Gürcüstan – cənubi afrikalı burlar üçün yeni ev
Cənubi Afrika Respublikasında ağdərili fermerləri torpaqdan məhrum etmək istəyirlər. CAR-ın fevralın 15-də seçilən yeni prezidenti Siril Ramaposa müsahibələrinin birində bəyan edib ki, ağların torpaqlarının müsadirə olunmasını dəstəkləyir ki, uzun illər ağlar tərəfindən zülm görən qaradərili ölkə əhalisi əllərindən alınanı geri qaytarmaq və öz hüquqlarını bərpa etmək imkanı əldə etsin.
“Torpağın kompensasiyasız ekspropriasiyası qara dərili cənubi afrikalılar arasında torpağın yenidən bölüşdürülməsini sürətləndirmək üçün istifadə edəcəyimiz tədbirlərdən biri kimi nəzərdə tutulub”, – CAR prezidenti bildirib.
Müvafiq olaraq, qanun layihəsi Milli Məclis deputatlarının əksəriyyəti tərəfindən də dəstəklənib, bununla da konstitusiya dəyişikliklərinin həyata keçirilməsi prosedurasını başladıb.
Ağlar ölkə əhalisinin təxminən 9 faizini təşkil edir, bununla belə onlar kənd təsərrüfatı torpaqlarının əhəmiyyətli hissəsinə sahibdirlər. Torpaqların ekspropriasiyası CAR-da ağ fermerləri gözləyən yeganə təhlükə deyil – onlara tez-tez hücumlar olur, bəzən bu hücumlar ölümlə də nəticələnir. Ölkənin ən məşhur şərab istehsalçısı Çarlz Bek də bu yaxınlarda belə hücuma məruz qalıb və möcüzə nəticəsində ölümdən xilas olub.
1994-cü ildə aparteid rejimi bitəndən və ölkədə hakimiyyətə Nelson Mandelanın başçılığı altında qaradərililər gələndən sonra Avropa müstəmləkəçilərinin nəvə-nəticələri özlərini təhlükəsizlikdə hiss edəcəkləri digər ölkələrə köçməyə çalışırlar. Belə ölkələrdən biri də Gürcüstandır, burada da CAR-dan emiqrantlar məskunlaşıb. 2017-ci ilin iyununda JAMnews-un jurnalistləri Qardabani yaxınlığında köçkün bur ailəsinin məskunlaşdığı fermanı ziyarət edib.
“Biz geri qayıtmaq istəmirik”, – avtomobilimizi saxlayıb onun kələ-kötür yollara davamlı maşınına minərkən orta yaşlı sarışın qadın qətiyyətlə deyir. Qrunt yol onun paytaxtdan 64 kilometr cənubda və ən yaxın Qardabani şəhərindən 14 kilometr məsafədə yerləşən fermer evinə doğru uzanır. Bu yer Adri Dyu Prizin, onun əri və iki yeniyetmə övladının yeni evi olub. Onlar iki il əvvəl əmin-amanlıq, dostcanlı insanlar və “kənd təsərrüfatı eksperimentləri üçün” məhsuldar torpaq axtarışı ilə Cənubi Afrikanı tərk ediblər.
“Bəziləri belə hesab edə bilər ki, biz Gürcüstana qaçmışıq. Amma biz bu qərarı ona görə qəbul etdik ki, bu, (bizim üçün) inkişaf demək idi”, – 41 yaşlı Adri deyir. “Gürcüstanda inkişafı görə bilərsiz, insanlar sizi qollarını açaraq qarşılayır. Cənubi Afrikada isə bu, artıq belə deyil”.
Dyu Prizlər çox saylı bur və ya afrikanyer – Cənubi Afrikada məskunlaşmış ağdərililərin törəmələri – ailəsindən biridir, indi onlar qəddar hücumlardan qurtulmaq üçün təhlükəsizlik naminə öz evlərini tərk edirlər. 1990-cı illərin əvvəllərində CAR-da aparteid rejiminin sonunun gəlməsi irqi konfrontasiya, zorakılıq və cinayətkarlığın artmasına gətirib çıxardı.
Dyu Prizlərin uzaq əcdadları Hollandiya, Fransa, Şotlandiya və Almaniyadandır. Hərçənd hazırda Avropada onların qohumları yoxdur.
