Gürcüstan: Oyuna nə qoyulub?
Belə hesab edilir ki, seçkilər suallara cavab verməlidir. Gürcüstanda 2016-cı ilin oktyabr ayında keçiriləcək parlament seçkiləri ilə bağlı ən göz qabağında olan sual aşağıdakı kimi səslənir: “Yaxın dörd il ərzində dövləti kim idarə edəcək? 2013-cü ildən başlayaraq, Gürcüstanda konstitusiya modeli parlament respublikasına daha yaxındır, buna görə də seçkilərin nəticəsi həm də nazirlər kabinetinin tərkibini müəyyən edəcək.
Hələ seçimini etməyən böyük sayda seçicilərin və sorğularda suallara cavab vermək istəməyənlərin (müxtəlif sorğuların nəticələrinə əsasən, 35 faizdən 55 faizə qədər) olması səbəbindən proqnozlar dumanlı görünür. Bununla belə, bir neçə əsas ssenarini sadalamaq mümkündür.
Bu ssenarilərdən birinə əsasən, hakim “Gürcü arzusu partiyası parlamentdə çoxluq təşkil edir (150 mandatdan azı 76-sı). Belə olan halda biz indi olanların davamını müşahidə edəcəyik: milyarder Bidzina İvanişvili gündəlik idarəçiliklə bağlı darıxdırıcı işi öz işçilərinin, misal üçün baş nazir Georgi Kvirikaşvilinin üstünə atıb, ölkənin ümumi istiqamətini müəyyən edəcək. Amma hadisələr bu cür inkişaf etdiyi halda, rejimin legitimliyinə zərər yetirilə bilər. “Gürcü arzusunun dəstəyi çox aşağı səviyyədədir: hakimiyyətə yaxın olan “İmedi telekanalının məlumatına görə, partiya üçün ən yaxşı halda bu 36 faiz, Amerika Milli Demokratiya İnstitutunun daha etibarlı görünən sorğusunun nəticələrinə görə isə 17 faizdir.
“Gürcü arzusunun çoxluq əldə etməsi çox güman ki, 73 parlamentarının seçiləcəyi birmandatlı dairələr hesabına olacaq (qalanları partiya siyahıları üzrə seçiləcək). Majoritar dairələrdə seçkilərin nəticələri ənənəvi olaraq “inzibati resursu cəlb edə bilən hakim partiyanın namizədlərinin xeyrinə təhrif olunur, buna görə də bu seçkilərin həqiqəti əks etdirmədiyi hesab olunur. Özünün 2012-ci ildə hakimiyyətə gəlişindən əvvəl “Gürcü arzusu birmandatlı dairələrdən regional partiya siyahılarının xeyrinə imtina edəcəyini bildirmişdi, amma məhz 2016-cı ildə keçiriləcək seçkilərdə qalib gəlmək istədiyi üçün verdiyi vədə əməl etmədi.
Amma həm hakim partiya, həm də əsas müxalifətçi qüvvə olan və sorğu nəticələrinə görə “Gürcü arzusundan bir neçə faiz geri qalan “Vahid milli hərəkat partiyasının o qədər də populyar olmaması səbəbindən mütləq qalib yoxdur. Bu isə o deməkdir ki, Gürcüstan tarixində ilk dəfə olaraq, ölkədə koalisiya hökuməti qurulacaq. Formal olaraq əvvəlki “Gürcü arzusu hökuməti də altı partiya tərəfindən dəstəklənirdi, amma onun fərdi tərkibi daha çox seçkilərin nəticələri ilə deyil, Bidzina İvanişvilinin şəxsi istəkləri ilə müəyyən olunurdu. Partiyalar arasındakı gərgin münasibətləri nəzərə alsaq, əsl koalisiyanın yaradılması çətin məsələ ola bilər.
Sonucda koalisiya iki əsas qüvvədən birinin bazası əsasında yaradıla bilər. Onlar arasında ciddi razılaşmanın olduğunu təsəvvür etmək mümkün deyil, çünki hər iki tərəf opponentlərini şərin təcəssümü hesab edir. Təkcə qalib gəlməmək, həm də VMH-i məhv etmək “Gürcü arzusunun əsas məqsədi olaraq qalır. Bu yaxınlarda partiyanın baş katibi İrakli Kobazidze seçicilərə söz verib ki, seçkilərdən sonra “VMH artıq gürcü siyasətində vacib amil olmayacaq. VMH tərəfdarları da öz növbəsində, “Gürcü arzusunu hakimiyyətdən uzaqlaşdırmaq niyyətində birləşiblər. Hər iki əsas qüvvə “üçüncü tərəfləri, misal üçün Paata Burçuladzenin başçılıq etdiyi “Xalq dövlət üçün hərəkatını öz rəqibləri ilə əlaqədə günahlandırırlar. Beş faizlik seçki baryerini aşmaq şansı olan başqa “üçüncü qüvvələr arasında İrakli Alasaniyanın “Azad Demokratları, Şalva Natelaşvilinin populist Leyborist partiyası və iki aşkar antiqərb hərəkatı olan Gürcüstan Vətənpərvərləri Birliyi və Nino Burcanadzenin başçılığı altında “Demokratik hərəkat – vahid Gürcüstan var. Onların hamısının qarşıya qoyulan məqsədə nail olmaq imkanı olsa da, heç birinin uğur qazanacağını əminliklə demək mümkün deyil. Onların iştirakı ilə koalisiyanın yaradılmasına ehtiyac yaransa, bu proses heç də cəlbedici görünməyəcək.
