Gürcüstan ilk koronavirusun aşkarlanması halını necə qarşıladı? Hakimiyyətin və vətəndaşların reaksiyası
Fevralın 26-da Gürcüstanda yeni koronavirusun ilk aşkarlanması halı təsdiqini tapıb.
Axşamdan xeyli keçmiş xüsusi brifinqdə səhiyyə naziri Yekaterina Tikaradze bildirib ki, virus fevralın 25-də Azərbaycan vasitəsilə İrandan gəlmiş Gürcüstan vətəndaşında aşkarlanıb.
Onun təxminən 50 yaşı var. Həkimlərin sözlərinə görə, hazırda o, özünü yaxşı hiss edir, temperaturu aşağıdır (37 dərəcə) və o, Tbilisidəki infeksion xəstəxanada izolyasiya olunmuş palatada müalicə kursu alır.
Kişi Gürcüstan-Azərbaycan sərhədindən birbaşa infeksion xəstəxanaya çatdırılıb. Sərhəddə gömrük əməkdaşları məsafədən onun temperaturunu ölçüblər və temperatur yüksək olduğuna və vətəndaşın İrandan gəldiyinə görə pasiyent dərhal müayinə olunmağa göndərilib.
Buna baxmayaraq, səhiyyə naziri bildirib ki, Gürcüstanda epidemiyanın yaranması təhlükəsi yoxdur. Baş nazir isə deyir ki, müvafiq orqanlar ölkədəki vəziyyətə tam nəzarət edirlər və təşviş üçün heç bir əsas yoxdur.
• Koronavirus: İtaliya Avropada və digər qitələrdə xəstəliyi yayan mənbəyə çevrilir. Yenilənmə
Yoluxmuş şəxsin yerdəyişmələri və kiminlə ünsiyyətdə olması haqqında nə məlumdur
Yoluxmuş kişinin müalicəsi ilə paralel olaraq mütəxəssislər hazırda onun xəstəlik tarixçəsini və İran ərazisindən başlayaraq kiminlə ünsiyyətdə olmasını araşdırırlar.
Məlumdur ki, o, Gürcüstana mikroavtobusla gəlib.
Xəstəliklərlə mübarizə üzrə milli mərkəzin başçısı Amiran Qamkrelidze brifinqdə bildirib ki, mikroavtobusda onun birlikdə getdiyi bir neçə şəxs identifikasiya olunub. Qamkrelidze onların Gürcüstan vətəndaşı olub-olmamasını dəqiqləşdirməyib.
O deyib ki, onlardan bəziləri Azərbaycanda karantinə yerləşdirilib. Yoluxmuş şəxsin bilavasitə yol yoldaşı isə Tbilisidəki infeksion xəstəxanada karantində olub, artıq testdən keçirilib və onda koronavirus təsdiq olunmayıb.
Karantinə yoluxmuş şəxslə sərhəddə ünsiyyətdə olmuş gömrükçülər də yerləşdirilib. Nazirin sözlərinə görə, gömrük əməkdaşları tamamilə xüsusi geyimdə olublar və bu, onların yoluxma riskini azaldır.
Gürcüstanda başqa şübhəli hallar olubmu?
Tbilisidəki Luqar laboratoriyası bu gün fevralın 26-na keçən gecə Tbilisi infeksion mərkəzinə yerləşdirilmiş daha iki Gürcüstan vətəndaşının koronavirusa yoluxması ilə bağlı suala cavab verməlidir. Onların hər ikisi İranda olublar və fevralın ortalarında Gürcüstana qayıdıblar.
Səhiyyə nazirinin sözlərinə görə, hazırda infeksion xəstəxanada yalnız 10 pasiyent var və bunların 5 nəfəri İtaliyadan (bir italiyalı və dörd Gürcüstan vətəndaşı), daha beş nəfəri isə İrandan (bir Gürcüstan vətəndaşı və dörd Azərbaycan vətəndaşı) gəliblər.
Daha 13 vətəndaş, onlarda koronavirus aşkarlanmasa belə, 14 günlük inkubasiya dövrünü karantində keçirəcəklər. Onları Gürcüstanın müxtəlif regionlarında xüsusi olaraq hazırlanmış otellərə yerləşdiriblər.
Səhiyyə sektoru nə dərəcədə hazırlıqlıdır?
