Gürcüstan, “112” xəttədir
Foto: Qiorqi Zedgenidze
Tbilisinin üzərində pərvaz edirmiş kimi görünən “uçan boşqab formalı bu binaya girən kimi ilk eşitdiyin arası kəsilməyən telefon zəngləridir. Sonra da monoton suallar sıralanır: “Nə baş verib? Adınız, soyadınız? Xahiş edirik, telefonu qapatmayın.
Mənimlə müsahibəyə razılıq verən operatoru 10 dəqiqə gözləməli oldum, bu on dəqiqə ərzində o, 20 suala cavab verdi. Ən çox təcili yardım maşını çağırırdılar, amma elə-belə söhbət etmək istəyənlər də vardı.
26 yaşlı Nino [operatorun soyadı açıqlana bilməz – redaktor qeydi] gün ərzində 350-400 zəngə cavab verir. O, təcili yardım xidmətinin operatorudur. Əsas vəzifəsi zəngləri qəbul edib, dərhal yardımçı olmaq, təcili yardım və ya yanğınsöndürmə xidməti maşını, bəzən də polis çağırmaqdır.
Nino deyir ki, əvvəlcə operator işi ona bəsit göründü, amma reallıq xeyli mürəkkəb və maraqlıymış.
“Biz operator olmaqla yanaşı, həm də psixoloq olmalıyıq. Axı həmişə ekstremal vəziyyətdə çalışırıq, başlarına nəsə gələndə insanlar bizə zəng edir. Bəzən elə həyəcanlı olurlar ki, nə baş verdiyini aydın anlada bilmirlər. Bu zaman operator diqqətini toplamalı və insanın lazımi köməyi vaxtında alması üçün əlindən gələni etməlidir.
Gürcüstanda təcili yardım xidmətinə mobil telefonunda pul, hətta sim-kart olmayanda da zəng vurmaq olur.
“112nin başqa bir operatoru Nika insanları xilas etdiyi üçün özüylə qürur duyduğu iki hadisə barədə danışır.
Bir dəfə xarab olub, dayanan liftdə qalan 9 yaşlı qız zəng etdi, mobil telefonunun hesabında pul olmadığı üçün valideynlərinə zəng edə bilməmişdi.
Nikanın ikinci hekayəsi dağlarda azan çobanla bağlıdır. “Zəng gəldi, zəngi edən isə hara düşdüyünü bilmirdi. Görünür, bu nömrə haqqında hardansa eşitmişdi. Zəng edən çoban idi. Mal-qaranı otlağa çıxarandan sonra halı pisləşmişdi. Həmin yerdə isə mobil əlaqə yoxuydu, ona görə də heç kimə zəng edə bilməmişdi. Xoşbəxtlikdən vaxtında xilasetmə əməliyyatını təşkil edə bildik və hər şey yaxşı qurtardı, – Nika danışır.
2015-ci ildə “112 xidmətinə 65 mindən çox zəng daxil olub. Əksər hallarda zəng edənlər təcili tibbi yardıma ehtiyac duyub.
Növbə operatoru Eka yarandığı gündən “112 xidmətində işləyir. Onun sözlərinə görə, uşaqlar kömək istəyəndə emosional cəhətdən işləmək daha çətin olur. Çünki əksər vaxtlarda onlar təhlükənin dərəcəsini qiymətləndirə bilmirlər, ona görə də maksimum çalışmaq lazımdır ki, əlaqəni kəsməsinlər.
Eka danışır ki, həqiqətən qəhrəmanlıq edən uşaqlar da var. Misal üçün, 11 yaşlı Dea Mqeladze. Qız evdə nənəsi ilə birlikdəymiş. Birdən nənəsinin halı pisləşib və huşunu itirib. Dea həmin dəqiqə “112 xidmətinə zəng edib və operatora vəziyyəti ətraflı başa salıb. Onun sayəsində təcili tibbi yardım briqadası situasiyaya hazır gəlib və nənəni xilas edə biliblər.
Hələ də aktual qalan əsas problemlərdən biri “boş zənglərdir. Son dörd il ərzində “112 xidməti 32 milyon 800 min zəng qəbul edib, onlardan yalnız 7 milyonu həqiqi problemlərlə bağlı olub. Zəng edənlərin qalanı əylənmək üçün nömrəni yığanlar və ya sadəcə söhbət etmək istəyənlərdir. Hətta bəzən telefonda onlara yaxşı bir musiqi dinlətməyi xahiş edənlər də olur.
2014-cü ildən etibarən bu cür zənglərin müəlliflərinə qarşı sanksiya və cərimələr sərtləşdirilib.