Gürcüstan: avtomobillərin texniki yoxlanılması özünü doğrultdumu və onun hansı nöqsanları var?
Gürcüstanda avtomobillərin icbari mütəmadi texniki baxışının mərhələli işə salınmasından bir il keçir.
Bu islahat ölkənin iki əsas problemini həll etməli idi: yollarda təhlükəsizlik və havanın çirklənməsi.
Amma bir il keçəndən sonra da küçələrdə özündən sonra qara tüstü saxlayan maşınlar, marşrut taksiləri və avtobuslar görmək olar.
Texniki baxış özünü nə dərəcədə doğrultdu və hansı nöqsanları var.
________________________
Gürcüstanda icbari mütəmadi yoxlanma 2018-ci ilin yanvar ayından əvvəlcə müəyyən tip avtonəqliyyat (sərnişin avtobusları və s.) üçün mərhələli şəkildə tətbiq edilib, 2019-cu ilin yanvar ayından isə o, bütün kateqoriyalardan olan maşınlar üçün icbari olub.
Bu xidmətə görə minik avtomobili sürücüləri 60 lari [təxminən $20], yük nəqliyyatı sürücüləri isə 100 lari [təxminən $34] ödəyir.
“Azad İnformasiyanın İnkişafı İnstitutu” (IDFiI) qeyri-hökumət təşkilatının tədqiqatına əsasən, 2018-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayı da daxil olmaqla, 232 470 avtonəqliyyat vasitəsinə texniki baxış keçirilib.
Bunların təxminən yarısı – 114 830 avtomobil ilkin texniki baxışdan keçməyib. Əksəriyyəti 2009-cu ilə qədər buraxılıb.
Texniki baxışdan keçmək üçün avtomobil bir neçə kriteriyə cavab verməli idi. Zədələnməmiş qabaq pəncərə, salamat şinlər, işlək tormoz sistemi, saz faralar olmalıdır.
Nəzərə alsaq ki, Gürcüstanın avtoparkı Şərqi Gürcüstanda ən köhnə avtoparkdır, maşının qaydaya salınması və texniki baxışa hazırlanması gürcüstanlı sürücülərə baha başa gəlir.
İcarəlik şinlər
Qanun dərc olunandan sonra məlum oldu ki, sürücülər asan çıxış yolu axtarmağa başladılar.
Onlar texniki baxışdan keçmək üçün ustaların köməyilə icarəyə şin götürür.
Bu təcrübə də çox güman ki, texniki baxış islahatını xeyli tormozlaşdıracaq.
“Facebook”da bir neçə bağlı qrup var ki, burada sürücülər texniki baxışdan necə rahat keçməklə bağlı məsləhətlərini bölüşürlər. Ən geniş yayılmış üsul məhz detalların icarəyə götürülməsidir.
Bu qruplarda detalların harada icarəyə verilməsi ilə bağlı ünvanlar da verilir.
“Dövlət texniki baxış vasitəsilə yeni pul almaq mənbəyi fikirləşib tapıb”, – tbilisili sürücü Emzar Kikaçeişvili deyir, – “hava çirklənib, buna görə də bunlar texniki baxış tətbiq ediblər. Orada da katalizatordan başqa hər şeyi yararsız hesab edirlər”.
Katalizator maşının çıxan qazı filtrdən keçirən hissəsidir.
Texniki baxış zamanı maşının katalizatorunun olub-olmadığını yoxlamırlar, deməli, bu mərhələdə onun olması vacib deyil (2020-ci ildən mütləq olacaq).
Amma çıxan qazın səviyyəsini yoxlayırlar. Katalizatoru olmayan maşınlar isə o birilərindən daha çox tüstüləyir.
Katalozatoru almaq təxminən iki min lariyə başa gəlir [təxminən $682], onu bir günlük isə hardasa [təxminən $24] 70 lariyə icarəyə götürmək olar.
Tedo Qorqadze şirkətlərdən birində texniki baxış keçirən avtomobil ustasıdır.
O deyir ki, işlədiyi şirkətdə bu proseduru yalanla keçmək mümkün deyil. Halbuki hansısa maşında icarəyə alınmış katalizator və ya başqa detalın olduğunu anlaya bilərmi – sualına o, “bunu anlamaq mümkün deyil” deyə cavab verir.
“Yol təhlükəsizliyi üçün tərəfdaşlıq” təşkilatının sədri, nəqliyyat və yol təhlükəsizliyi məsələlərində BMT-nin eksperti Qela Kvaşilava deyir ki, sürücülərin bir hissəsi mərkəzə gələrkən, manipulyasiya yolu ilə texniki baxışdan keçməyə çalışır, o cümlədən, icarəyə götürdükləri detallardan istifadə edirlər.
Onun sözlərinə görə, güman edilir ki, bu üsuldan şəxsi ictimai nəqliyyat olduğu hallarda istifadə edirlər ki, bu da xüsusilə problematikdir:
“Biz hələ də şəhərin küçələrində tüstüləyən avtomobillər, xüsusən də ictimai nəqliyyat görürük. Bu da o halda ki, Gürcüstanda ictimai nəqliyyat artıq texniki baxışdan keçirilib”.
Sürücülər texniki baxışdan keçərkən, çıxan qazın həcmini azaltmaq üçün müxtəlif üsullara əl atırlar. “Yaxşı yanacaq” doldurur, “hanısa əlavələrdən” istifadə edir ki, bu da qısa müddətlik göstəriciləri azaldır, ekspert deyir.
Amma katalizator icarəyə götürülən yeganə detal deyil.
“Mənim 2005-ci il buraxılışı olan “RAV 4”üm var, kiçik qabaq fara lazımıydı, onun da ikinci əl avtomobil ehtiyat hissələrində 160 lari [təxminən $55] qiyməti var. Həmin vaxt bu pulum yoxuydu, buna görə də detalı 40 lariyə [təxminən $14] icarəyə götürdüm, sonra da yiyəsinə qaytardım”, – hər gün maşına ehtiyacı olan, buna görə də texniki baxışı başqa vaxta keçirə bilməyən distribyutor Dito Sulava danışır.
Avtomobil ehtiyat hissələrinin icarəyə götürülməsi təcrübəsini ekspertlər texniki baxış prosedurunun əsas nöqsanlarından biri sayır.
“Belə bir məlumatımız var ki, bir saatlıq icarəyə, məsələn, şin götürürlər”, – “Nəqliyyat və yollar assosiyasiyası”nın sədri David Mesxişvili deyir.
Onun sözlərinə görə, texniki baxış zamanı çıxan qazı azaltmaq üçün daha bir üsul da var – dizel mühərrikləri üçün yanacağa benzin əlavə etmək. Sürücülər bu üsuldan da çox fəal istifadə edir.
“Müvafiq dövlət institutları bu fırıldaq üsullardan heç birinə hazır deyillər”, – Mesxişvili deyir.
Qela Kvaşilava deyir ki, bu vəziyyətdən çıxış yolu monitorinq prosesi ola bilər ki, bu zaman texniki baxışdan keçən maşınlar vaxtaşırı yollarda da yoxlanılacaq.
“Bu, patrul polisinin vəzifələrinə daxildir, amma təəssüf ki, lazımi səviyyədə yerinə yetirilmir. Başqa dövlətlərin təcrübəsi göstərir ki, nəqliyyat təhlükəsizliyinə nəzarət üçün ancaq texniki monitorinq funksiyasını yerinə yetirməli olan kiçik möbil bölmələr olmalıdır”, – Kvaşilava deyir.
Çirklənmiş hava
Havanın çirklənməsi səbəbindən ölüm səviyyəsinə görə Gürcüstan dünyada 70-ci yerdədir, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) 2018-ci ilə olan hesabatında deyilir.
Ekoloqlar və ətraf mühitin müdafiəçiləri razılaşır ki, urbanistik mühitdə havanın çirklənməsinin əsas mənbəyi avtomobillərdən çıxan qazdır.
Bu da texniki baxışın tətbiqinin əsas arqumentlərindən biri olub.
Yaşı on ildən çox olan avtomobillər havanın çirkəndirilməsi baxımından xüsusilə təhlükəlidirlər, “İnformasiya Azadlığının İnkişafı İnstitutu” (IDFiI) qeyri-hökumət təşkilatının hesabatında deyilir.
Ekspertlər hesab edir ki, texniki baxış əhalini daha yeni avtomobillər almağa vadar edə bilərdi, amma indiki mərhələdə bu, baş vermədi.
“Galt and Taggart” beynəlxalq təşkilatının hesabatında deyilir ki, Gürcüstanın avtoparkı regionda ən köhnə avtoparkdır.
Ölkədə avtomobillərin sayının ildən ilə artmasına baxmayaraq, avtoparkın özü yenilənmir.
“Galt and Taggart”ın statistikasına əsasən, Gürcüstanda hərəkət edən 1,3 milyon maşının 45,5 faizi 1999-cu ildə və ya bundan da əvvəl buraxılıb.
Ekspertlərin fikrincə, avtoparkın yenilənməsinə adamların ağır iqtisadi vəziyyəti və larinin qiymətdən düşməsi mane olur.
Həm də qeyd etmək lazımdır ki, bu mərhələdə qüvvədə olan texniki baxış çıxan qazda əsas hava çirkləndiricilərinin – əsasən azot dioksidi və bərk hissəciklərin olub-olmadığını yoxlamağı nəzərdə tutmur.
Ekspertlər bunu islahatın böyük minusu sayır. Gürcüstanın xalq müvəkkilinin hesabatı da bunu deyir.
Havanın çirklənməsində 75 faiz məhz avtomobildən çıxan qazın payına düşür və burada vəziyyət Ətraf Mühitin Müdafiəsi Nazirliyinin qeyd etdiyindən daha pisdir, ətraf mühitin müdafiəçisi Manana Koçladze deyir.
Halbuki onun da ümidi yoxdur ki, “bu mərhələdə texniki baxış rahatlıq gətirəcək”.
“2020-ci ilə qədər ətraf mühitə təsir hissəsində baxış ümumiyyətlə götürülüb. Halbuki bütün maşınlarda katalizatorun olmasının vacibliyi iki vur iki kimidir. Katalizator böyük miqdarda zərərli maddələrin qarşısını alır”, – ətraf mühitin müdafiəçisi Manana Koçladze “Rustavi-2” teleşirkətinə müsahibəsində deyir.
Hazırda mövcud olan reqlamentə əsasən, mütəmadi texniki baxışdan keçərkən katalizatorun olması artıq 2020-ci ildən icbari olacaq. Halbuki ekspertlər bu qaydanın şübhə doğurduğunu düşünür:
“Gürcüstanda avtomobillərin 50 faizdən çoxunun yaşı iyirmidən artıq olduğu və xaricdən gətirilən maşınların katalizatorlarının olması mütləq olmadığı halda bu qaydanın tətbiqi şübhə doğurur. Mütləq şəkildə yaşı 15-dən çox olan maşınların gətirilməsinə qadağa qoymaq lazımdır”, – Qela Kvaşilava deyir.
Təhlükəsiz yollar
Gürcüstanda yol hadisələrinin statistikası hələ də həyəcan doğurur.
2019-u ilin aprel, may və iyun aylarında Gürcüstanın yollarında 1427 yol hadisəsi baş verib, nəticədə 108 nəfər ölüb, 1929 nəfər yaralanıb.
Avtonəqliyyatın nasazlığı səbəbindən hadisələrin statistikası qaydaya salınmalıdır. Məlumatlar deyir ki, qəzaların ən çox yayılmış səbəbi sürət aşma və səhv manevr etməkdir. Bu zaman qeyd olunmur ki, sürəti aşan avtomobilin tormoz sistemi qaydada olubmu. Çünki tormoz sistemi qaydasında olan və şinləri normal olan sürətlə hərəkət edən maşın qəzadan qurtula bilər.
IDFiI-in məlumatına görə, avtomobil sahibləri ilkin baxışa 16 milyon laridən çox [təxminən $5,5 milyon] xərcləyiblər.
2018-ci ildə texniki baxışdan keçməməyə görə cərimə bir milyon lari [təxminən $341 min] təşkil edib.
Mütəxəssislər deyir ki, qəzaların səbəbləri kompleks şəkildə nəzərdən keçirilməlidir. Gürcüstanda avtopark çox köhnə olduğuna görə və maşınlar illərlə texniki baxışdan keçmədiyinə görə təhlükəsizlik qaydaları çox pozulub.
Məhz bu da texniki baxışın tətbiqinin arqumentlərindən biri olub. Bununla belə, ekspertlər qeyd edir ki, sonradan monitorinqin olmaması və sürücülərin texniki baxış zamanı əl atdıqları hiylələr onu şübhə altına salır.
“Hələlik Gürcüstanda təhlükəsiz nəqliyyatın olduğunu demək olmaz, çünki prosesi çox sayda nöqsan müşayiət edir”.
Eksperlərin fikrincə, çıxış yolu texniki baxışdan sonra monitorinqin keçirilməsi ola bilər, xüsusən də ictimai nəqliyyat üçün.
“Sistemin çox sayda nöqsanı var, amma texniki baxışı ləğv etmək əvəzinə, onların düzəldilməsini tələb etmək lazımdır, çünki ümumilikdə texniki baxış sistemi çox vacib və lazımi islahatdır, onun düzgün realizəsi nəticəsində biz təhlükəsiz yollar əldə edəcəyik”, – Kvaşilava deyir.