Gürcüstanda HİV-ə yoluxmuş insanlar necə yaşayır
2020-ci ildə Gürcüstanda HİV-ə 496 yeni yoluxma qeydə alınıb. Bu, ümumilikdə rəsmi olaraq 5.379 nəfərin (Abxaziyada 600 nəfər daxil olmaqla) pozitiv HİV statusuna sahib olması deməkdir.
Dekabrın 1-də bütün dünyada HİV-lə mübarizə gününü qeyd edirlər. Gürcüstanda birinci HİV/QİÇS-ə yoluxma halı 1989-cu ildə qeydə alınıb. O vaxtdan bu günə çox şey dəyişib. Yeni yaranan müalicə metodları və dərmanların köməyi ilə HİV xroniki, idarə edilə bilən xəstəliyə çevrilib. Bununla belə, Gürcüstanda cəmiyyətin HİV-ə yoluxmuş insana münasibətində az şey dəyişib. Onlar üçün stiqma və diskriminasiya hələ də keçilməz problem olaraq qalır.
HİV hələ də ölümlə assosiasiya olunur, çoxları hələ də infeksiyanın necə ötürüldüyünü bilmir və yoluxanlarla əlaqədən qaçırlar.
JAMnews illərlə HİV diaqnozu ilə yaşayan, həm də onlarla bilavasitə əlaqədə olan insanlarla söhbət edib.
- Nifrət içində həyat. Gürcüstanda LGBT və onların valideynləri
- Yeni narkosiyasət: Portuqaliyanın nümunəsi nəyi öyrədir?
Tamuna, 34 yaş:
Bu gün başqa yoluxanlara yardım edən Tamuna özü 9 il əvvəl həbsxanada yoluxub. Bu günə qədər də yoluxma səbəblərini bilmir, ya kor bağırsağına olunan əməliyyat, ya da stomatoloqun qəbulunda yoluxduğundan şübhələnir. O vaxtdan onun həyatı dəyişib.
Tamuna danışır: “Mən açıq şəkildə HİV-ə yoluxduğumu deyən gündən qadın koloniyasının 1800 məhbusundan mənimlə tək-tük adamlar ünsiyyət qurdu. Mən yaxın dostlarımın necə uzaqlaşdığını, onlar üçün necə yadlaşdığımı görürdüm. Adamların mənimlə münasibətdən qaçdığını görürdüm, buna görə də özümü artıq hiss edirdim”.
Deyir ki, diaqnozunu yaxınları belə çətinliklə qəbul etdi: “Axı bilirsiniz, Gürcüstanda belə bir stereotip var ki, QİÇS-ə yoluxan adam ya narkoman, ya da seks biznes işçisidir”.
Tamuna tək məhbuslar tərəfindən deyil, həkimlər tərəfindən də diskriminasiya ilə qarşılaşdığını deyir. Azadlığa çıxandan sonra özünə iş tapa bilmirdi – deyir ki, öz sağlamlığı ilə bağlı heç nəyi gizlətmədiyinə görə bütün qapılar üzünə bağlanırdı.
Çətinliklərin öhdəsindən gəlməyə Tamunaya art-terapiya kömək edir. “Şəkil çəkirəm, tikiş tikirəm, dekorativ yastıqlar düzəldirəm və bu mənə çox kömək edir. Müalicə alıram, dərmanlar qəbul edirəm və bilirəm ki, onları ömrümün sonunadək qəbul etməliyəm. İndi mənim qanımda virus yoxdur, hamı kimi yaşayıram. Sadəcə öz sağlamlığımı həmişə nəzarət altında saxlayıram və tez-tez analizlər verirəm”.
Tamuna deyir: “Mən öz statusumu gizlətmirəm.Hamı üçün nümunə olmaq istəyirəm və HİV-ə yoluxmuş bütün qadınlara demək istəyirəm ki, onlar sağlam uşaq dünyaya gətirə bilər və öz xoşbəxtliklərindən imtina etməməlidirlər. Mənim üç uşağım var və onların ikisini yoluxduqdan sonra dünyaya gətirmişəm. Hər iki uşaq da sağlamdır. Mən HİV-ə yoluxmuşam, amma cəmiyyət üçün təhlükəli deyiləm”.
Tariel 39 yaş:
Yoluxduğumu 2015-ci ilin sonlarında bilmişəm. Ondan əvvəl bir necə ay xəstə oldum, yeni ilə bir gün qalmış isə HİV analizinin nəticələrini aldım. Nə hiss etdiyimi təsəvvür etmək çətindir. Çox qorxdum, hətta ağladım da. Cəhənnəmi görüb gəldim. Diaqnozla barışmağım üçün iki ay vaxt lazım oldu. Yanımda məsləhət və ya məlumat verəcək heç kim yoxuydu. Axırda internetdə HİV-ə yoluxanların yığışdığı rusdilli qrup tapdım. Onlar öz təcrübələrini bölüşdülər, məsləhətlər verdilər, məni sakitləşdirdilər. İndi mən müalicə alıram, dərmanları ömrümün sonunadək qəbul etməliyəm. Əlbəttə həyat tərzini dəyişməyə məcbur oldum. Yaxşı tamadaydım və içkini sevirdim. İndi içmirəm.
