Gürcüstan: İvanişvilinin keçmiş müşavirinin qəribə həbsi: vudu, köpəkbalıqları və oliqarxın həyatından digər detallar
İvanişvilinin keçmiş müşavirinin həbsi
2025-ci il mayın 27-də Bidzina İvanişvilinin (Gürcüstanın sabiq baş naziri və oliqarx – red.) keçmiş maliyyə müşaviri və bir zamanlar Həminvestisiya Fondunun rəhbəri olmuş Giorgi Baçiaşvilinin həbsi haqqında məlumat yayılıb.
Baciaşvili bu yaxınlarda Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Gürcüstan-Ermənistan sərhədi yaxınlığında saxlanılıb. Ona qarşı 42 milyon dollaradək vəsaitin mənimsənilməsi ittihamı irəli sürülüb.
Baçiaşvilinin beynəlxalq vəkilləri bildirir ki, o, Gürcüstana məcburi şəkildə qaytarılıb və onun saxlanılması Gürcüstanın de-fakto rəhbəri Bidzina İvanişvilinin şəxsi qisas motivi ilə bağlıdır.
Sərhəddə həbs
Gürcüstan DTX-nın məlumatına görə, Giorgi Baçiaşvili mayın 26-da “Qırmızı körpü” və “Sadahlı” keçid məntəqələri arasındakı ərazidə həbs olunub. Onun hansı ölkənin: Azərbaycan, yoxsa Ermənistanın sərhədinə getdiyi dəqiq açıqlanmayıb. DTX-nin məlumatına əsasən, onun yeri anonim informatorun köməyi ilə müəyyən edilib.
Baçiaşvili “İnterpol” tərəfindən “qırmızı bildiriş”lə (beynəlxalq həbs orderinə ən yaxın hüquqi vasitə – JAMnews) axtarılırdı və onun iki vətəndaşlığı var: Gürcüstan və Rusiya.
Baçiaşviliyə qarşı cinayət işi 2023-cü ildə Bidzina İvanişvilinin şikayəti əsasında başlanılıb. Prokurorluq onu 40 milyon dollara qədər dəyəri olan kriptovalyutanın mənimsənilməsində ittiham edib. 2023-cü il iyulun 6-da Tbilisi Şəhər Məhkəməsi onun barəsində 2,5 milyon lari (təxminən $910 min) girov ödənilməsi qətimkan tədbirini seçib. 2025-ci il martın 2-də Giorgi Baçiaşvili Gürcüstanı gizli şəkildə tərk edib. DTX-nin bəyanatında bildirilir ki, o, dövlət sərhədini Ermənistanla keçid məntəqələri vasitəsilə avtomobildə xüsusi gizlənmə üsulu ilə keçib.
Bundan sonra Baçiaşvilinin Qətərdə və ya Birləşmiş Ərəb Əmirliklərində olduğu barədə məlumatlar yayılıb.
Prokurorluq onu axtarışa verib. Bu il martın 10-da Tbilisi Şəhər Məhkəməsi Giorgi Baçiaşvilini kriptovalyuta işi üzrə qiyabi olaraq 11 il azadlıqdan məhrum edib. İvanişvilinin keçmiş silahdaşı “böyük məbləğdə vəsaitin mənimsənilməsi” və “qanunsuz gəlirlərin leqallaşdırılması”, yəni, çirkli pulların yuyulmasında təqsirli bilinib.
Baçiaşvili və onun vəkilləri bu işin siyasi motivli olduğunu bildirirlər.
Giorgi Baçiaşviliyə qarşı daha iki cinayət işi də açılıb: sərhədi qanunsuz keçmək və Həminvestisiya Fonduna rəhbərlik etdiyi dövrdə Mtkvari SES layihəsi ilə bağlı vəzifə səlahiyyətlərini yerinə yetirməmək.
Baçiaşvili sərhəddə necə peyda oldu?
Baçiaşvilinin vəkilləri onun Gürcüstana məcburi qaydada qaytarıldığını iddia edirlər. Müdafiəçilər bu iş üzrə işgəncələrə, qeyri-insani rəftara və ədalətsiz məhkəmə araşdırmasına real risklərin olduğunu vurğulayırlar.
