Gürcüstan mediası müsəlmanlar haqda az və çox vaxt neqativ məlumat verir - tədqiqat nəticəsi
Gürcüstan, Azərbaycan, Rusiya və Türkiyədə media müsəlman icmalarının həyatını necə işıqlandırır? Bu suala Beynəlxalq Medianın İnkişafı Fondunun bu dörd ölkədə apardığı tədqiqat cavab verir.
Aşağıdakı detallar müəyyən edilib:
Rusiya mediası müsəlman icması haqda məlumat verərkən daha çox Yaxın Şərqdəki münaqişə və terrora diqqət yetirib.
Gürcüstan mediası (əsasən internet nəşrlər üzərində tədqiqat aparılıb) bu kontekstdə daha çox insan haqları mövzusuna müraciət edib.
Azərbaycan mediası ən çox dini mövzulara yer ayırıb.
Türkiyə mediası isə beynəlxalq münasibətlər mövzusunu işıqlandırıb.
Gürcüstanda tədqiqat 2017-ci ilin aprel-may aylarında müsəlman icmasının kompakt yaşadığı üç regionda – Kvemo Kartli, Açara regionunun ucqar dağ kəndləri və Pankisi dərəsində aparılıb. Gürcüstanda tədiqat mövzusu ixtisaslaşmış olub və belə səslənib: “Müsəlman gənclərin problemləri və məlumatların öyrənilməsi”. Sorğuda 18-29 yaşlarında 1206 respondent iştirak edib.
Respondentlərdən onların informasiya mənbələri, müsəlman tematikası ilə bağlı yerli medianın işini necə qiymətləndirdikləri və jurnalistlərin müsəlman gənclərinin problemlərini nə dərəcədə işiqlandırdığı haqda soruşulub.
Gürcüstan mediası müsəlmanlar haqda az və daha çox neqativ məlumat verir – respondentlər belə hesab edir
Respondentlərin ancaq 33.3 faizi bildirib ki, Gürcüstan mediası ölkədəki müsəlman icmasının həyatını, ənənələrini və problemlərini pozitiv işıqlandırır. Bununla belə çoxları qeyd edib ki, belə materialallar çox azdır.
Müsahibə zamanı adamlar çox vaxt müsəlmanların terrorçulara bərabər tutulduğundan xüsusilə şikayətləniblər. Sorğu olunanların əksəriyyəti bildirib ki, Gürcüstan mediasında onların ünvanına tez-tez istifadə olunan “tatarlar”, “maqometanlar”, “maqometanlar-mesxetilər”, “türk-mesxetilər” terminləri yolverilməzdir.
Respondentlər alternativ kimi “azərbaycanlılar”, “kistinlər”, “müsəlmanlar”, “mesxeti müsəlmanları”, “deportasiya olunmuş mesxetilər” ifadələrini təklif edirlər.
“Andres Breyvik 70-dən çox gənc insanı öldürəndə onun xristian, atəşpərəst və ya buddist olduğunu xatırlatmırdılar. Amma bir müsəlman terror aktı törədəndə, o zaman əsas plana məhz onun dini inancı çıxır… Kobud desək, bütün neqativlər bizə yönəlir”, – sorğu zamanı gənc respondentlərdən biri bildirib.
“Mənə görə “tatar” kəlməsi alçaldıcı səslənir. Mən acar gürcüsüyəm, niyə məni “tatar” çağırmalıdılar? Ancaq ona görə ki, nə vaxtsa bu işğalçılar burada olublar? Onda gəlin kaxetiyalıları “lek” və ya “qızılbaş” adlandıraq – axı bir vaxtlar onlar oralara yiyəlik ediblər” – Açaranın gənc sakinlərindən biri müsəlman acarların ünvanına “tatar” kəlməsinin istifadəsini belə qiymətləndirir.
Medianın monitorinqi Gürcüstan telekanallarının müsəlman mövzusuna daha çox rəsmi şəxslər müsəlman icmasını dini bayramları ilə bağlı təbrik edən zaman müraciət etdiyini müəyyən edib. Amma bilavasitə müsəlman icması nümayəndələrinin fikirləri Gürcüstan televiziyasında nadir hallarda işıqlandırılır.
“Gürcüstan mediası bizi ancaq hər hansı cinayət törədiləndə və ya baş nazir, yaxud prezident rayonumuza gələndə xatırlayır. Başqa vaxt bizim problemlər heç kimi maraqlandırmır. Əksərən isə müsəlman mövzusunun işıqlandırılması da etik qaydaların pozulması ilə müşayiət olunur. Hiss edirik ki, bizi Gürcüstanın tamhüquqlu vətəndaşı kimi qəbul etmirlər”, – Rustavi şəhərinin 23 yaşlı sakini Gülnarə Məmmədova deyir.
İnformasiya mənbələri
Tədqiqata əsasən, Gürcüstanda gənc müsəlmanlar üçün əsas informasiya mənbəyi yerli telekanallardır, onların arasında isə “Rustavi-2” və “İmedi” liderlik edir.
İkinci yerdə müxtəlif regionların müxtəlif nəşrləri gəlir. Acara və Pankisi regionlarında bu Rusiya və Türkiyə mediasıdır, Kvemo Kartlidə (əsasən azərbaycanlıların yaşadığı region) Azərbaycan mediası.
Hər üç regionda əsas informasiya mənbəyi televiziyadır (75.5 faiz), amma internet nəşrlərin (53.9 faiz) və sosial şəbəkələrin də (45.7 faiz) rolu mühümdür.
Respondentlərin mütləq əksəriyyəti bildirib ki, informasiyanı gürcü dilində alır (93.9 faiz). “İkinci dil” olaraq Rusiya mediası liderlik edir (37.1 faiz).
Rusdilli telekanallardan ən populyarı Rusiyanın “Birinci kanalı” (respondentlərin 37.1 faizi), NTV (36.2 faiz) və RTR-dir (29 faiz). Digər xarici telekanallardan isə Britaniyanın BBC (25.9 faiz), Türkiyənin ATV (21.3 faiz) və TRT1 (20.4 faiz) telekanallarıdır.
Kvemo Kartlidə Azərbaycanın OXU.AZ və BİG.AZ saytları, Türkiyənin Cumhuriyyet.com.tr və Milliyet.com.tr gürcüdilli internet nəşrlərdən daha populyardır.