Gürcüstan hakimiyyətinin xidmətində olan altıbarmaqlı "trollar": Myth Detector 445 saxta hesab aşkarlayıb
Gürcüstanda hakimiyyətyönlü saxta hesablar
Myth Detector təşkilatı 445 saxta hesabdan ibarət yeni “troll” şəbəkəsi aşkarlayıb. Bu, redaksiya siyasəti hökumətin mövqeyi ilə üst-üstə düşən “İmedi” və “Rustavi 2” telekanallarının Facebook səhifələrində aparılan monitorinq nəticəsində üzə çıxıb.
Bu hesabların sahibləri koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Onlar baş nazir İrakli Kobaxidzenin, parlament sədri Şalva Papuaşvilinin, Tbilisi meri Kaxa Kaladzenin, eləcə də hakimiyyətyönlü filosof Zaza Şatirişvilinin paylaşımlarını bəyənirlər.
Söhbət müxalifət partiyalarının qadağan edilməsi, Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsi və ölkənin suverenliyinin məhdudlaşdırılması kimi mövzulara həsr olunmuş paylaşımlardan gedir. Myth Detector təşkilatının qiymətləndirməsinə görə, bu fəaliyyətin məqsədi hökumətin ritorikasının cəmiyyətdə geniş dəstək qazandığı təəssüratını yaratmaqdır.
Təşkilat əvvəlki araşdırması zamanı da 434 oxşar profil aşkarlamışdı. Myth Detector yeni hesabların ortaya çıxmasının bu praktikanın davam etdiyini göstərdiyi qənaətindədir.
Monitorinq nəticəsində saxta hesablar şəbəkəsinə xas bir sıra ortaq xüsusiyyətlər müəyyən edilib: eyni profil şəkilləri, süni intellekt vasitəsilə yaradılmış təsvirlərə xas anatomik və coğrafi uyğunsuzluqlar, təkrarlanan ad və soyadlar, eləcə də sosial şəbəkələrdə oxşar davranış modelləri.
Myth Detector layihəsinin məlumatına görə, bu hesabların əksəriyyəti iki gün ərzində yaradılıb: 329 profil 25 avqust 2026-cı ildə, 109 profil isə avqustun 26-da qeydiyyatdan keçirilib.
Aşkarlanan 445 hesabdan 316-sının profil şəkli süni intellekt vasitəsilə yaradılıb. Qalan 129 hesabda isə ictimai xadimlərin fotolarından, mənzərə şəkillərindən, plakatlardan və ya digər sosial şəbəkə istifadəçilərinin fotolarından istifadə olunub.
Təşkilat bildirir ki, yeni aşkarlanan bu hesabların bəziləri ISFED qeyri-hökumət təşkilatının oktyabr ayında müəyyən etdiyi profillərlə üst-üstə düşür.
Saxta hesablar hansı paylaşımları bəyənir?
Myth Detector təşkilatının apardığı təhlilə əsasən, Facebook-da şübhəli hesabların “İmedi” və “Rustavi 2” telekanallarının paylaşımları ətrafında fəallığı əsasən baş nazir İrakli Kobaxidzenin, parlament sədri Şalva Papuaşvilinin və Tbilisi meri Kaxa Kaladzenin siyasi bəyanatlarına yönəlib.
Koordinasiyalı şəkildə qoyulan bəyənmələr xüsusilə müxalifət partiyalarının mümkün qadağan edilməsi, Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsi, eləcə də Qərb institutlarının ölkənin suverenliyini məhdudlaşdırması ilə bağlı paylaşımlarda nəzərə çarpıb.
Saxta hesablar İrakli Kobaxidze və Kaxa Kaladzenin müxalifət partiyalarına qarşı Konstitusiya Məhkəməsinə təqdim edilmiş iddia ilə bağlı paylaşımlarını fəal şəkildə bəyəniblər. Xüsusilə “Rustavi 2” telekanalının bir paylaşımında koordinasiyalı fəallıq müşahidə olunub. Həmin paylaşımda Gürcüstan Xarici İşlər Nazirliyi Aİ nümayəndələrinin müxalifət partiyalarının mümkün qadağan edilməsinə dair tənqidi qiymətləndirmələrini ölkənin daxili işlərinə müdaxilə və Konstitusiya Məhkəməsinə təzyiq göstərmək cəhdi kimi xarakterizə edib.
Şalva Papuaşvilinin bəyanatları ətrafında fəallaşan hesablar xarici müdaxilənin Gürcüstanda azadlıq və demokratiya üçün təhlükə yaratdığı fikrini dəstəkləyiblər.
Koordinasiyalı bəyənmələr Fransada və Avropanın digər şəhərlərində etiraz aksiyalarının dağıdılması üsullarının tənqid edildiyi, bu hadisələrlə Gürcüstandakı vəziyyət arasında paralellərin aparıldığı paylaşımlarda da qeydə alınıb.
Bu hesabların fəaliyyəti yalnız yüksəkvəzifəli məmurların bəyanatlarına reaksiya verməklə məhdudlaşmır.
Myth Detector təşkilatının məlumatına görə, hökuməti dəstəkləyən filosof Zaza Şatirişvilinin paylaşımlarında da koordinasiyalı bəyənmələr müşahidə olunub. Şatirişvili hakim komandanın və onunla əlaqəli anti-Qərb platformalarının əsas ideoloqlarından biridir. Onun ritorikası hakim partiyanın və onunla əlaqəli “Xalqın Gücü” hərəkatının təbliğ etdiyi narrativlərlə sıx səsləşir.
Bundan əlavə, Bidzina İvanişvilinin partiya tədbirində iştirakını əks etdirən paylaşımda, eləcə də Xarici İşlər Nazirliyinin bəyanatını işıqlandıran materiallarda koordinasiyalı bəyənmələr qeydə alınıb.
Süni intellektlə yaradılmış fotolar və şəxsiyyət məlumatlarının oğurlanması
Araşdırmaya əsasən, saxta hesabların əhəmiyyətli hissəsi real insanların profillərini təqlid etməyə çalışır.
Bunun üçün müxtəlif yaş qruplarına, peşələrə və maraq dairələrinə malik insanların fotolarından və bioqrafik məlumatlarından istifadə olunur. Bu isə hökumət tərəfdarlarının cəmiyyətin müxtəlif təbəqələrini təmsil etdiyi təəssüratını yaradır.
Profillərdə iş yeri kimi müxtəlif qurumlar göstərilir: bələdiyyə və dövlət müəssisələri, banklar, sığorta və mikromaliyyə təşkilatları, eləcə də “Azadlıq Radiosu” və hətta “Pirveli” telekanalı kimi aparıcı media qurumları.
Bəzi hallarda iş yeri haqqında məlumat profildəki digər məlumatlarla uyğun gəlmir. Məsələn, Levan Kavtaradzenin adına qeydiyyatdan keçirilmiş hesabda üzüm yığımı zamanı avtomobilin yanında dayanan şəxsin fotosu yerləşdirilib. Lakin həmin profildə iş yeri kimi Voulez-Vous ətir və kosmetika mağazası göstərilib.
Keti Giorqadzenin profilində iş yeri kimi “Azadlıq Radiosu”, Temo Xitarişvili və Nutsa Simonianın hesablarında isə “Pirveli” telekanalının xəbər xidməti qeyd olunub.

