Gürcü ultramillətçiləri kölgədən çıxdı
“Millətə eşq olsun, düşmənlərə ölüm – deyə sentyabrın 27-də Tbilisinin Aqmaşenebeli prospektində yürüş keçirən qrup qışqırırdı. Qrup özünü “Gürcü gücü (“Kartuli dzala) adlandırır və adətən onların aksiyasında 20-40 nəfər iştirak edir.
Bu səfər prospektlə üzü maskalı, əyinlərində hərbi forma rənglərində mayka, əllərində bayraq və məşəllə 50 nəfərdən çox gənc və orta yaşlı kişi irəliləyirdi. Onların yürüşü 1990-cı illərin əvvəllərində baş vermiş gürcü-abxaz münaqişəsinin ən ağır epizodlarından birinə – “Suxuminin işğal gününə həsr olunmuşdu.
Amma şahidlərin danışdıqlarına görə, nümayişçilər yolüstü prospekt boyu ard-arda sıralanmış türklərin kafe və restoranlarına soxulur, millətçi şüarlar səsləndirir və məkanların qarşısındakı reklam posterlərini sındırırdılar.
Aksiya ictimai asayişi pozmaqda ittiham olunan ona yaxın iştirakçının həbsilə sona çatdı.
Axşama doğru isə millətçi qruplaşmanın Facebook səhifəsində Batumidə fəaliyyət göstərən türk təhsil müəssisələrinin ünvanına hədə-qorxu və onların bağlanması tələbinin yer aldığı bəyanat yerləşdirildi:
“Gürcüstan millətçiləri Batumidəki qanunsuz türk təhsil müəssisələrinə xəbərdarlıq edir. Gürcüstan gürcülər üçün, gürcülər də Gürcüstan üçündür! Yaxın zamanda biz ölkənin hər yerindən Batumiyə gələcəyik və baş verənlərə müvafiq reaksiya olacaq.
Sentyabrın 28-i günortaya qədər bu bəyanatı artıq 14 min istifadəçi bəyənmişdi, onların sayı hələ də artır.
“Kartuli dzala birinci dəfə deyil ki, belə aksiya təşkil edir. JAMnews-un iyunda dərc etdiyi materialı təzələyirik.
Gürcüstan gürcülər üçündür
Şəxsi müstəsna tolerantlığına nə qədər inanmaq istəsə də, gürcü cəmiyyəti sıralarında öz baxışlarını nəinki pərdələməyə çalışmayan, hətta əksinə, bunu açıq nümayiş etdirən millətçilərin peyda olduğunu etiraf etməyə məcburdur.
80-ci illərin sonlarında milli-azadlıq hərəkatı dalğasında yaranan, amma 90-cı illərin ortalarında artıq səngiyən “Gürcüstan gürcülər üçündür şüarı deyəsən, geri qayıdır. Bu şüar orada-burada – gah yeraltı keçiddə divar yazısı halında, gah avtobus qapısının üstündə etiket şəklində, gah da qələbəliyin içindən gələn səs olaraq özünü östərir.
“Gürcüstan gürcülər üçündür, Tbilisi, 2014-cü il. Foto JAMnews
“Ultrasağlar, “neomillətçilər və hətta “anti-antifaşistlər – Tbilisidə bu yeni qruplaşmalara nə ad gəldi verirlər. Onlar ona görə yenidir ki, hələ bu yaxınlaracan – bir, ya da iki il əvvəl gözə dəyməyə başlayıblar. Amma bu yaxınlara qədər sıravi Tbilisi sakini qanın təmizliyi haqda konsepsiya tərəfdarlarının şəhərin mərkəzində yürüş keçirəcəklərini qorxulu yuxusunda belə görə bilməzdi.
Millətçilər küçələrdə necə gəzirdilər
Rustaveli və Qurucu David prospektlərilə irəliləyən yürüş Gürcüstanın Müstəqillik günündə – mayın 26-da baş tutub. Onu “Gürcü gücü qruplaşması təşkil edib. Özlərini “ultras adlandıran oğlanlar da onlara qoşulub. Bayram tədbirləri fonunda bir çoxları bu aksiyanı nəzərdən qaçırıblar – bunun izahı çox asandır, çünki şəhərin hər yerində həddən artıq çox adam varıdı və diqqətlə nəzər yetirməsən, millətçilərin mitinqi sadəcə bayram izdihamına qarışırdı.
