Gürcüstan parlamenti konstitusiyaya seçki sistemi üzrə dəyişiklikləri qəbul edib
Gürcüstan parlamenti 117 “lehinə”, 3 “əleyhinə” səslə üçüncü oxunuşda konstitusiyaya dəyişiklik layihəsini qəbul edib. Dəyişikliklər yeni seçki sistemini təsdiqləyib. Bu o deməkdir ki, 2020-ci il oktyabrın 31-də parlament seçkiləri proporsionala yaxın sistem üzrə keçiriləcək.
Bu yolla seçki sxemini dəyişmək qərarı martın 8-də Gürcüstanda akkreditasiya olunan xarici diplomatların vasitəsilə hakimiyyətlə müxalifət arasında baş tutan danışıqlar nəticəsində əldə edilib. Yeni model seçki zamanı hakimiyyətlə rəqabət aparmaq üçün müxalifətə daha çox şans verir.
- Gürcüstanda proporsional seçki sistemi uğrunda mübarizə niyə vacibdir?
- Gürcüstanda etiraz ayları geridə qalıb? İqtidar partiyası və müxalifət 2020-ci il parlament seçkiləri ilə bağlı razılığa gəlib
Qəbul olunmuş dəyişikliklərə əsasən, yeni parlamentə 120 deputat partiya siyahıları üzrə, 30 deputat isə majoritar dairələr üzrə (əvvəlki 77 plyus 73 sistemi əvəzinə) seçiləcək.
İkincisi, partiyalar üçün bir faizlik keçid baryeri müəyyən edilib.
Üçüncüsü, 40 faizdən az səs toplamış partiyalar və bloklar birpartiyalı əsasda hökumət formalaşdıra bilməyəcək.
Belə seçki modeli 2024-cü ilə qədər qüvvədə olacaq, bundan sonra isə parlament seçkiləri sırf proporsional sistem üzrə keçiriləcək.
Konstitusiya dəyişiklikləri prezident imzaladıqdan sonra qüvvəyə minəcək.
Səsvermədə iki böyük müxalif partiya – “Milli Hərəkat” və “Avropa Gürcüstanı” iştirak etməyib. Əslində seçki sisteminin dəyişməsini tələb edən də elə bu partiyalar idi.
Onlar səsverməni boykot ediblər və bildiriblər ki, hakimiyyət martın 8-də əldə edilən razılaşmaya tam əməl etməyib. Onların sözlərinə görə, razılaşmanın ikinci maddəsi siyasi məhbusların – Tbilisinin eks-meri Qiqi Uqulava, keçmiş müdafiə naziri İrakli Okruaşvili və müxalif “Mtvari arxi” (“Əsas”) telekanalının təsisçilərindən biri Giorgi Ruruanın azad edilməsi olub.
Səsvermə gününə qədər Rurua azad edilməyib, buna görə də “Milli Hərəkat” və “Avropa Gürcüstanı” səsvermədə iştirak etməyib.
Bununla belə medianın tarixi adlandırdığı 8 mart razılaşması ilə uzun aylar sürən daxili siyasi böhran başa çatıb.
Seçki sisteminin dəyişdirilməsi majoritar dairələrdə müxalifətin heç vaxt hakimiyyətin namizədləri ilə rəqabət apara bilməməsi ilə şərtləndirilib. İqtidar nümayəndələri bir qayda olaraq opponentlərinin sahib olmadığı inzibati və digər bütün resurslardan yararlanırdılar.
Hər seçkilərdən öncə müxalifət uğur qazanacağı təqdirdə demokratiya və ədalət naminə majoritar tərkibdən tam imtina etməyi vəd edib, amma uğur qazanandan sonra heç kim bu dəyişikliyi etməyə tələsməyib. 2012-ci il parlament seçkilərində qələbə qazanan “Gürcü arzusu” da bu baxımdan istisna olmayıb, amma səkkiz ildən sonra müxalifətin və cəmiyyətin təzyiqi altında güzəştə getməli olub.