Başqa özümü heç nədə məhdudlaşdırmıram, başqaları kimi yaşayıram. Yoluxduğumu gizlətmirəm. Bilməyən yeganə adam anamdır. O xəstədir, narahat olmağını istəmirəm. İndi hamıya deyirəm ki, sağlamlıqlarının qeydinə qalsınlar. Mən qorunmadan cinsi əlaqədə olarkən yoluxmuşam və istəyirəm ki, başqaları üçün mənim bu səhvin dərs olsun. İndi HİV-ə yoluxan və şokdan çıxa bilməyənlərə səslənirəm, qorxmayın, HİV ölüm hökmü deyil!
Zaza, 32 yaş:
Məndə HİV-i yeddi il əvvəl aşkarlayıblar. Necə yoluxduğumu bilmirəm – qorunmadan cinsi əlaqədə olmağımdan başqa, həm də stomatoloq xidmətlərindən istifadə etmişəm. Mən hətta ailə üzvlərim tərəfindən də diskriminasiya qurbanı oldum: onlar mənimlə fiziki kontaktdan qaçır, mənə ayrıca fincan və boşqab ayırdılar.
Mən uzun müddət onları inandıra bilmədim ki, öpüşməklə və ya qucaqlaşma ilə HİV-ə yoluxmursan. Sevgilim varıydı, mən öz diaqnozum barədə ona danışmağı lazım bildim. Bundan sonra o, mənimlə əlaqəni kəsdi. Müalicə alıram, özümü yaxşı hiss edirəm, amma öz diaqnozum barədə açıq danışmıram. Hələ ki cəmiyyətin bunu qəbul etmə səviyyəsi bu qədər aşağıdır, yəqin ki, deməyəcəm də.
İnfeksionist Maya Butsaşvili
O, Gürcüstanda HİV-ə yoluxmuş insanları müalicə edən ilk həkimlərdən biridir. Maya deyir ki, HİV-ə yoluxanlar indiyə qədər də diskriminasiyadan əziyyət çəkir.
“1996-cı ildə HİV-ə yoluxan adamın öldüyünü xatırlayıram, onun yasına heç kim gəlmədi. Xəstənin evinin yandırıldığı hal da olub. Həkimlər onları müalicə etməkdən imtina edirdi. 15 il əvvəl Tbilisidə HİV-ə yoluxan qadınları qəbul edən bircə nəfər ginekoloq varıydı. Deyə bilmərəm ki, HİV-ə yoluxan adamlara qarşı münasibət çox dəyişib. Demək olmaz ki, onlar təqib olunur və ya sıxışdırılır, buna baxmayaraq, cəmiyyət HİV-ə yoluxanlara qarşı tolerant deyil”.
Statistika 2020
2020-ci ilin yayına qədər Gürcüstanda rəsmi olaraq HİV infeksiyası ilə əlaqəli 8.598 hal qeydə alındı. Bunlardan 6.422 nəfəri kişi, 2.176 nəfəri qadındır.
Xəstələrin çoxu 29-40 yaş arasındadır.
Gürcüstan HİV / AİDS-in yayılma səviyyəsi aşağı olan ölkələrin siyahısına daxildir və son yerlərdən birini tutur.
Bununla birlikdə, çox güman ki, yoluxmuş insanların həqiqi sayı iki dəfə çoxdur, bu da Gürcüstan kimi kiçik bir ölkə üçün elə də kiçik sayılmayan göstəricidir.
Gürcüstanın QİÇS-lə Mübarizə Mərkəzinin bildirdiyinə görə, yoluxmuşların 40,1 faizi inyeksion narkotik istifadəçiləri, 46,2 faizi heteroseksual təmas, təxminən 11 faizi isə homo və biseksual təmaslar nəticəsində yoluxub.
Yoluxanların təxminən yarısı hamiləlik dövründə analardan yoluxmuş uşaqlardır. Gürcüstanda 103 HİV-ə yoluxmuş uşaq var.
Daha 0,5% yoluxan isə qan köçürülməsi nəticəsində HİV-ə yoluxub.
HİV nə deməkdir?
İnsan immun çatışmazlığı virusu (İİV) ötən əsrin sonlarında aşkar edilib. ABŞ-da epidemiyası 1981-ci ildə başlayıb və daha sonra bütün dünyaya yayılıb. Virusun ABŞ-a Afrikadan daxil olduğu düşünülür.
Bədənin yoluxması nəticəsində immunitet zəifləyir. Bir neçə il proses nəzərə çarpmır və QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) inkişaf edir.
HİV-ə yoluxma bir insanda QİÇS var demək deyil. Yoluxmuş insan yalnız müalicə olunmazsa, QİÇS xəstəsi olur – immuniteti o qədər zəifləyir ki, heç bir xəstəliyin öhdəsindən gələ bilmir.