11 minə yaxın insanın yaşadığı Qardabani şəhərinin kənarından Sovet İttifaqı zamanı kənar şəxslərin üzünə bağlı hərbi şəhərcik olmuş yarı-xarabalıq qəsəbənin içindən keçirik. Dyu Prizlər hər dəfə Qardabaniyə, Tbilisiyə və ya başqa bir yerə mağazaya gedəndə bu ölü şəhərcikdən keçirlər.
Becərilmiş yaşıl sahələrlə örtülü düzəndən ötəndən sonra bircə dənə də ağacı, kölgəsi olmayan həyətə gəlib çıxırıq. Ailənin uzaq üfüqdə fabrik trubalarının konturlarının fonundakı müvəqqəti evi özündə iki konteyner və onların arasındakı kiçik bir mərtəbəli tikilini ehtiva edir.
“Bu sadəcə müvəqqəti yerdir, bilək ki gecələməyə yerimiz var”, – Adrinin 46 yaşlı əri Cerri İqnatius Dyu Priz deyir. Onlar ətrafa onlarla müxtəlif ağac əkiblər, bir müddət sonra isə böyük ev tikmək niyyətindədirlər.
Gürcüstanın Qardabani rayonunda yeni həyat
Dyu Priz ailəsi üçün bir zamanlar turistik bölgə, indi isə doğma kənd olan Lemşenieranın əhalisi təqribən 1600 nəfərdir və Gürcüstanın cənubunda Kvemo Kartli regionunun Qardabani bələdiyyəsinə daxildir. Azərbaycanla sərhəddə yerləşən bələdiyyədə əhalinin tərkibi qarışıqdır – yerli əhalinin 44 faizi etnik azərbaycanlılardan ibarətdir və onlar əsasən kənd təsərrüfatı ilə – əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olurlar.
Burada yay uzun və isti keçir, qış isə çox da soyuq olmur. Dyu Priz ailəsi burada doqquz hektar torpaq alıb. Bundan başqa onlar yaxınlıqdakı 12 hektar sahəni də əkib-becərmək haqqına sahibdirlər, bu ərazini də satın ala biləcək qədər pul toplayana kimi.
Ümumilikdə Gürcüstanda hazırda doqquz bur ailəsi yaşayır, – Dyu Prizlər deyir. Onlardan üçü burada – Leçşvenierdə məskunlaşıb.
Qardabani bələdiyyəsinin mətbuat xidmətinin informasiyasına görə, cənubi afrikalılar ümumilikdə təxminən 1000 hektar kənd təsərrüfatı sahəsinə sahibidirlər, on nəfərə yaxın işçi tutur, məhsullarını Batumidə, Qara Dəniz sahillərində və qonşu Türkiyədə satırlar. Əsasən qarğıdalı, buğda və arpa əkirlər.
Burlar uzaq Gürcüstana ölkə hökumətinin dəvətinə cavab verərək gəliblər. Gürcüstan hakimiyyətinin motivi kənd təsərrüfatı əməksevər və bu işdə təcrübəli olan burların əli ilə möhkəmləndirməkdən ibarət idi.
3,7 milyonluq Gürcüstan əhalisinin demək olar ki, yarısı kənd təsərrüfatı ilə məşğul olur. Bununla belə bu sahə ən aşağı sərmayə payına malikdir və ölkənin ÜDM-nin cəmi 9 faizindən az artığını təşkil edir.
Ümumdünya bankının məlumatına görə, 2015-ci ildə Gürcüstanda bi kənd təsərrüfatı işçisinin payına düşən istehsal həcmi cəmi 3 345 ABŞ dolları təşkil edir, CAR-da isə hər fermerin payına bundan üç dəfə artıq istehsal həcmi düşür.
O zaman “Vahid Milli Hərəkat” partiyasının rəhbərlik etdiyi Gürcüstan hökuməti 2010-cu ildə Cənubi Afrikanın Birləşmiş Kənd Təsərrüfatı İttifaqı ilə (TLU SA) və Kommersiya Fermerləri İttifaqı ilə memorandum imzaladı. Bunun ardınca Gürcüstanın kənd ərazilərinə burların qrup halında səfərləri başladı, hakimiyyət münbit biznes mühiti və cinayətkarlığın aşağı səviyyəsi sayəsində onları bu ərazilərə cəlb etməyə çalışırdı.
“Cənubi afrikalı qonşularımızdan bəziləri TLU SA tərəfindən təşkil edilən turnedə iştirak edirdi, – Adri xatırlayır, – Biz onlardan Gürcüstan haqqında eşitdik, sonra Cerri məlumat toplamağa başladı. Qonşularımızdan biri öz ailəsi ilə birlikdə həmişəlik buraya köçməyə qərar verdi, biz də 2013-cü ilin oktyabrında iki həftəlik Gürcüstana onlara baş çəkməyə gəldik”.
