Gürcüstan Müstəqillik Gününü qeyd edir – Trampın məktubu və xudmani mərasimlər
Bu il Gürcüstan müstəqilliyinin 29 illiyini xudmani qeyd edib.
Ənənəvi olaraq bu gün Gürcüstanda təntənə ilə qeyd olunur.
Adətən parlament qarşısında Gürcüstanın hərbi texnikası nümayiş olunur, yeni çağırışçılar isə hərbi and içirlər. Tbilisinin mərkəzi küçələri bağlanır – burada konsertlər, tamaşalar, idman yarışları təşkil olunur, yerli şirkətlər öz məhsulunu satışa çıxarır. Gürcüstanın demək olar ki, bütün şəhərlərində eyni mənzərə təkrarlanır.
Amma bu il koronavirus pandemiyasına görə bayram epidemioloqların tövsiyələri nəzərə alınaraq “dar çevrədə” keçirilib.
Məsələn, Gürcüstan prezidenti maskasını çıxarmadan Vaziani hərbi bazasını ziyarət edib.
Əsas bayram təntənələri də elə həmin bazada keçirilib. Orada prezidentlə yanaşı baş nazir, parlament spikeri, müdafiə naziri və paytaxt meri iştirak ediblər.
Prezident öz çıxışında əsasən gözəgörünməz düşmən – koronavirus haqda danışıb.
Salome Zurabişvili bəyan edib ki, ən mürəkkəb böhran dövründə Gürcüstan dünyaya dayanıqlılıq və uğur nümunəsi göstərib.
Amma koronavirusla müharibə hələ bitməyib və mübarizə davam edir:
“Hökumət zamanında və effektiv şəkildə bütün idarəetmə rıçaqlarını işə saldı. Epidemioloqlar və həkimlər xəstəliklə doğru mübarizə strategiyası hazırladılar”.
Zurabişvili qeyd edib ki, Gürcüstan koronavirusun öhdəsindən uğurla gəldiyi üçün payıza təyin olunmuş seçkilər təxirə salınmayacaq.
Prezidentin sözlərinə görə, cəmiyyət də iqtisadi və sosial problemlərin qarşısının alınmasına hazır olmalıdır.
“Bu miqyasda böhranlar zamanında müəyyən səviyyədə siyasi konsolidasiyaya ehtiyac var. Biz həmçinin yadda saxlamalıyıq ki, belə böhranda həssas qruplar daha çox dəstəyə ehtiyac duyur, çünki onlar hamıdan daha çox əziyyət çəkirlər. Bu ilk döyüşdə qazandığımız uğur bizim üçün yeni imkanlar açır”, – prezident deyib.
Baş nazir Giorgi Qaxariya “abxaz və osetin qardaşları” da Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib və dedib: “Birlikdə ölkəmizi inşa edə və uğurlu dövlət yarada biləcəyik”.
“102 il əvvəl Milli Şura (Gürcüstan Demokratik Respublikasının) Müstəqillik Aktını qəbul edib və bu, ölkənin sonrakı inkişafı üçün çox vacib addım idi. Bu, Gürcüstan tarixində önəmli gündür və o zaman, mayın 26-da Birinci Respublika bizim ölkəmizin daha sonrakı yönünü müəyyən etdi”, – baş nazir bildirib.
Trampın məktubu. Gürcüstanı əcnəbi dostlar təbrik edir
Gürcüstanın baş naziri Giorgi Qaxariya ABŞ prezidenti Donald Trampdan və İngiltərə kraliçasından təbrik məktubu alıb.
Öz məktubunda Donald Tramp yazıb ki, Birləşmiş Ştatlar Gürcüstana NATO-ya doğru yolunda sarsılmaz dəstək göstərməyə davam edir.
ABŞ prezidenti vurğulayıb ki, onun ölkəsi qətiyyətli şəkildə Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
“Birləşmiş Ştatlar Gürcüstanın öz müdafiə potensialını möhkəmləndirmək istiqamətində göstərdiyi səyləri, o cümlədən də Gürcüstan döyüşçülərinin Amerika qoşunları və NATO qüvvələri ilə çiyin-çiyinə xidmət etdiyi Əfqanıstandakı NATO missiyasına töhfəsini yüksək dəyərləndirir və hörmət edir”, – məktubda deyilir.
Məktubda Gürcüstanda demokratik institutların, qanunun aliliyinin və plüralizmin möhkəmlənməsinin vacibliyi vurğulanıb:
“Biz qətiyyətli şəkildə Gürcüstanın demokratik və iqtisadi inkişafını dəstəkləyirik, hansı ki, Gürcüstan xalqının Avroatlantik inteqrasiya səyləri üçün önəmlidir. Mən səbrsizliklə sizinlə müştərək işləmək imkanını gözləyirəm ki, Gürcüstanın demokratik institutlarını konsolidasiya etməyə, siyasi plüralizmin, müstəqil məhkəmə sisteminə əsaslanan qanunun aliliyini möhkəmləndirməyə kömək edə bilim. Həmçinin iqtisadiyyatın diversifikasiyasına. Gürcüləri ürəkdən təbrik edir və onlara çiçəklənməyi, məhsuldar və təlükəsiz gələcək arzulayıram”.
Gürcüstandakı ABŞ səfirliyi də ABŞ səfiri Kelli Deqnanın video-müraciətini yayıb.
Diplomat bildirib ki, Gürcüstanla ABŞ-ı ümumi dəyərlərə – azadlığa, demokratiyaya, tolerantlığa və yorulmaz fəaliyyətə əsaslanan möhkəm dostluq birləşdirir.
Google da Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Mayın 26-da Gürcüstan vətəndaşlarıbu axtarış sisteminin əsas səhifəsində öz bayraqlarını görüblər. Google-un loqotipi Gürcüstan bayrağının ağ-qırmızı rənglərinə boyanıb:
Gürcüstanda fövqəladə vəziyyət elan olunandan iki ay sonra, mayın 23-də başa çatıb. Fevralın 26-dan bugünə qədər ölkədə 732 yoluxma halı təsdiqlənib. Onlardan 70 faizindən çoxu – 537 nəfər sağalıb, 12 nəfər ölüb.
İyunun 15-dən Gürcüstan daxili turizmi bərpa etməyə, iyulun 1-dən isə sərhədlərini açıb, əcnəbi turistləri qəbul etməyə hazırlaşır.