Gürcüstan qadın işsizliyi üzündən milyon lari itirir
Gürcüstanda qadınların 40 faizindən çoxu işləmir, işləyənlər isə eyni işə görə kişilərə nisbətən 35 faiz az əməkhaqqı alır.
Bu və digər maraqlı məlumatlar BMT İnkişaf Fondunun “Safari” QHT-i ilə birlikdə apardığı, Gürcüstanın qadın sakinlərinin iqtisadi imkanlarını öyrənən tədqiqatda yer alıb.
Ekspertlərin hesablamalarına görə, işləməyən qadınlar Gürcüstanın istifadəsiz qalan ciddi resursudur və qadın işsizliyi 11 faiz ümumi daxili məhsulun itkisi ilə nəticələnir.
“Paradoks ondadır ki, qadınlar çox vaxt kişilərdən daha keyfiyyətli mütəxəssis olur”, – əldə olunmuş göstəricilər təqdim olunan zaman BMT İnkişaf Proqramının Gürcüstandakı daimi nümayəndəsinin müavini Şombi Şarp bildirib.
“BMT İnkişaf Fondu Gürcüstan hakimiyyətinə qeyri-hökumət sektoru, biznes çevrəsi ilə əməkdaşlığı fəallaşdırmağı və qadınların iqtisadiyyata cəlb olunması üzrə vahid dövlət siyasətinin işlənib hazırlanmasını tövsiyə edir”, – Şombi Şarp deyib.
Daha bir maraqlı rəqəm – məlum olub ki, Gürcüstanın kənd təsərrüfatı təyinatlı bütün torpaqlarının ancaq 17 faizi qadınlara məxsusdur.
“Tədqiqat zamanı müəyyən olub ki, qadınların iqtisadi cəhətdən möhkəmlənməsi nöqteyi-nəzərindən Gürcüstanda vəziyyət yaxşı deyil. Dövlət proqramları gender komponentini nəzərdə tutmur, bu məsələ ilə bağlı dövlət siyasəti haqda sənədlərdə “qadın” sözünə ümumiyyətlə rast gəlinmir. Bütün bunlar gender bərabərsizliyindən xəbər verir”, – “Safari” təşkilatının icraçı direktoru Baia Pataraya hesab edir.
Tədqiqat bütün Gürcüstan üzrə aparılıb. Prosesdə qadınların iqtisadi cəhətdən güclənməsinə yönəlmiş və son on ildə qəbul olunmuş sənədlər nəzərdən keçirilib.
Beynəlxalq səviyyədə aparılan tədqiqatın gedişatında dəfələrlə bəlli olub ki, bəzi dövlətlər qadın işsizliyi üzündən böyük vəsaitlər itirir. 2016-cı ildə əldə 91 ölkə üzrə edilmiş məlumatlara əsasən qadınların şirkət idarəçiliyində iştirakı biznesə və gəlirlərin artmasına müsbət təsir göstərir. Bu, BMT-nin məlumatlarında da təsdiq olunur – bu və ya digər dövlətdə işləyən və təhsilli qadınların sayı nə qədər çoxdursa, həmin dövlətin iqtisadi inkişafı bir o qədər yüksəkdir.