Dyu Priz ailəsi Cənubi Afrikada Svazilend və Mozambiklə sərhəddə yerləşən Mpumalanqa əyalətinin fermer şəhəri Betalın səkkiz kilometrliyində iki hektar ərazisi olan böyük kirayə evdə yaşayırmışlar. Əsasən qarğıdalı, günəbaxan, çovdar və kalış istehsal edən fermerlərlə birlikdə Betalın əhalisi 61 min nəfərə yaxındır və onların ancaq 13 faizi ağlardan ibarətdir.
“Bizim fermalara hücum və sair bu kimi məsələlərlə bağlı problemimiz yox idi, amma ətrafımızdakı insanların problemi vardı”, – Adri xatırlayır.
Cənubi Afrikada fermerlərə hücum və onların qətlə yetirilməsi ilə bağlı AfriForum hüquq müdafiə təşkilatının 2017-ci ilin aprel ayında dərc etdiyi hesabata əsasən 2010-cu ildən 2016-cı ilə qədər hücumların sayı ildə 179-dan 398-ə qədər yüksəlib. 2014-cü ildən etibarən ildə 60-dan çox hücum qətllə nəticələnib.
“Qonşularımızdan biri bazar günlərinin birində birlikdə kilsədə olduğumuz zaman hücum nəticəsində öldürüldü”, – Adri xatırlayır. Onların bəzi digər tanışları da fiziki zorakılıq və təhdid qurbanı olub.
Adri və Cerri icmalarda polis fəaliyyəti adlanan hərəkatda iştirak ediblər: fermerlər və polis çevik müdaxilə qüvvəsi qismində birlikdə işləyirdi. Hücuma məruz qalanın ilk fəlakət siqnalı ən yaxın qonşusuna gəlirdi və onlar cəld müdaxilə edə bilirdilər. Qışda ən böyük təhlükə qəsdən törədilən yanğınlarla bağlı olurdu.
Dyu Priz ailəsinin doğma dili afrikaans Cənubi Afrikanın 11 rəsmi dilindən biridir. 17-ci əsrdə holland dilindən törəmiş bu dildə CAR-ın 54 milyonluq əhalisinin 13,5 faizi danışır.
Dyu Priz ailəsi ingilis dilində səlis danışır. Əvvəlki həyatlarından ən çox həsrətini çəkdikləri ingilis dilində yaxşı kitablardır. 24 saata yaxın vaxt sərf edərək Cənubi Afrikadan Doha üzərindən uçduqları zaman demək olar ki bütün 7 çamadanın hamısı kitablarla dolu idi.
Qat-qat az stress, qat-qat az cinayətkarlıq, daha çox azadlıq və insanlar tərəfindən daha çox dəstək: Cerri Gürcüstandakı həyatı belə təsvir edir. Onun üçün və bütün ailə üçün ən çətini gürcü dilini öyrənməkdir. Onlar bu dili artıq anlayırlar, amma hələ ki, çətinliklə danışa bilirlər.
Cerri kənd həyat tərzini sevir və ancaq ayaqyalın gəzə bildiyi zaman özünü rahat hiss edir. “Hər axşam sadəcə çölə çıxıb günəşin batmasına baxıram… Bu, nə Tbilisidə, nə də Yohannesburqda mümkün deyil. Biz şəhər adamı deyilik”.
Ailə mətbəxi konteynerdə qurub, suyu kanaldan gətirirlər – çənə doldurub, süzürlər və beləcə həm mətbəxi, həm də hamamı soyuq və isti su ilə təmin edirlər.
Hamamda qaranquş ailəsi yuva salıb, ev sahibləri ilə birlikdə çox mehriban yaşayırlar. “Çağırılmamış, amma arzulanan qonaqların” hamamın açıq qapısından ətrafa yayılan cikkildəşməsi, qanad şappıltısı ventilyatorla sərinlənən qonaq otağının ab-havasına əlavə dinclik qatır.
“Gözəl ətirli” biznes
Yayın ilk günləri Dyu Priz ailəsinin əsas məhsulu olan, gözəl bənövşəyi ləçəkləri bütün ətrafı bəzəyən lavandanın biçim dövrüdür.