Vəkillərin Vaşinqtonda yayımlanan bəyanatında bildirilir ki, bu həbsi yalnız hüquqi deyil, həm də siyasi kontekstdə qiymətləndirmək lazımdır. Vəkil Robert Amsterdam Gürcüstan hökumətini beynəlxalq hüquqi mexanizmlərdən sui-istifadə etməkdə ittiham edir və Baçiaşvilinin Bidzina İvanişvili tərəfindən siyasi təqibə məruz qaldığını bildirir.
Baçiaşvilinin həbsi ilə əlaqədar fərziyyələr
Mətbuatda Gürcüstan hökumətinin Birləşmiş Ərəb Əmirlikləri ilə gizli razılaşma imzaladığı barədə məlumatlar yayılır. İddiaya görə, Baçiaşvilinin ekstradisiyası müqabilində Tbilisi BƏƏ-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi vəzifəsinə namizədini dəstəkləyib.
Bu iddianın əvvəlində isə qalmaqal yaşanmışdı. Bir neçə gün əvvəl Gürcüstan hökuməti hazırkı baş katib Zurab Pololikaşvilinin namizədliyini yenidən dəstəkləməkdən imtina etmişdi. Həmin vaxt yayılan şayiələrə görə, “Gürcü Arzusu” öz sabiq silahdaşı Pololikaşvilini “başqa birinə dəyişib”.
Baçiaşvilinin “The Guardian”a müsahibəsi: İvanişvili ilə münasibətlər, vudu və başqa mövzular haqqında
Həbsindən bir neçə gün əvvəl Britaniyanın “The Guardian” nəşrinə verdiyi müsahibədə Babiaşvili bildirib ki, iki ölkənin xüsusi xidmət orqanları onu fiziki cəhətdən aradan qaldırılması haqqında əmrin olması barədə xəbərdar ediblər – güman ki, bu, Şimali Qafqazdan fəaliyyət göstərən qruplaşmalar vasitəsilə həyata keçiriləcəkdi.
Məqalədə deyilir ki: “Baçiaşvili on ildən artıq bir müddətdə Gürcüstanın de-fakto lideri hesab olunan, “Gürcü arzusu” partiyasının fəxri sədri və gizli milyarder Bidzina İvanişvili ilə birgə çalışıb”. “The Guardian” həmçinin yazır ki, ötən ilin dekabrında ABŞ Bidzina İvanişviliyə qarşı “Gürcüstanın demokratik və Avroatlantik gələcəyini Rusiya leyhinə sarsıtmaq” ittihamı ilə sanksiyalar tətbiq edib.
Nəşrin yazdığına görə, təhlükəsizlik səbəbilə Baçiaşvili öz yerini açıqlamamağı xahiş edib. Şəxsi incikliyindən asılı olmayaraq, onun hekayəsi İvanişvilinin düşüncə tərzini xarakterizə etmək baxımından maraqlıdır. “O, şəxsi rifahı və təhlükəsizliyi naminə ölkəni və onun maraqlarını qurban verməyə hazırdır”, – deyə İvanişvilinin keçmiş silahdaşı Baçiaşvili bildirib.
Bidzina İvanişvili ilə münasibətlər və “Panama sənədləri”
Məqalədə Giorgi Baçiashvilinin Bidzina İvanişvilinin sağ əli olmasına necə gəlib çatmasından bəhs olunur. Xüsusilə, Baçiashvilinin Moskvada İvanişviliyə məxsus şirkətlərdən birində daşınmaz əmlak alqı-satqısı ilə necə məşğul olmağa başladığı qeyd olunur. Baçiaşvili öz anasının İvanişvilinin anasının göz həkimi olması sayəsində bu vəzifəni əldə etmişdi. Məhz Baçiashvilinin köməyi ilə İvanişvili Gürcüstanda baş nazir seçilməmişdən əvvəl Rusiyadakı aktivlərini satmışdı.
2016-cı ildə yayımlanan “Panama sənədləri” göstərmişdi ki, İvanişvili indi fəaliyyət göstərməyən panamalı Mossack Fonseca şirkəti tərəfindən idarə olunan bir şirkətə sahib olduğunu gizlədib. Bu şirkətin fəaliyyəti isə birmənalı qarşılanmırdı. Lakin Baçiashvilinin “The Guardian”a dediyinə görə, məhz həmin şirkət İvanişvilinin Nyu-York və Londonda saxlanılan 1,3 milyard dollar dəyərindəki art-portfelini idarə edirdi. Mossack Fonseca ilə əlaqəli Lynden Management Ltd-yə nəzarət etmək Baçiashvilinin vəzifəsinə daxil idi.
