Gürcüstan polietilen paketlərsiz. Oktyabrın 1-dən yeni qanun qüvvəyə minir
Oktyabrın 1-dən Gürcüstanda polietilen paketlərin istehsalı, istifadəsi və idxalına qadağa qoyulacaq.
Öncə qadağa “bir təkistifadəlik” adlanan nazik (15 mikrondan nazik – 0,15 mm) paketlərə aid ediləcək.
2019-cu il aprelin 1-dən isə qadağa istənilən qalınlıqda polietilen paketləri əhatə edəcək.
Gürcüstan bazarında təkistifadəlik paketlər bütün polietilen paketlərin təxminən 40 faizini təşkil edir.
Müvafiq olaraq artıq oktyabrın 1-dən bu paketlərin ölkədə istifadə olunması azaldılacaq. Gürcüstan regionda belə qadağanın tətbiq edildiyi ilk ölkə olacaq.
__________________________
Qadağa nəyi nəzərdə tutur?
2018-ci il sentyabrın 14-də Gürcüstanın “Qanunvericilik bülletenində” hökumətin plastik və bioloji yolla parçalanan paketlərin tənzimlənməsi qaydaları haqda 472 saylı fərmanı, texniki reqlament açıqlanıb.
Fərmanda deyilir ki, oktyabrdan etibarən Gürcüstan ərazisində yalnız bioloji yolla parçalanan və kompost edilmiş paketlərin istifadəsinə, onların istehsalı, idxalı və satışına icazə veriləcək.
Gürcüstanın baş naziri Mamuka Baxtadzenin imzaladığı sənəddə deyilir ki, yeni qaydaların məqsədi “plastik paketlərin ətraf mühitə və insan sağlamlığına vurduğu ziyanı azaltmaqdır”.
Hətta ətraf mühitə dəyən ziyanı nəzərə almasaq belə bu tənzimləmənin qəbul edilməsi Gürcüstan və Avropa İttifaqı (Aİ) arasındakı assosiasiya haqda sazişə daxildir – Gürcüstan mərhələli şəkildə öz qanunvericiliyini Avropaya uyğunlaşdırmalıdır.
Polietilen paketlərin istehsalı və ticarətdə istifadəsi davam etdirilərsə nə olar?
Qanun pozucularını cərimələr gözləyir. Oktyabrın 1-dən etibarən qadağan olunmuş paketlərin istehsalı və idxalı 500 lari (200 dollara yaxın) həcmində cərimə ilə cəzalandırılacaq. Qadağanın təkrar pozulması zamanı cərimə 1000 lari (400 dollara yaxın) təşkil edəcək.
Müvafiq düzəlişlər artıq inzibati məcəlləyə daxil edilib.
Artıq mövcud olan paketləri neyləməli? Onların da istifadəsi qanunla cəzalandırılırmı?
Xeyr, cərimələr yalnız istehsal, idxal və realizə edənlərə tətbiq olunur. Polietilen paketləri olan sıravi vətəndaşlar cəzalandırılmayacaq. Amma insanlar yeni paketlər ala bilməyəcəklər. Mağazalarda pulsuz paketlərin təqdim edilməsi təcrübəsi də qadağan olunacaq.
Yeni qanunun həyata keçirilməsinə nəzarət kimin üzərindədir?
Nəzarətedici funksiyalar eyni zamanda bir neçə qurum arasında bölüşdürülüb.
Paket istehsalçıları Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin nəzarətində olacaq. Paket idxalçılarını Maliyyə Nazirliyi öz “himayəsinə” götürəcək. Paketlərin satışı ilə məşğul olanlar isə (mağazalar, apteklər və sair) yerli özünüidarə orqanlarına tabe olacaqlar.
Polietilen paketlər Gürcüstandan ixrac edilir. Bu sahə necə dəyişəcək?
Gürcüstanda istifadə olunan polietilen paketlərin böyük hissəsi idxal olunur. 2017-ci ildə Gürcüstan 3,2 milyon dollarlıq paket əldə edib. Analoji maksimal göstərici 2013-cü ildə də qeydə alınıb və 5,6 milyon dollar təşkil edib.
Amma Gürcüstan polietilen paketləri yalnız idxal etmir, həm də ixrac edir. Məsələn, 2017-ci ildə ölkədən 404 min dollarlıq paket ixrac edilib.
2018-ci il oktyabrın 1-dən nazik paketlərin (qalınlığı 0,15 mm-dən az olan) istehsalı dayandırılacaq. Müvafiq olaraq, onların ixracı da başa çatacaq. 2019-cu il aprelin 1-dən isə eyni aqibət bütün polietilen paketləri gözləyir.
Bioloji yolla parçalanan paketləri digərlərindən necə fərqləndirmək mümkündür?
Yeni qanuna əsasən, bioloji yolla parçalanan paketlərin üzərində bu məlumatlar olmalıdır: plastik paketin istehsalçısı; paketin qalınlığı; plastikin tərkibi. Həmçinin mütləq şəkildə “bioloji yolla parçalanan kompost edilmiş paket” yazısı olmalıdır. Amma bu yazı yalnız müvafiq orqanların yoxlamasından və onların rəyi əsasındaa yazılacaq.
Bioloji yolla parçalanan paketlər adi paketlərdən vizual olaraq çox fərqlənmir.
