Gürcüstan “3+3” formatında danışıqlarda iştirakdan niyə imtina edir? Bakıdan şərh
Gürcüstan regional formatdan imtina edir
Regional əməkdaşlıq məsələlərinin müzakirəsi üçün “3+3” formatının yaradılmasının ilk günündən Gürcüstan bu formatda iştirakdan imtina edib. Tbilisi imtinasını Rusiya ilə danışıqlar masasına oturmaq istəməməsi ilə izah edir. Azərbaycanlı siyasətçi Natiq Cəfərlinin fikrincə, Gürcüstan tərəfinin regional platformanın işində iştirakdan imtina etməsinin səbəbi bu ölkə üçün hadisələrin inkişafı perspektivlərinin o qədər də əlverişli olmamasıdır.
- “İnanırdıq ki, qayıdacaq”. İtkin düşmüş azərbaycanlı hərbçinin nəşi 30 il sonra tapılıb
- “Qərb öz səhvlərini təkrar edəcəkmi?” Bakıdan şərh
- “Hekayənin sonu”, yoxsa “yeni başlanğıc”? Azərbaycanlı iqtisadçının düşüncələri
Tehranda Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü baş tutub. Regional əməkdaşlıq formatı “3+3” adlandırılsa da, onun işində cəmi beş ölkə iştirak edir. Bu formatın yaradılmasının ilk günündən Gürcüstan orada iştirakdan imtina edib.
Bu, nə formatdır və nəyə lazımdır?
2020-ci ilin sonunda ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional əməkdaşlığı dərinləşdirmək məqsədi ilə Cənubi Qafqazın üç ölkəsinin (Azərbaycan, Ermənistan və Gürcüstan) və regionun üç böyük dövlətinin (İran, Rusiya və Türkiyə) iştirakı ilə “3+3” platformasının yaradılması ideyasını səsləndirib.
Bu təklifin dərcindən dərhal sonra Ermənistan və Gürcüstan bu formatda iştirakdan imtina etdilər. Sonradan ilk iclası 2021-ci ildə Moskvada baş tutan bu platformanın işinə rəsmi Yerevan da qoşuldu.
Gürcüstan niyə imtina edib?
“Gürcüstan üçün Rusiya ilə birlikdə “3+3” formatında iştirak etmək çətin olacaq, lakin ölkə hansısa formada iri geosiyasi layihələrdə təmsil olunmalıdır”. Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani regional əməkdaşlıq formatının yaradılması ideyasına belə reaksiya verib.
“Əlbəttə ki, işğalın aradan qaldırılması istiqamətində heç bir proses görmədikdə, bu formatda iştirak etmək və hansısa infrastruktur layihələrindən danışmaq çox çətindir.
Bununla belə, mən ictimaiyyətinmülahizəsinə belə bir mövqe təqdim etmək istəyirəm – belə böyük geosiyasi layihələrdə və münasibətlərdə biz hər hansı formada təmsil olunmalıyıq, əlbəttə ki, dövlət maraqları və işğalçıya hansısa güzəştlər hesabına deyil”, – Zalkaliani deyib.
“Tbilisi bu formata qısqanc yanaşır”
Azərbaycanlı siyasətçi, Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli Gürcüstan tərəfinin Rusiyaya görə “3+3” formatının işində iştirak etmək istəmədiyinə dair arqumenti ilə razılaşmır.
Onun sözlərinə görə, bu formatda əsas müzakirə obyekti logistik marşrutların açılmasıdır:
“Gürcüstanda hesab edirlər ki, İran və ya Ermənistan üzərindən yollar açılandan sonra Gürcüstanın iqtisadi logistik önəmi azalacaq. Gürcüstan bundan çəkinir. Çünki uzun illərdir elə Azərbaycan-Ermənistan münaqişəsinə, Ermənistanın təcavüzkar siyasətinə görə Gürcüstan Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana əsas logistik mərkəzə çevrilmişdi.
Azərbaycandan Orta Asiyaya, hətta Uzaq Şərqə belə yüklər Gürcüstan üzərindən daşınırdı və Gürcüstan bu 30 ildə bəlli bir infrastruktur da qurmuşdu. Yol kənarlarında 10 minlərlə iş yeri yaranmışdı, yəni kiçik motellər, kafelər, texniki xidmət vasitələri, təmir yerləri və digər çoxsaylı iş yerləri var idi.
Gürcüstan üzərindən keçən yollardan istifadəyə və onun dolayı dövriyyəsinə görə təqribən 1,5 milyard dollara yaxın vəsait əldə edirdi.
İndi yeni yollar açılarkən Gürcüstan çəkinir ki, ərazisi üzərindən istifadə olunacaq yük dövriyyəsi xeyli azalacaq. Mənə elə gəlir ki, Gürcüstan bu səbəbdən sözügedən formata qısqanclıqla yanaşır”.
Cəfərli Azərbaycan və Türkiyənin Gürcüstanla ayrıca görüş keçirərək problemli məsələlərin həllinə nail ola biləcəyini vurğulayıb:
“Türkiyə və Azərbaycan bu mövzuda Gürcüstanla daha ciddi işləməlidir və bəzi yüklərin Gürcüstan üzərindən də keçəcəyini Gürcüstana demək lazımdır. Gürcüstanı bu 3+3 formatında iştirak etməyə dəvət etmək və israrlı olmaq lazımdır. Çünki Gürcüstanın iştirak etməməsi, açığı, beynəlxalq tərəfdaşlarda bəzi suallar yaradır.
Ona görə də Türkiyə də, Azərbaycan da Gürcüstanla ikitərəfli görüşlərdə bu məsələləri diqqətə çatdırmalıdır ki, heç də Gürcüstanın üzərindən yüklərin keçirilməsinə tamamilə qadağa qoyulmayacaq. Gürcüstan da bu prosesin iştirakçısına çevrilə bilər ”.