“2022-ci ildə İvanişvili sanksiyalardan qorxduğu üçün aldığı incəsənət əsərlərini Gürcüstana köçürdü. Gömrük rüsumlarından, əmlak vergisindən və satışdan gələn gəlir vergisindən yayınmaq üçün o, “Ofşorlar haqqında” qanun qəbul etdi. Nəticədə, Gürcüstandan təxminən 400 milyon dollar oğurladı”, – deyə Baçiashvili bildirib.
İvanişvilinin vəkili “The Guardian”a müsahibəsində Baçiashvilinin iddialarını yalan adlandırıb və qeyd edib ki, ofşor aktivlərdən istifadə etmək cinayət deyil.
“Sultanın öz nökərlərinə münasibəti”
Baçiashvilinin sözlərinə görə, İvanişvili ilə onun baş nazirləri arasındakı münasibətlər “qəddar rəhbər və axmaq işçilər” arasındakı münasibətlərə bənzəyirdi.
“Ola bilsin, İvanişvilinin iqamətgahına ən çox qonaq gələn idim”, – deyə o bildirib və əlavə edib ki, oraya baş nazirlərin, hakimlərin, baş prokurorun və daxili işlər nazirinin gəlib-getdiyini görüb. “Bəzən onlara qışqırırdı, bəzən də onları yararsız adlandırırdı. Bu, sanki bir sultanın nökərlərinə münasibəti kimi idi”.
İvanişvilinin vəkili bu bəyanatları milyarderi gözdən salmaq üçün əsassız cəhdlər adlandırıb.
İvanişvili həm də ekzotik heyvan kolleksiyası ilə tanınır, bu heyvanlar arasında zebr və tovuz quşları da var. Baçiashvilinin sözlərinə görə, onun həmçinin delfinləri və köpəkbalıqları da var. “The Guardian” həmçinin İvanişvilinin nadir ağaclara olan marağını qeyd edib. “O, yalnız sahib olduğu şeyləri sevə bilir – onun dünyagörüşü belədir”, – deyə Baçiashvili izah edir.
Onun fikrincə, İvanişvili ölüm qorxusuna qapılıb və müxtəlif eksperimental prosedurlara əl atır: kök hüceyrə köçürməsindən tutmuş, vudu ayinlərinə qədər. Baçiashvilinin sözlərinə görə, İvanişvilinin yanında vudu ustası olan Yuliya Kruşanova yaşayır.
“The Guardian” yazır ki, Kruşanova özünü yaşlanma əleyhinə təbabət üzrə mütəxəssis adlandırır və məlumatlara görə, hazırda rusiyalı kəşfiyyatçı ilə evlidir. İvanişvilinin vəkili Baçiashvilinin Kruşanova ilə bağlı dediklərini təkzib edib: “Bu, absurddur. Sizi əmin edirəm ki, heç bir həkim İvanişvili ilə birlikdə yaşamır və onun üzərində heç bir eksperiment aparılmır”. Kruşanova isə britaniyalı nəşrə şərh verməkdən imtina edib.
“Gürcüstanın müharibədə iştirakı” ilə bağlı müzakirələr və münasibətlərin pozulması
Baçiashvili “The Guardian”a verdiyi müsahibədə bildirib ki, İvanişvili bir müddət Gürcüstanın “Rusiya ilə müharibədə iştirakından” danışmağa başlayıb, sonradan bu fikri “Gürcü Arzusu”nun yüksək vəzifəli rəsmiləri də açıq şəkildə təkrar ediblər.
“O mənə deyirdi ki, Credit Suisse ilə bağlı bütün bu məsələnin əslində bankla heç bir əlaqəsi yoxdur. Guya xarici qüvvələr (amerikalılar) ona Gürcüstanın müharibəyə qoşulması qarşılığında pul ötürmək istəyirdilər.
