Gürcüstan Parlamentinin Hüquqi məsələlər üzrə Komitəsi prezident vetosuna qarşı
Gürcüstan Parlamentinin Hüquqi məsələlər üzrə Komitəsi “Gizli istintaq hərəkətləri haqda” qanunla bağlı prezidentin əsaslandırılmış qeydlərini rədd edib.
Komitə sədrinin birinci müavini Vano Zardiaşvilinin sözlərinə görə, prezidentin martın 20-də qanun layihəsinə qoyduğu veto “siyasi alverdir” və “mahiyyəti olmayan veto xətrinə vetodur”. Prezident Georgi Maqvelaşvilinin fikrincə isə qanun layihəsi Konstitusiya ilə təmin olunan, ümumən qəbul olunmuş beynəlxalq normalar və həmçinin Gürcüstan Konstitusiya Məhkəməsinin qərarı ilə tənzimlənən əsas hüquq və azadlıqları pozur.
Prezidentin parlamentə göndərdiyi əsaslandırılmış qeydlərə əsasən gişli dinləmə və izləməni həyata keçirməsi üçün yaradılan xüsusi agentlik Dövlət Təhlükəsizlik Xidməti strukturuna daxildir, buna görə də onun müstəqilliyi haqda danışmaq olmaz. Prezident agentliyi icra hakimiyyətinin bir hissəsinə çevirməyi və birbaşa baş nazirə tabe etməyi təklif edir.
Parlamentin prezident vetosuna üstün gələcəyi halda qeyri-hökumət təşkilatları qanundan Konstitusiya Məhkəməsinə təkrar şikayət verməyi planlaşdırır. “Beynəlxalq Şəffaflıq – Gürcüstan” QHT-ın icraçı direktoru Eka Qiqauri “Bunun sənə dəxli var” kampaniyasının iştirakçıları qanun layihəsindən həm Gürcüstan Konstitusiya Məhkəməsinə, həm də Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcək və onlar əmindirlər ki, AİHM-də qalib gələcəklər.
Prezident vetosuna üstün gəlmək üçün Gürcüstan Parlamentinə 76 səs lazımdır. Səsvermə martın 27-də baş tutacaq.
Gürcüstan Parlamenti üçüncü yekun oxunuşda 87 “lehinə” və iki “əleyhinə” səslə daha əvvəl qızğın mübahisələrə səbəb olmuş “Gizli istintaq hərəkətləri haqda” qanun layihəsini qəbul edib.
Layihədəki əsas yenilik Dövlət Təhlükəsizlik Xidməti yanında rabitə və internet vasitələri üzərindən izləmə aparmaq səlahiyyətinə sahib xüsusi Operativ-Texniki Agentliyin (ictimai hüquqlu hüquqi şəxs statusunda) yaradılmasıdır. Agentlik Parlament və baş nazirə hesabatlı olsa da struktur olaraq DTX-ə tabe olacaq.
Ötən ilin aprel ayında Konstitusiya Məhkəməsi qeyri-qanuni dinləməyə qarşı yönəlmiş “Bunun sənə dəxli var” kampaniyasında iştirak edən QHT-in iddiasını təmin edib və qət edib ki, DTX-in şəxsi xarakterli məlumatları əldə etməsi şəxsi həyata əsassız müdaxilə riski yaradacaq. Məhkəmə Parlamentə 2017-ci il martın 31-ə qədər qanun layihəsini Konstitusiya normalarına uyğunlaşdırmaq təlimatı verib.Müxalif partiyaların və qeyri-hökumət təşkilatlarının rəyincə, təqdim olunmuş qanun layihəsi Konstitusiya Məhkəməsinin qərarına ziddir. “Bunun sənə dəxli var” kampaniyasında iştirak edən QHT-lər yanvarda qanun layihəsinin müzakirəsində iştirakdan imtina edib.