Gürcüstan Rusiyadan gələn “yumşaq güc” təhdidini rəsmən tanıyıb
Poto: Reuters
Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən işlənib hazırlanan yeni strategiyaya əsasən, ölkə üçün əsas təhdid olaraq Rusiya və onun həyata keçirdiyi “sürünən işğal” qəbul edilir. Strategiyada Rusiyanın “yumşaq gücü”nün və hibrid müharibəsinin ölkəyə gətirdiyi təhlükə qəbul edilir.
Sənəd 2017-2020-ci illər üçün nəzərdə tutulub və burada terrorizm ancaq səthi şəkildə xatırlanır.
Strateji müdafiə icmalı sənədi milli səviyyədə işlənib hazırlanan strategiyalardan biridir. Milli təhlükəsizlik konsepsiyası, təhdidlərin qiymətləndirilməsi və milli hərbi strategiya sənədindən sonra strateji müdafiə icmalı sənədi ölkənin müdafiə sisteminin uzunmüddətli planlaşdırılmasında mühüm rol oynayır. Orada yazılanlar təkcə Müdafiə Nazirliyinin fikri deyil, həm də hökumətin ümumi nöqteyi-nəzəridir.
Kifayət qədər böyük həcmli olan sənədin (46 səhifə, 6 əsas fəsil) tərkibində həm mövcud çağırışların icmalı, həm də risklərin qiymətləndirilməsi və tövsiyələr var.
Əsas təhdid – Rusiya və sürünən işğal
Sənəddə əsas yeri Rusiya Federasiyasından gələn hərbi təhdidlər tutur. O cümlədən, Gürcüstanın təhlükəsizliyinə əsas təhdid kimi işğal olunmuş ərazilər və “sürünən işğal” göstərilir.
“Sürünən işğal”ın son nümunələrindən biri 28 aprel hadisələri oldu, bu zaman Abxaziyanın Qal rayonunun Nabakevi kəndi ilə sərhəddə yerləşən Zuqdidi rayonunun Xurça kəndində rusiyalı hərbçilər işğal xəttini 300 metr irəli çəkdilər. Nəticədə təxminən 2 hektarlıq torpaq sahəsi işğal olunmuş ərazilərə qatıldı. Bu cür hallar həm Abxaziya, həm də Cənubi Osetiya tərəfindən inzibati sərhəddə tez-tez baş verir.
Amma yeni strategiyada Kremldən gələn hərbi təhdid və işğal haqqında dəqiq bildirilsə də, hansı növ anti-işğal və ya anti-ilhaq siyasətinin işlənib hazırlanmasının vacib olması barədə mümkün ssenariləri həmin bu iri sənədin heç bir yerində tapmayacaqsız.
Rusiyanın “yumşaq gücü”
Sənədin əsas və mühüm yeniliklərindən biri Rusiyanın “yumşaq gücü”nün və təbliğatının tanınmasıdır. Buna qədər Gürcüstanın dövlət institutları Rusiyanın bu, ən effektiv silahını əhəmiyyətsiz hesab edir və bu faktoru dövlət səviyyəli sənədlərdə nəzərə almırdılar.
Qərbin artıq çoxdandır ki, Kremlin təbliğat maşını ilə mübarizədə fəal addımlar atdığı bir vaxtda Gürcüstan ancaq bu il siyasi səviyyədə qəbul etdi ki, Rusiya tərəfindən informasiya müharibəsi və təbliğatı real təhdiddir. (ABŞ-da Obama administrasiyası dövründə təsdiq edilən Portman-Merfi qanun layihəsi dezinformasiyanın aşkar edilməsi və cavab addımlarının işlənib hazırlanması məqsədilə informasiya təhlili mərkəzinin yaradılmasını nəzərdə tuturdu. Bundan başqa, 2015-ci ilin may ayında Avropa İttifaqı çərçivəsində məqsədi Rusiya tərəfindən dezinformasiya kampaniyasının prevensiyası olan şərq strateji kommunikasiyaların xüsusi qrupu yaradıldı (EEAS East Stratcom Task Force).
Strateji müdafiə icmalında qeyd olunur ki, “Kreml dövlət institutlarını zəiflətmək, Rusiya yönlü ictimai və siyasi qrupları gücləndirmək və Qərbin xarici siyasi kursuna qara yaxmaq məqsədilə yumşaq gücün elementlərinin gücləndirilməsinə xüsusi yer ayırır”.
Qeyd etmək lazımdır ki, bu, Gürcüstanda sözügedən istiqamətdə cari ildə qəbul edilən artıq ikinci sənəddir – aprelin 13-də hökumət “Gürcüstanın Aİ və NATO-ya üzv olması üçün 2017-2020-ci illər üzrə hökumətin kommunikasiya strategiyasını” qəbul edib, burada da Rusiya tərəfindən informasiya müharibəsi təhdid kimi tanınır.
Hibrid müharibələri
Müdafiə Nazirliyi tərəfindən təsdiq edilən sənəddə hibrid müharibəsi də Rusiya tərəfindən daha bir təhdid kimi göstərir.
Hibrid müharibəsi düşmən mövqeyi tutan tərəfin əməlləridir, bu zaman o, klassik hərbi intervensiyaya əl atmır, opponentlə müxtəlif metodlardan istifadə etməklə mübarizə aparır. Bu metodlar məxfi hərbi əməliyyatlar, təxribatlar, kiber-hücumlar, düşmənin ərazisində qiyamçılara dəstək.
Moskva hibrid müharibəsi arsenalından artıq Ukrayna ilə müharibədə “uğurla” istifadə edib, bu zaman öz siyasi məqsədlərinə nail olmaq üçün eyni zamanda hərbi əməliyyatlara, konvensiya silahının istifadəsinə, terrorizmə, kriminal əməllərə və kiber-hücumlara da əl atıb.
Müdafiə strategiyası üzrə sənəd bu cür gücə müqavimət göstərmək üçün effektiv kompleks mexanizmi tapmaq, təhlil etmək və işləyib hazırlamaq cəhdidir.
Sənədin zəif tərəfləri
Demək olar ki, strategiya əvvəlki sənədlərlə müqayisədə daha məqsədyönlü və iddialıdır. Amma sənədin aşkar zəif tərəfləri də var.
46 səhifədən ibarət sənəd terrorizm kimi təhdidi demək olar ki, iqnor edir.
200-ə yaxın vətəndaşı Suriya və İraqda İslam Dövləti və Əl-Nusra sıralarında döyüşən, hələ də vətəndaşlarının terror təşkilatlarının sıralarına keçmək təhdidinin yüksək olduğu ölkə üçün terrorizmə göz yummaq, yumşaq desək, qəribədir.
Həm də nəzərə alsaq ki, Gürcüstan hələ 2001-ci ildən dünya terrorizmlə mübarizəyə öz töhfəsini verir. Həmin vaxtdan gürcü hərbçiləri Aralıq dənizində, ABŞ-da 11 senytabr terror aktından sonra başlayan və 2016-cı ilin noyabr ayında başa çatan “Fəal təşəbbüs” (Active Endeavour) anti-terror əməliyyatında iştirak edib.
Maliyyə resursları
Strategiyada 2020-ci ilə qədər reallaşdırılmalı olan çox sayda böyük planlar var – güclü hərbi ehtiyatın yaradılması, total müdafiə siyasətinin işlənib hazırlanması, ordunun tam şəkildə yenidən silahlanması və köhnə silahların utilizasiyası, hərbi heyətin peşəkarlıq səviyyəsinin artırılması. Amma bütün bunlar bu cür inqilabi dəyişikliklər üçün lazım olan maliyyə ilə təmin olunmayıb – 2020-ci ilə planlaşdırılmış büdcə şəraitində bunu etmək çətin olacaq. (2017-ci ilə olan hərbi büdcə 670 milyon lari (təxminən 275 milyon dollar) təşkil edir, 2020-ci ilə olan proqnoz isə 720 milyon laridir (təxminən 295 milyon dollar).
Eyni zamanda qeyd etmək lazımdır ki, 2020-ci ilə qədər müdafiə qurumu ştatların ciddi şəkildə optimallaşdırılmasını planlaşdırır. Plana əsasən, 2020-ci ilə heyətin xərclərinin payı müdafiə büdcəsində NATO ölkələrinin orta göstəricilərinə uyğunlaşdırılmalıdır (56%). Həm də büdcə planlarına əsasən, silahlı qüvvələrdə tədqiqat və inkişafın xərcləri xeyli azaldılmalıdır. Bundan başqa, silahın alınmasının mərhələli şəkildə artırılması planlaşdırılır.