Gürcüstanda ilk koronavirusa yoluxma halı aşkarlanandan sonra ölkə aşağı risk zonasından yüksək risk zonasına keçib və bu o deməkdir ki, “B planı” tətbiq olunub – bu isə özündə tibbi heyətin pasiyentlərin qəbuluna hazırlığını ehtiva edir.
Amiran Qamkrelidzenin sözlərinə görə, ölkənin səhiyyə sisteminin bütün bəndləri buna hazırdır – laboratoriya tədqiqatlarından tutmuş, klinikalardakı yerlər və reanimasiya şöbələrinin hazırlığına qədər.
Gürcüstanda koronavirus testləri Luqar adına Gürcüstan-Amerika laboratoriyasında aparılır ki, bunun da ixtiyarında iki mindən çox test var. Analiz 4-5 saat vaxt aparır.
500 xəstə çarpayısı olan dörd infeksion xəstəxana (Tbilisidə, Kutaisidə, Batumidə və Zuqdididə) bütün ölkə üzrə xəstələri qəbul etməyə hazırdır. Əgər yoluxmuş şəxslərin sayı çox olarsa, onlar çoxprofilli klinikalara yerləşdiriləcəklər. Ümumilikdə, ölkədə 14 000 xəstə çarpayısı və 120 izolyasiya olunmuş palata (boks) mövcuddur.
Amiran Qamkrelidzenin sözlərinə görə, digər pandemik qriplə iş təcrübəsi olan həkimlər tam hazırlıqlı vəziyyətdədirlər. Onlar bu mərhələdə tələb olunan xüsusi geyimlərlə təmin ediliblər.
O ki qaldı ehtiyat tədbirlərinə, Gürcüstan artıq Çinə və İrana uçuşları dayandırıb. Lakin koronavirusun ilk aşkarlanma halından sonra İranla əlaqə praktiki olaraq iki həftəlik dayandırılıb – Gürcüstan vətəndaşları İrana, İran vətəndaşları isə Gürcüstana gələ bilməzlər.
Səhiyyə nazirinin sözlərinə əsasən, hazırkı mərhələdə Gürcüstanda fövqəladə vəziyyət elan etməyə zərurət yoxdur.
Eyni zamanda, tədris prosesini kəsmək də planlaşdırılmır.
“Epidemiya təhlükəsi yoxdur”, – Yekaterina Tikaradze deyib.
Baş nazir Giorgi Qaxariya xüsusi olaraq yaradılmış Qurumlararası şuraya göstəriş verib ki, ictimaiyyət hər gün koronavirusla bağlı məlumatlandırılsın.
“Hökumətimizin, səhiyyə sisteminin əsas vəzifəsi [təhlükənin] vaxtında aşkar edilməsidir eyni zamanda bizim vətəndaş olaraq başlıca vəzifəmiz əsas şəxsi gigiyena qaydalarına riayət etməkdir. Bu isə çətin deyil”, – baş nazir bildirib.
Vətəndaşların reaksiyası
Bu bəyanatlara baxmayaraq, Gürcüstanda koronavirusa yoluxmanın ilk halının aşkarlanması əsl təşvişə səbəb olub.
Birincisi, bu, özünü apteklərdə nəhəng növbələrin yaranmasında göstərdi – vətəndaşlar ehtiyat üçün tibbi maska və dərmanlar almağa çalışırdılar.
Həmçinin ilk virus halı barədə məlumatın yayılmasından sonrakı iki saat ərzində Tbilisidəki supermarketlərin piştaxtaları, demək olar ki, boşalıblar – insanlar kütləvi halda ərzaq, ələlxüsus da tez korlanan ərzaq mallarını ehtiyat üçün almağa başlayıblar.
Bütün bunlar “Facebook”un gürcü sektorunda xeyli zarafata səbəb olub. Təşviş dolu statuslarla yanaşı, burada xeyli sayda yumoristik qeydlər və memlər peyda olub.
Misal üçün, jurnalistlərin infeksion xəstəxanada çəkdikləri video istifadəçiləri daha çox şənləndirib.
Bu videoda karantində olan İran vətəndaşı jurnalistlərə deyir ki, sağlamdır, onda virus yoxdur və evə gedə bilər. Bu vaxt tibb işçiləri çıxır və onu yenidən xəstəxanaya aparırlar. Həmin videonu təxminən on min nəfər paylaşıb: