“Qanuni oğrunun” ölümü – Lotu Quli Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyə arasında
Avqustun 20-də Türkiyədə Gürcüstan vətəndaşı olan tanınmış azərbaycanlı “qanuni oğru” Lotu Quli qətlə yetirilib. Səs-küylü qətlin səbəbinin Moskvanın iri topdansatış bazarlarında bir neçə kriminal qruplaşma arasında nüfuz dairəsinin yenidən bölünməsi ilə bağlı olduğu ehtimal edilir.
Bu qətl mafiyanın təsirinin hələ də kifayət qədər güclü olduğu bir neçə post-sovet ölkəsində sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusuna çevrilib.
• Rusiya oğruların cənnətidir?
Türkiyənin “Daily Sabah” qəzetinin yazdığına görə, Aralıq dənizi sahilində yerləşən Antalya əyalətinin Serik rayonundakı otellərdən birinin restoranında şam yeməyi yediyi zaman öz cangüdəni Səlifova dörd dəfə atəş açıb. Səlifov xəstəxanaya yerləşdirilib, amma onu xilas etmək mümkün olmayıb.
Rəsmən qatilin kimliyi açıqlanmır, amma media bu iş üzrə saxlanılan iki şübhəlinin adlarının Əmir Həmidli və Hayna Zeyralov olduğu haqda yazıb.
“Ürək” ləqəbli amansız kriminal avtoritet
Lotu Quli onun ləğəbidir. “Loti” gürcü dilində “əyyaş”, “quli” isə “ürək” deməkdir. Onun ləğəbindəki “ürək” sözünün nə ilə bağlı olduğu bilinməsə də, dəqiq həssas təbiəti ilə bağlı deyildi.
21 yaşında Lotu Quli artıq qarət və pul almaq məqsədilə adam oğurluğuna görə 15 il azadlıqdan məhrumetmə cəzası alıb. Tezliklə bu cəza müddətinə artıq həbsxanada törətdiyi zorlama da daxil olmaqla bir neçə ağır cinayətə görə daha 10 il əlavə olub.
Keçmiş SSRİ məkanında ən tanınmış qanuni oğrulardan biri olan Nadir Səlifov 1972-ci il avqustun 28-də Gürcüstan SSR Dmanisi rayonunun Mamışlo kəndində anadan olub.
Orada ilk pasportunu alıb və İttifaq dağılandan sonra avtomatik müstəqil Gürcüstan vətəndaşı olub.
1990-cı illərin əvvəllərində Səlifov dostu və həmyerlisi Otar Bədəlovla Bakıda məskunlaşıb və birlikdə ilk cinayətlərini törədiblər.
1996-cı ilin dekabrında Səlifov cinayət məcəlləsinin bir sıra maddəsilə, o cümlədən də oğurluq, banditizm və insan oğurluğu ittihamı ilə məhkum edilib. O, müstəntiqlə sövdələşməyə getməyib, özünü günahkar hesab etməyib, buna görə də ağırlaşdırılmış cəsa alıb – 15 il həbs.
2000-ci ildə Nadir Səlifov Lotu Quli ləqəbli “qanuni oğru” elan edilib – qiyabi olaraq. Həmin vaxt o, həbsxanada olub, “tac qoyma” isə post-sovet məkanının iki “xaç atası” – Raul Kiriya (Raul Rustavski) və Ceyran Aslanov (Ceyran Rustavski) tərəfindən azadlıqda təşkil edilib.
2001-ci ildə Lotu Quli azadlığa çıxmalı idi, amma həbsxanada törətdiyi zorlamaya görə onun cəza müddəti uzadılıb.
İstintaq materiallarına əsasən, 2001-ci ilin mayında məhbuslardan biri Səlifova kartda uduzub və 280 min manatı [təxminən 165 min dollar] ödəyə bilməyib. Bundan sonra Səlifov uduzanın arvadına zəng vurub və ərini öldürməklə hədələyərək onu cəza müəssisəsinə gəlməyə məcbur edib.
O, qadını qanunsuz yolla içəri keçirib və dəfələrlə zorlayıb.
Həmçinin müəyyən edilib ki, Səlifov 6 və 16 saylı cəza müəssisələrində və Qobustan qapalı tipli həbsxanada saxlandığı müddətdə qardaşının köməyi ilə yanına səkkiz qadın gətizdirib və bu qadınların adları istintaqa məlumdur.
Müəssisələrin vəzifəli şəxslərinin Səlifova qanunsuz şəkildə təqdim etdikləri xüsusi məkanlarda o, qadınları zorlayıb, hətta digər məhbusları da bu işə cəlb edib.
Səlifovun vəkilləri bəyan ediblər ki, bütün bunlar onun cəza müddətinin uzadılması üçün saxtalaşdırılmış ittihamlardır və onun Gürcüstana ekstradisiyasını tələb ediblər. Amma buna müvəffəq ola bilməyiblər.
Lotu Qulinin növbəti cəza müddəti 2020-ci ildə bitməli idi, amma 2018-ci ildə o, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.
Azadlığa çıxandan sonra, 2018-ci ildən etibarən Nadir Səlifov Moskvada ən iri topdansatış bazarlarından birinə – “Food Sity” ticarət mərkəzinə nəzarət edirdi.
Medianın yazdığına görə, Rusiya paytaxtının Kaluqa şosesində yerləşən 85 hektarlıq bu aqroklasterin müxtəlif obyektlərində 13 mindən çox insan çalışır və onların çoxu Səlifovun həmyerliləridir.
Azad ediləndən dərhal sonra Nadir Səlifov Gürcüstan vasitəsilə Türkiyəyə gedib və İstanbulda bir malikanədə yaşayıb. Amma “Daly Sabah” yazır ki, Səlifov Türkiyəyə gələn kimi ölkədən deportasiya olunub və buraya qanunsuz şəkildə qayıdıb.
2020-ci ilin fevralında İstanbulda polis Rusiya və Səlifovla əlaqəsi olduğu ehtimal edilən 17 nəfər banda üzvünü həbs edib.