Bundan başqa, bu seçkilərdə cavabları alınmalı olan iki daha vacid sual da var. Bunlardan biri də ondan ibarətdir ki, gürcü siyasətində ümumi qərbyönlü xətt saxlanılacaq ya yox. Əvvəl mövcud olan şübhələrə və “Gürcü arzusunun xüsusi ardıcıllığı ilə fərqlənməyən bəzi nümayəndələrinin bəyanatlarına baxmayaraq, hökumət ümumilikdə özündən əvvəlki hakimiyyətin qərbyönlü xəttini saxladı və ciddi nailiyyətləri ilə öyünə bilər: NATO-ya üzv olmaq və Aİ-yə daxil olmaq perspektivi hələ də uzaq və dumanlı görünsə də, Aİ ilə assosiasiya sazişi imzalanıb, Şengen zonası ölkələrinə vizasız gediş çox güman ki, bu yaxınlarda həyata keçiriləcək, NATO ilə əməkdaşlıq gücləndirilib. Amma gürcü cəmiyyətinin Qərbə münasibətdə yaşadığı müəyyən məyusluq və Rusiyanın Gürcüstanın siyasi sinfinə, KİV və vətəndaş cəmiyyətinə daxil olmaq cəhdləri nəticəsində alternativ Avrasiyaya inteqrasiya konsepsiyasının populyarlığı artdı, Gürcüstan Vətənpərvərləri Birliyi və “Demokratik hərəkat – vahid Gürcüstan kimi aşkar və ya yarıaşkar Rusiya yönlü partiyalarının ilk dəfə olaraq parlamentdə təmsil olunmaq şansı yaranıb. Bu, ölkənin hərəkət vektoruna təsir edəcəkmi? Nəzərə alsaq ki, hər iki aparıcı qüvvə özlərinin Avropa və Avro-atlantika ideyalarına bağlılığını bəyan edirlər, bu demək olar ki, mümkünsüz görünür. Amma hadisələrin ən pis inkişaf variantlarını da istisna etmək olmaz. Bilirik ki, seçkilərin arxasınca mürəkkəb koalisiya yaratmaq prosesi gələ bilər: yuxarıda qeyd olunan anti-qərb partiyalarından biri koalisiya üzrə tərəfdaş kimi seçilərsə və hökumətə öz gündəmini sırıya bilərsə nə baş verəcək? Gürcülər onunla özlərinə təsəlli verə bilərlər ki, həm səmimi olaraq, həm də Rusiya tərəfindən dəstəklənərək Avropanı sevməyən və qərb dəyərlərinə qarşı çıxanlar addımbaaddım hətta Aİ daxilində öz güclərini artırır; amma Gürcüstan Aİ üzvləri ilə müqayisədə xeyli daha zəif vəziyyətdədirlər.
Və sonuncu həm də çox vacib məsələ də ondan ibarətdir ki, Gürcüstanda keçirilən hər seçkilərdə ölkə demokratiyaya yaxınlaşır, yoxsa ondan uzaqlaşır – sualı durur. Bundan əvvəlki parlament seçkiləri böyük nailiyyət kimi qəbul olundu, çünki müstəqil Gürcüstanın tarixində ilk dəfə olaraq hakimiyyət parlament yolu ilə dəyişdi. Amma bu təcrübənin adət halına çevrilməsi ilə bağlı əminlik yoxdur. Müxalifət hər dəfə var-dövləti ölkənin ÜDM-nun yarısından bir qədər az olan milyarderin namizədliyini irəli sürə bilməz (2012-ci ildə cənab İvanişvilinin iştirakı olmadan hakimiyyətin dəyişməsi mümkün deyildi). Populyarlığını itirən “Gürcü arzusu oktyabrda hakimiyyətindən getsə, deməli parlament yolu ilə hakimiyyət dəyişməsi yeni norma kimi bərqərar olub, demokratiya da Xuan Lints və Alfred Ştepanın məşhur ifadəsində deyildiyi kimi, biz tərəflərdə yeganə məşğuliyyətə çevrilib.
Amma müxalifətə qarşı təkrar olunan fiziki zorakılıq və seçmə ədalətli məhkəmə halları, KİV-ə, o cümlədən də ən populyar müxalifətçi “Rustavi-2 televiziya kanalına təsir etmək cəhdləri, müxalifətçi siyasətçilərin, jurnalistlərin, Konstitusiya məhkəməsi hakimlərinin şantaj və təhdid olunması ilə bağlı çoxsaylı xəbərlər, hakim partiyanın aparıcı müxalifətçi qüvvəni legitim opponent kimi qəbul etməkdən açıq şəkildə imtina etməsi, istisnasız onun bütün nümayəndələrinin hakimiyyətə buraxılmalı olmadığını düşünməsi – bütün bunlar göstərir ki, hələlik hakimiyyət uğrunda mübarizə demokratiyadan çox uzaq olan metodlarla aparılır. Bir çox gürcülər hesab edir ki, hakim partiya bu metodların hesabına, hətta dəstəyi itirsə belə seçkilərdə qalib gələcək. O bunu edə biləcəkmi? Bu günün həqiqətən də vacib sualı məhz budur.
Qiya Nodiya
* Məqalədə bildirilən fikirlər müəllifin nöqtei-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
16.09.2016