Bu gün HİV artıq ölüm hökmü deyil. Virusdan tamamilə xilas olmağın bir yolu olmasa da, inkişafını dayandırmaq və immuniteti gücləndirmək mümkündür.
Müasir müalicə üsulları sayəsində HİV xroniki xəstəlik halına gəlib. Virus bədəndə qalır, ancaq insana zərər vermir. Müalicə nəticəsində xəstələr xoşbəxt həyat yaşayırlar.
Virus nə qədər tez tapılarsa, müalicə o qədər effektiv olur. Yoluxmuş insanlar gündə bir və ya iki tablet dərman qəbul edirlər, dərmanların, demək olar ki, heç bir əks təsiri yoxdur.
Əsas odur ki, müalicə olunan şəxs artıq virusu yaymır.
Xəstəliyin erkən aşkarlanması hamilə qadınlar üçün vacibdir – yoluxmuş bir ana hamiləliyin ilk üç ayında zəruri dərmanları qəbul edərsə, uşaq yoluxmaz.
Davamlı müalicə də vacibdir, çünki HİV-in yayılmasının qarşısını almağa kömək edir – nəticədə, bədəndə virusun miqdarı minimuma enir və xəstə artıq infeksiya mənbəyi olmur.
Gürcüstanda HİV/QİÇS-in diaqnostikası və müalicəsi pulsuzdur. Proqram Gürcüstan hökuməti və Qlobal Fond tərəfindən birgə maliyyələşir.
Fond həm də zərərin aşağı salınması proqramlarını maliyyələşdirir. “Riskin aşağı salınması şəbəkəsi” çərçivəsində Gürcüstanın 11 şəhərində inyeksyon narkotik istifadəçilərinə müxtəlif xidmətlər – birdəfəlik şprislər, müxtəlif tibbi yardım təklif edən 14 mərkəz fəaliyyət göstərir. Mərkəzlərdən biri “HEPA+”dur. Onun rəhbəri, professor Manana Soloqaşvili mərkəzə gələn HİV-ə yoluxan adamların öz diaqnozu ilə bağlı qarşılaşdığı problemlərdən danışır.
HİV/QİÇS-ə yoluxmağın üç yolu:
- Qorunmadan sekslə məşğul olmaq;
- Qan vasitəsi ilə (steril olmayan tibbi alətlər, şprislər, yoluxmuş qanın köçürülməsi );
- Vertikal – anadan uşağa;
HİV/QİÇS hava-damcı, əl sıxma, qucaqlaşma, öpüş, ümumi hamam-tualet istifadəsi və təhlükəsiz seks yolu ilə keçmir.
Gürcüstanda üzə çıxan son tendensiyalar
- Son araşdırmalar HİV-in inyeksyon narkotiklərin qəbulundan artmadığını göstərir. “Zərərin azaldılması şəbəkəsi”nin meneceri Maka Qoqiyanın sözlərinə görə, bu, pulsuz şprislərin paylanmasının nəticəsidir.
- HİV-in heteroseksual münasibətlər yolu ilə kişidən qadına keçməsi halları artıb.
- Kişilərlə seksual münasibətləri olan kişilər kimi əlçatan olmayan qrupda yoluxanların sayı artıb.
Əsas çağırışlar
- Gec diaqnostika. “Açıq cəmiyyət-Gürcüstan” Səhiyyə fondu proqramının koordinatoru Mari Çoxeli deyir ki, “analar vaxtında müayinədən keçsəydi, 103 uşaq HİV-lə doğulmazdı”.
- Əhalinin məlumatsızlığı bir tərəfdən virusun çoxalmasına, digər tərəfdən də yoluxanlara damğa qoyulmasına və diskriminasiyasına səbəb olur.
- Gürcüstanda QİÇS, vərəm və malyariyanın müalicəsini maliyyələşdirən Qlobal fond mərhələli olaraq (2020-ci ilə qədər) ölkədə işini yekunlaşdırır. Bu proqramların maliyyələşdirilməsini dövlət tam olaraq öz üzərinə götürməlidir. Hazırda dövlət dərmanların alışını qismən öz üzərinə götürür, amma zərərin azaldılması proqramlarını da maliyyələşdirib-maliyyələşdirməyəcəyi hələlik məlum deyil.
- Gürcüstanın narkotik istifadəçilərinin cinayət təqibini nəzərdə tutan narkosiyasəti. Mütəxəssislər dövlətin ziyanın aşağı salınması proqramının maliyyələşdirməsinin çətin olacağını deyir, belə ki, benefesiarlar dövlətə inanmır. “Hazırda Qlobal fond şprisləri anonim paylayır, amma hökumət anonim istifadəçilərə pul xərcləyəcəkmi? Proqram anonim olmadıqda da narkotik aludəçiləri şpris dalınca gəlməyəcək”, – Maka Qoqiya deyir.