Gürcüstanda qalmaqal – məktəbliləri meriyanın tualetini təmizləməyə məcbur ediblər. İstintaq başlayıb
Qərbi Gürcüstanda Sameqrelo regionunun Çxorotsku şəhərciyində 2 saylı orta məktəbin yeddinci sinif şagirdlərini yerli meriyaya aparıb və tualetləri təmizləməyə məcbur ediblər.
Uşaqlara deyiblər ki, onlar “iməcliyə” gedirlər. Bu haqda məktəb direktoru və sinif rəhbəri də məlumatlı olub.
İstintaq aparılır. “Məcbur etmə” maddəsi ilə cinayət işi qaldırılıb.
Bu fakt haqda ilk dəfə yerli Atinati radiosu xəbər verib.
Radiostansiyanın saytında yayılan video şagirdlərdən birinin mobil telefonu ilə çəkilib.
Kadrlardan görünür ki, uşaqlar tualetdə döşəmələri köpüklü su ilə yuyurlar. Bu video Facebook-da yayılıb.
Məlum olub ki, uşaqları məktəbdən təhsil müəssisəsinə heç bir dəxli olmayan qadın götürüb.
Yerli Təhsil Resursları Mərkəzinin direktoru Liya Calaqoniya “Azadlıq” radiosuna danışıb ki, uşaqları məktəbdən təmizlik aksiyası bəhanəsi ilə aparıblar.
“Məktəbə bir qadın gəlib və direktora digər məktəblərlə birlikdə hansısa aksiyada iştirak etməyi təklif edib. Direktor səhvə yol verib, çünki belə məsələlər nazirlik vasitəsilə həll olunur. Bu, kobud pozuntudur, çünki məktəbə yad insan və ya xidmət gələndə, hər şey nazirlik vasitəsilə həll olunur. Direktor aksiyanın harada keçirildiyini dəqiq bilməyib”, – Calaqoniya RFE / RL-ə bildirib.
Təşəbbüskar qadının adını şagirlər bildiriblər. Bu, Çxorotsku bələdiyyəsinin təmizlik xidmətinin keçmiş əməkdaşı Eter Caparidze olub.
Caparidze yerli jurnalistlərə bildirib ki, “aksiyanı” o, özündən uydurub və özü təşkil edib və onun motivasiyası şagirdlərə əməyə müsbət münasibət aşılamaq olub:
“Mən bu uşaqları meriyaya gətirdim, çünki onlar mer, artist, mühəndis, turist, məşhur olmalıdırlar, amma onların ailələrinin problemi yaransa və onların uşaqları ehtiyac içində olsalar, onlar istənilən işə hazır olmalıdırlar”, – Eter Caparidze deyib.
Çxorotsku meriyasının nümayəndələri bildiriblər ki, aksiya haqda məlumatları olmayıb. Onların sözlərinə görə, yanvarın 25-dən Caparidze artıq meriyada işləmir.
Müxalifət bu arqumentlərlə yetinməyib. Yerli fəallar Çxorotsku merin David Qoquanın istefasını tələb edirlər.

David Qoquanın özü Formula TV ilə söhbətində bildirib ki, şagirdləri Çxorotsku meriyasının tualetlərini təmizləməyə məcbur edən hər kəs ciddi cəzalandırılacaq:
“Bu, yolverilməz faktdır. Bu fakta biz operaiv şəkildə reaksiya vermişik, cinayət işi qaldırılıb. Mən işin yekunlaşması üçün əlimdən gələn hər şeyi edirəm. Bütün günahkarlar cərt cəzalandırılacaq”.