinə yetirir ki, bu da Avropa Komissiyasının hesabatında qeyd olunub. Ölkə hökuməti diqqətlə miqrasiya statistikası və tendensiyalarını izləyir, həm də 2015-ci ildən başlayaraq, əhali üçün vizasız rejimi pozmadan Avropada necə səyahət etməklə bağlı informasiya kampaniyası aparır. Hazırda XİN vətəndaşların Aİ ölkələrində sığınacağın alınması prosedurundan sui-istifadə etməyin fəsadları barədə məlumatlandırmaq üçün kampaniyanın üçüncü dalğasını həyata keçirir.
Artıq soyadın dəyişdirilməsi prosedurunu sərtləşdirən qanun qəbul edilib – bu, deportasiyadan sonra yenidən Aİ-yə getmək istəyənlərin əl atdığı vasitələrdən biri olub. Pozuntuların mümkünlüyünü məhdudlaşdıran digər təşəbbüslər də müzakirə olunur.
Cinayətkarlıqla mübarizə çərçivəsində Gürcüstan hökuməti “Europol”, “Eurojust” və “FRONTEX” Aİ-nin sərhədlərini mühafizəsi agentliyi ilə uğurla əməkdaşlıq edir.
XİN nümayəndəsi bildirir ki, bütün bunlar vizasız rejimin pozulması faktlarının azalmasına xidmət edib.
“Ölkədə iqtisadi vəziyyətin insanların xaricdə özünə gün ağlamaq məcburiyyətində olduğu bir halda hökumətin səylərinin nə dərəcədə uğurlu olacağına baxmaq lazımdır. Düşünmürəm ki, bu tədbirlər sığınacaq istəyənlərin axınını azaltsın”, – müxalif Milli Hərəkatın nümayəndəsi Salome Samadaşvili deyir.
Digər müxalif “Avropa Gürcüstanı” partiyasının nümayəndəsi Giorgi Kandelaki bildirir ki, problemin səbəblərindən biri Gürcüstanda kriminalın ümumi artımı, həm də Avropada leqal işə düzəlmək imkanının olmamasıdır, buna görə də Gürcüstan vətəndaşları sığınacaq hüququndan iqtisadi məqsədlərlə istifadə edir.
“Bu, çox ciddi problemdir və hər hansı bürokratik boşluqların bağlanması onun səbəbini aradan qaldırmayacaq”, — Kandelaki belə hesab edir.
Onun sözlərinə görə, atılmalı olan əsas addım həqiqətən də cinayətkarlıqla mübarizə etmək, iqtisadiyyatı inkişaf etdirmək və işsizlik problemini həll etməkdir.