Gürcüstanda lavandanın çoxsaylı üstünlükləri haqda çox az bilirlər, amma bir çox ölkələrdə fermerlər lavandadan antiseptik, iltihaba qarşı və sakitləşdirici özəlliyi ilə tanınan efir yağları, həmçinin yeməklərə çiçək qoxusu və azca şirinlik əlavə etmək üçün mətbəxdə istifadə etməkdən ötrü ədviyyat əldə edirlər.
“Bu, nəfəs və yuxu problemi olan körpələr üçün, hətta böyüklər üçün də əladır”, – Adri izah edir. Lavandadan krem, şorba, çay, hətta şəkər də hazırlamaq mümkündür. Qurudulmuş çiçəklərdən isə bəzək kimi istifadə olunur.
Hazırda ailənin sahəsində 500 lavanda kolu var, fermanı tam özəlləşdirdikdən sonra isə hər hektara 10000 kol əkməyi planlaşdırırlar. “Təxminən beş ildən sonra çox güman ki, biz hardasa beş-altı hektarda lavanda əkmiş olacağıq və bu çox yaxşı biznesdir”, – Cerri deyir.
Onun sözlərinə görə, lavanda yağının bir milli-litrinin beynəlxalq qiyməti keyfiyyətindən asılı olaraq 300 ABŞ dollarına qədər yüksələ bilər.Orta hesabla hər bitki 10-20 milli-litr yağ verir.
Ötən il Dyu Priz ailəsi 400 milli-litrə qədər yağ istehsal edib və hər biri 25 lari olmaqla on ədəd 10 milli-litrlik şüşə lavanda yağı satıblar. Qalanını isə sadəcə hədiyyə olaraq paylayıblar ki, insanlar məhsulla tanış ola bilsinlər.
Lavanda kollarının nə zaman suya ehtiyac duyğunu anlamağa torpağın temperaturunu ölçən xüsusi termometr kömək edir.
Cerri hesab edir ki, Gürcüstanda kəndlilər torpağı Cənubi Afrika ilə müqayisədə daha köhnə üsulla becərirlər. “Biz mexanizm və texnologiyalardan istifadə etməyə öyrəşmişik”, – o deyir.
Müxtəlif alətlərlə dolu olan konteyner Cənubi Afrikadan Lemşveniera kəndinə qədər uzun yol gəlib və nəticədə Cerrinin emalatxanasına və anbarına çevrilib. “Burada toplanan alətlərin və materialların çoxu spesifikdir, onları Gürcüstanda tapmaq mümkün deyil”, – o izah edir. “Bəzilərini isə burada almış olsaydım mənə çox baha başa gələrdi”.
O, yerli torpağın çox əla olduğunu bildirir. “Prinsipcə burda nə əksəniz, nə səpsəniz, yetişir”, – o deyir.
Gələcək…
15 yaşlı Marnik və 13 yaşlı İqnis Gürcüstana köçmək planları haqda eşidəndə, bu, onlar üçün macəra kimi səslənirdi.
Betaldakı köhnə fermalarına sürünənlərin gəlməyindən bezən İqnis Gürcüstanda daha xoşbəxtdir. Dinozavr və daşları sevən oğlan paleontoloq olmaq və bütün dünyanı gəzmək istəyir.
Marnik hər gün yaxın rəfiqəsi Kristina ilə ünsiyyətdə olur. Bundan başqa o, mütaliə edir, sosial şəbəkələrdə oturur, rəsm çəkir, tikmə tikir və dil öyrənir: holland, rus, türk və gürcü dilini. O deyir ki, çörəkçi olmaq və dil öyrənmək istəyir. “Nə qədər çox dil bilirəmsə, bir o qədər çox kitab oxuya bilirəm”, – o deyir.
Onların valideynləri bildirirlər ki, Gürcüstana övladlarının daha yaxşı gələcəyi üçün köçüblər. Cerri uşaqların öz üzərlərində müxtəlif mədəniyyətlərin təsirini hiss etmələrindən çox razıdır.
Hazırda onların Gürcüstanda müvəqqəti yaşamağa icazələri var, amma ailə orta yaxın perspektivdə daimi yaşamaq hüququ və nəhayət vətəndaşlıq almaq ümidindədir.
Siz özünüzü evinizdəki kimi hiss edirsiz? – son sualımı verirəm.
“Əlbəttə, Cənubi Afrikadan daha çox burda evimizdə olduğumuzu hiss edirik”, – Adri tələsik cavab verir.
Əri əlavə edir: Gürcüstan sakinləri “bir-birinə çox bağlı cəmiyyətdir. İnsanlar bir-birini çox dəstəkləyir”.