Hive Moderation platformasının məlumatına görə, 445 hesabda aşkarlanan fotoların süni intellekt vasitəsilə yaradılma ehtimalı 90%-dən yüksəkdir. Bəzi hallarda bu göstərici 100%-ə çatır.
Şəkillərdə anatomik qüsurlar, ətraf mühitlə bağlı uyğunsuzluqlar və təhrif olunmuş mətnlər müşahidə edilir. Bütün bunlar neyroşəbəkələr vasitəsilə yaradılmış kontentin xarakterik əlamətləridir. Bəzi fotolarda barmaqların sayı və ya forması qeyri-təbii görünür, digərlərində isə binaların memarlıq detalları, loqotiplər və dövlət rəmzləri təhrif olunub.
Simoniko Canaşianın adına açılmış hesabda paylaşılan fotoda təsvir edilən şəxsin fincan tutduğu sol əlində beş əvəzinə altı barmaq görünür. Bundan əlavə, şəklin sağ aşağı küncündə Gemini neyroşəbəkəsi vasitəsilə yaradılmış təsvirlərə xas işarə nəzərə çarpır.

Digər nümunələrdə şərab qədəhi tutan əlin çeçələ barmağı yoxdur, əllər isə qeyri-təbii şəkildə bir-birinə və ya geyimə qarışır.
Tako Dvalişvilinin paylaşdığı fotoda əlində kitab tutan şəxs təsvir olunub. Lakin kitabın üz qabığındakı mətn təhrif edilib. “Gürcüstan tarixi” sözlərinin əvəzinə orada oxunması mümkün olmayan yazı görünür.
Təşkilatın məlumatına görə, coğrafi uyğunsuzluqlar da aşkarlanıb. Gürcüstandakı məşhur məkanların real görüntüləri ilə müqayisə göstərir ki, süni intellekt binaların memarlıq detallarını və ətraf landşaftı dəyişdirir, bəzən isə hətta reallıqda mövcud olmayan tikililər əlavə edir.
Köhnə profillərin vizual tərtibatının təkrarlanması
Araşdırma göstərib ki, yeni aşkarlanan bəzi hesablarda əvvəllər Myth Detector layihəsinin müəyyən etdiyi və sonradan Facebook şirkəti tərəfindən silinmiş hesablarda istifadə olunan profil şəkillərinə rast gəlinir.
Bəzi hallarda bu vizual oxşarlıq süni intellekt vasitəsilə yaradılmış təsvirlərə xas eyni anatomik qüsurlarla da müşayiət olunur. Məsələn, Tako Çağelia və Nia Qamkrelidzenin adlarına açılmış şəxsi profillərdə istifadə olunan fotolarda barmaqlarla bağlı eyni qüsur nəzərə çarpır. Bu qüsur daha əvvəl Mayko Viblianiyə aid olduğu göstərilən hesabın profil şəklində də müşahidə edilmişdi.

Bu hesabların bəzilərinin fəaliyyətində digər ortaq qanunauyğunluqlar da aşkarlanıb: 196 profil Tbilisinews.ge səhifəsini, 14 profil Ai Politika səhifəsini, üç profil isə “Rustavi 2” telekanalının səhifəsini bəyənib. Təşkilatın əvvəlki araşdırmalar zamanı aşkarladığı saxta hesablar da Ai Politika səhifəsini bəyənmişdi.
Şübhəli profillərin əksəriyyətinin ümumiyyətlə dostu yoxdur, bəzilərinin isə cəmi bir və ya iki dostu var. Bundan əlavə, araşdırma zamanı 2024-cü ildə yaradılmış və dostlarının sayı 169-dan 4800-ə qədər dəyişən hesablar da aşkarlanıb.
Gürcüstanda hakimiyyətyönlü saxta hesablar