Tbilisi və Gürcüstanın daha üç şəhəri karantin altına alınıb
Aprelin 15-dən Gürcüstanın paytaxtı Tbilisi və daha üç şəhər – Kutaisi, Batumi və Rustavi karantin altına alınacaq.
Həmçinin fövqəladə vəziyyətin mayın 10-a qədər uzadılması təklif olunub.
“Aprelin 14-də Gürcüstanda 30 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bu, epidemiya başlanandan ən yüksək göstəricidir. Ölkədə virusun daxili yayılma mərhələsi başlayıb və təcili tədbirlər görülməlidir ki, yoluxma hallarının çoxalmasının qarşısını almaq mümkün olsun”, – aprelin 14-də mətbuat konfransında baş nazir Giorgi Qaxariya bildirib.
Aprelin 14-ə olan məlumata əsasən, Gürcüstanda 266 koronavirusa yoluxma halı qeydə alınıb. 67 nəfər sağalıb, üç nəfər ölüb.
Fövqəladə vəziyyətin uzadılması
Gürcüstanda martın 21-dən elan olunan fövqəladə vəziyyət aprelin 18-ə qədər (daxil olmaqla) davam etməlidir.
Baş nazirin bildirdiyinə görə, Gürcüstan prezidenti yaxın zamanda parlamentə fövqəladə vəziyyət rejiminin mayın 10-a qədər uzadılması təklifi ilə müraciət edəcək.
Qaxariya vurğulayıb ki, fövqəladə vəziyyətin pozulması hallarına nəzarət daha da sərtləşdiriləcək.
- Qafqazda koronavirus. Yenilənir
- Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
Gürcüstanda rejim çərçivəsində ərzaq mağazaları və apteklərdən başqa bütün kommersiya obyektləri bağlanıb. Metro da daxil olmaqla bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. İnsanlar evdən yalnız xüsusi ehtiyac olduğu zaman çıxa bilər. Martın 31-də bütün ölkə ərazisində saat 21:00-dan səhər 6-a qədər komendant saatı tətbiq olunub.
Daxili yayılmaq təhlükəsi ilə artıq Marneuli, Bolnisi və Lantexi şəhərləri, həmçinin sahilyanı Kobuleti rayonunun dörd kəndi – Qvara, Muxaestate, Leqva və Tsavruka tam karantin altına alınıb.
İri şəhərlərin təcrid olunması və məzarlıq ziyarətinə müvəqqəti qadağa
Aprelin 15-i saat 21:00-dan etibarən 10 gün müddətinə Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş və çıxışlar qadağan ediləcək. Qadağa piyadaların və şəxsi avtomobillərin şəhər daxilində hərəkətinə də şamil ediləcək.
Xüsusi ehtiyac olduğu zaman istisnalar edilə bilər. Şəhərdən çıxmaq və ya şəhərə gəlmək üçün xüsusi icazə almaqdan ötrü 144 “qaynar xətt” nömrəsinə zəng vurmaq lazım olacaq.
Hökumət həmçinin bütün Gürcüstan ərazisində məzarlıqların ziyarətinin müvəqqəti qadağan edilməsi haqda qərarın qəbuluna da baxacaq.
Bu qadağa Məsihin Dirilməsi – Pasxa bayramları ilə əlaqədar insanların doğmalarının məzarlarını ziyyarət etməsi ənənəsi ilə bağlıdır. Koronavirus epidemiyasının yayıldığı günlərdə insanların bu cür kütləvi şəkildə eyni yerə toplaşması təhlükəlidir.
Baş nazirin sözlərinə görə, bütün məzarlıqların (bələdiyyə və özəl) ziyarətə bağlanması ehtimalı haqda qərar yaxın iki gün ərzində qəbul ediləcək.
Pasxa gecəsi kilsələr: “Vəziyyəti böhrana çatdırmaq lazım deyil”
Baş nazir bildirib ki, Pasxa gecəsi məbədləri bağlamaq planlaşdırılmır və o, ölkə sakinlərini “müdrik olmağa”, Gürcüstan dövləti ilə kilsəni mürəkkəb vəziyyətə qoymamağa çağırıb.
“Gəlin, kilsəmizi müdafiə edək və din xadimlərini çətin seçim qarşısında qoymayaq”, – Giorgi Qaxariya deyib.
O, “kilsələrin açıq olduğu və heç kimin qanunu pozmadığı” vəziyyəti ideal adlandırıb.