Gürcüstanda bəzi ticarət mərkəzləri, məsələn, “Goodwill”, “Nikora” və bir neçə supermarket artıq uzun müddətdir ki, bioloji yolla parçalanan paketlərdən istifadə edir. Alıcılar çox vaxt bu paketlərin keyfiyyətsizliyindən şikayətlənir – bioloji yolla parçalanan paketlər həqiqətən də adilərdən daha tez cırılır. Onların üstünlüyü isə ondadır ki, təbii şəraitdə belə paketlər üç-altı aya çürüyür, bir-iki ilə isə tamamilə yox olur.
Gürcüstanda çox paket istifadə olunur?
Foto: Levan Mikadze/ JAMnews
Lap çox! Təhsil və Ətraf Mühitin Mühafizəsi Mərkəzinin məlumatına əsasən, bir il ərzində bir Gürcüstan sakini 525 plastik paket istifadə edir. Bu göstərici ildən ilə yüksəlir və Avropa ölkələrinin analoji göstəricilərini aşır. Məsələn, İrlandiyada və Danimarkada hər sakin ildə 14 plastik paket istifadə edir.
Gürcüstanda plastik paketlərə xüsusi sevgi açıq görünür. Məsələn, aptekdə üç cür həb aldığın zaman onları mütləq nazik polietilen paketə qoyurlar. Gürcüstanın ticarət şəbəkələrində plastik paketlərin istifadəsi alıcıya qarşı nəzakət və diqqqət əlaməti hesab olunur.
Hamıya tanış olan bu kadr Tbilisi küçəsində çəkilib. Bu, “Amerikasayağı gözəllik” oskarlı Amerika filminin son səhnəsidir – bir çox kino tənqidçiləri onu dahiyanə hesab edir:
Hərçənd, son zamanlar bəzi aptek və mağazalar yanaşmanı dəyişərək bioloji yolla parçalanan və ya kağız paket istifadə etməyə başlayıblar.
Plastik paketlərə ən yaxşı alternativ möhkəm və yüngül materiallardan hazırlanan zənbillərdir, amma Gürcüstanda öz zənbilləri ilə alış-verişə gedən insanların sayı azdır.
Həqiqətənmi plastik paketlər ətraf mühit üçün zərərlidir?
Polietilen paketlər kimyəvi tərkibinə görə çətinliklə parçalanır. Təbii şəraitdə onların yox olmasına yüz illər lazım gəlir. Təkistifadəlik paketlər bir qayda olaraq istifadədən sonra atılırlar. Onlar ətraf mühitə düşür, torpağı və suyu çirkləndirir.
National Geographic-in videosunda suya düşən plastik paketlərin okeana və faunaya necə bərpa olunmayan ziyan vurduğu aydın görünür:
Gürcüstanda hələ də polietilen paketlərin təkrar emalı işi qurulmayıb. Yeri gəlmişkən, onları yandırmaq olmaz, çünki onlar tam yanmır və yandıqları zaman təhlükəli maddələr ifraz edir.
Dünyada plastik istehsalı 60-70 il əvvəl başlayıb. Bu zaman müddətində ümumilikdə 8,3 milyard ton plastmas istehsal olunub ki, bunu da milyard filin ümumi çəkisi ilə müqayisə etmək mümkündür.
Koliforniya Universitetinin sənaye ekologiyası mütəxəssisi, professor Ronald Qreyer yazır ki, bu 8,3 milyard ton plastikin böyük hissəsi hələ də bu və ya digər formada mövcudluğunu davam etdirir. Məsələn, 6,3 milyard tonu zibilə çevrilib və indiyə qədər məhv edilməyib, ətraf mühitə ziyan vurmağa davam edir.
Qreyer öz tədqiqatında bildirir ki, bütün bu plastmasın demək olar ki, yarısını dünya son 14 ildə istehsal edib və əgər plastik istehsalı eyni tempdə davam edərsə, 2025-ci ilə qədər okean daha 12 ton plastmasla dolacaq.
Bioloji yolla parçalanan paketlər vəziyyətdən çıxış yoludurmu?
Bu cür paketlər panasea deyil. Əlbəttə, onlar adi paketlərdən daha yaxşı parçalanır. Amma parçalanma sürəti ətraf mühitin temperaturundan asılıdır – qışda və soyuqda parçalanma prosesi xeyli zəifləyir.
Kağız paketlər də problemi tam həll etmir. Onların istehsalı plastik paket istehsalından daha çox vaxt və enerji tələb edir. Üstünlüyü isə ondadır ki, kağız paketlər tez və demək olar ki, havayı parçalanır.
Ən yaxşı çıxış yolu isə mağaza və bazarlarda alış-veriş zamanı istifadə olunan qəşəng parça zənbillərdir. Gürcüstanın bəzi ticarət obyektləri artıq istehlakçılara bu cür zənbillər təklif edir, amma ölkəmizdə onlardan istifadə mədəniyyəti hələ oturuşmayıb.
Ümumilikdə ciddi siyasi və iqtisadi problemlərə qərq olan ölkədə bu ekoloji mövzu az əvvəl hədsiz aktual olaraq qəbul edilib. Buna görə də ətraf mühitlə bağlı vəziyyət əhalinin ekoloji məlumatsızlığı üzündən daha da pisləşir.