Gürcüstan Parlamenti dinləmə haqda qalmaqallı qanuna səs verib
Gürcüstan Parlamenti ilk oxunuşda 20 səs “əleyhinə” 89 “lehinə” olmaqla coşqun müzakirələrə səbəb olmuş gizli istintaq hərəkətləri haqda qanun layihəsini qəbul edib. Qanun layihədəki əsas yenilik Dövlət Təhlükəsizlik Xidməti yanında xüsusi operativ-texniki agentliyin (ictimai hüquqlu hüquqi şəxs statusunda) yaradılmasıdır ki, bu qurum rabitə vasitələri və internet üzərindən gizli izləmə aparmaq səlahiyyətinə malikdir.
Agentlik Parlament və baş nazir qarşısında hesabat verəcək, amma struktur olaraq DTX-a tabe olacaq.
Qanun layihəsi müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən kəskin tənqid olunurdu.
Ötən ilin aprelində Konstitusiya Məhkəməsi “bunun sizə dəxli var” kampaniyasının (qeyri-qanuni dinləməyə qarşı) iştirakçıları olan QHT-in iddiasını təmin etdi və qət etdi ki, şəxsi xarakterli məlumatların DTX-nın sərəncamında olması şəxsi həyata əsassız müdaxilə riski yaradır.
Məhkəmə 2017-ci il martın 31-ə qədər qanunvericiliyi Konstitusiya normaları ilə uyğunlaşdırmaqla bağlı Parlamentə təlimat verib. Müxalif partiyaların və qeyri-hökumət təşkilatlarınin rəyincə, təqdim olunmuş qanun layihəsi Konstitusiya Məhkəməsinin təlimatına ziddir. Yanvarda “bunun sənə dəxli var” kampaniyasında iştirak edən QHT qanun layihəsinin müzakirəsində iştirakdan imtina ediblər.
Gürcüstanda gizli izləmənin tənzimlənməsi
- 2014-cü ildə DİN-də aparılan islahatlar nəticəsində Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Bu, DİN-in funksiyalarının mümkün təkrarlanması və parlamentin nəzarət imkanlarının məhdudiyyəti baxımından QHT nümayəndələrinin tənqidinə səbəb oldu.
- 2015-ci il martın 31-dən “iki açar” adlanan sistem fəaliyyət göstərir ki, buna uyğun olaraq izləmənin həyata keçirilməsi üçün hüquq-mühafizə orqanlarına məhkəmə qərarından başqa şəxsi məlumatlar üzrə İnspektorun qərarı lazımdır. Amma güc qüvvələrinin əvvəlki kimi İnspektor və məhkəmə qərarı olmadan da gizli izləməni həyata keçirmək üçün texniki imkanları var.
- 2016-cı ilin aprelində Gürcüstanın Konstitusiya Məhkəməsi DTX-nin telekommunikasiya operatorlarının məlumatlarına texniki olaraq əlinin çatmasını konstitusiyaya zidd sayıb. Məhkəmə bəyan edib ki, qüvvədə olan qanun layihəsi şəxsi məlumatların alınmasına nəzarət mexanizmlərini təmin etmir.