Bəzən o mənimlə 30–40 dəqiqə danışırdı, xüsusilə də mən ABŞ-də olanda. Mənə müharibə barədə düşüncələrini bölüşürdü. Deyirdi ki, onun başına silah dayasalar da belə əmrlərə tabe olmayacaq. Təəccüblənirdim ki, bu insan hər gün mənimlə bu mövzuda niyə 40 dəqiqə danışır? Sonra başa düşdüm ki, telefon danışıqlarımızın dinlənildiyini düşünür. Bəzən isə deyirdi: “Dostlarına de ki, mən bu cür düşünürəm””, – deyə Baçiashvili danışıb.
Onun sözlərinə görə, 2022-ci ilə qədər İvanişvilinin belə bir xülyası var idi ki, onun kölgə liderliyi altında Gürcüstan Avropa İttifaqının üzvü olacaq. Lakin sonradan aydın oldu ki, bu idarəetmə sistemi ilə Aİ Gürcüstanı qəbul etməyəcək. Baçiashviliyə görə, məhz bu reallıq İvanişvilinin Rusiyaya yaxınlaşmasına səbəb olub. İvanişvilinin vəkili bu fikirləri əsassız adlandırıb və əlavə edib ki, məhz onun rəhbərliyi dövründə Gürcüstan Aİ-yə namizəd ölkə statusu alıb.
Baçiashvili həmçinin bildirib ki, Ukraynada müharibə başlayandan sonra o, açıq şəkildə Ukraynanı dəstəkləməyə başlayanda İvanişvili ilə münasibətləri pisləşib. Onun sözlərinə görə, İvanişvili hətta İnstaqramda Ukraynaya dəstək paylaşımlarına görə ona zəng edib: “Bu, onun ilk dəfə qəzəbləndiyi an idi. O, mənə qışqırırdı və hədələyirdi. Əsas mesaj bu idi: “Yaxşısı budur, sus və yerini bil”. İvanişvilinin vəkili belə bir danışığın baş verdiyini təkzib edib.
“The Guardian” həmçinin İvanişvili ilə Baçiashvili arasında kriptovalyuta sövdələşməsinin başlamasından və bundan sonra aralarında yaranan qarşıdurmadan və məhkəmə təqibindən yazır.
Saxlanılma və hədələr
Baçiashvili “The Guardian”a müsahibəsində bildirib ki, Gürcüstanın DTX əməkdaşı ona İvanişvilinin onu həbsxanada öldürməklə hədələdiyini deyib. İvanişvilinin vəkili bu iddianı “sarı mətbuat səviyyəsində” adlandırıb.
Baçiashvili Gürcüstandan getmək qərarının asan olmadığını deyib: “Hər şeyi arxada qoydum və nə edəcəyimi, alınıb-alınmayacağını bilmirdim. Amma bir şeyi dəqiq bilirdim: həbsxanada məni ölüm gözləyir”.
Onun sözlərinə görə, Gürcüstanda ona qarşı ittiham irəli sürüldükdən sonra həm Gürcüstan, həm də Rusiya pasportları əlindən alınıb. Lakin Rusiya pasportunun müddəti bitdiyi üçün sənədi Rusiyada yeniləyə bilib. Bu pasportla əvvəlcə Ermənistan sərhədini keçib, daha sonra Qətərə uçub. Onun sonradan hara getdiyi məlum deyil.
Baçiashvili qeyd edib ki, onun öldürülməsi ilə bağlı göstəriş verildiyi barədə xəbərdarlıq alıb. Amma o, bu əmrin şəxsən İvanişvilidən gəldiyinə inanmır:
“Düşünürəm ki, bu əmr xüsusi xidmət orqanları və ya hansısa ölkənin İvanişvilini zəiflətmək istəyən digər qüvvələri tərəfindən verilmiş ola bilər. Əgər onu mənim qətlimdə günahlandıra bilsələr, bu, onun ABŞ-la normal dialoq qurmaq imkanlarını azaldacaq və onu həmin dairələrin təsirinə daha çox salacaq”.
Baçiashvilinin fikrincə, bəlkə də İvanişvili onu Qərb casusu hesab etdiyi üçün ondan üz çevirib: “İvanişvili üçün hakimiyyəti əlində saxlamaq bəşəri məsələdir. Bu mübarizə onun üçün sözün əsl mənasında həyatda qalmaq uğrunda mübarizədir”.
İvanişvilinin keçmiş müşavirinin həbsi
Azərbaycanda xəbərlər