Bununla belə aksiya əvvəlcədən planlaşdırılmış və “Facebookda anons edilmişdi, buna görə də təyin olunan saatda mən Şota Rustaveli heykəlinin yanına gəldim.
150-yə yaxın adam toplaşdı. Əsasən 17-30 yaş arasında olan gənclər idi. Əvvəlcə heç kim üzünü gizlətmirdi, yürüş başlayandan sonra isə əksər iştirakçılar üzlərinə maska taxdılar.
Hərə bir cür geyinmişdi, amma ara-sıra bəzi səciyyəvi elementlər də: hərbi ayaqqabı, qırxıq başlar, svastikalı kulonlar gözə dəyirdi. Gürcü menşeviklərinin 90-cı illərin əvvəllərində istifadə olunan bayrağı da varıdı. Həmin dövrə aid şüarsız də keçinmədi. Düzdür, əvvəlki “Gürcüstan gürcülər üçündür şüarını da baş ayaq çevirmişdilər: “Gürcülər Gürcüstan üçündür.
Edita Badasyanın fotosu
Şüar diqqətimi cəlb etdi və iştirakçılardan birinə bu haqda sual verdim.
– Gürcülərlə Gürcüstan vətəndaşlarını bir-birindən ayırmaq istəməzdim, – o qeyri-müəyyən cavab verdi, – amma etnik tərkibi heç nəzərə almadan, ancaq Gürcüstan vətəndaşları haqqında danışmaq da alınmayacaq. Qoy başqa millətlər də burada yaşasın. Amma onlar Gürcüstan üçün yaşamalıdırlar.
Mən ehtiyatla bu fikri inkişaf etdirmək istədim:
– Siz bura bu ideyanı elan etmək üçün gəlmisiz?
– Bizdə həmişə deyirlər ki, Gürcüstan balaca və zəif ölkədir, ona görə də kiminsə – güclü bir havadarın yanında olmalıdır. Mənsə ölkəmizin güclü olduğunu sübut etmək istəyirəm. Bizə lazım olan yeganə şey düşmənlərimizin və onların müttəfiqlərinin kim olduğunu bilməkdir. Onda biz daha güclü olarıq.
– Bəs düşmənlər kimdir?
– Düşmənlərimiz hər yerdədir. Bütün qonşularımızın bizimlə ərazi iddiaları var. Hamı da bizə siyasi cəhətdən təsir etməyə çalışır. Qonşulardan heç biri Gürcüstana yaxşı münasibət bəsləmir. Eyni şeyləri Qərb və onun müttəfiqləri haqda demək olar.
– Bəs bunu necə həll etmək mümkündür?
- Babalarımızın təcrübəsini nəzərə almaq, bütün daxili siyasəti millətin qorunub saxlanılmasına yönəltmək, şəxsi maraqları iqnor etmək lazımdır. Misal üçün, nasist Almaniyası və ya kommunist Rusiyası bir vaxtlar tamamilə dağıdılmışdı, onların tam bərpasına isə cəmi bir neçə il lazım oldu.
Kim kimdir?
Bu gün Gürcüstanda daha çox məşhur olan üç qruplaşma var: “Gürcü gücü, “Ultras və “Berqman. Onların hər biri ilə əlaqə qurmağa çalışdım, amma deyəsən, gürcü millətçiləri müsahibə verməyi sevmirlər – sorğularım iqnor edildi. Sosial şəbəkələrdə profilləri araşdırmalı, köhnə statusları nəzərdən keçirməli və açıq videolara baxmalı oldum.
Misal üçün, bax bu. İştirakçılar Dinamo ultras, yəni “Dinamo Tbilisi futbol klubunun fanatlarıdır, onlar “Anti-antifa olduqlarını elan edib, özlərinin faşist ideologiyasına sədaqətini nümayiş etdirirlər. Bu videoda ultras müvafiq banerlə çıxış edir:
Bu video çarxda isə haqqında yuxarıda danışdığım “Gürcü gücünün nümayəndələrinin yürüşünü görmək olar. Yeri gəlmişkən, bu aksiya ondan əvvəl Rustavelidə keçirilən aksiyadan xeyli daha aqressiv idi. Çox güman ki, iştirakçılar Qurucu David prospektində və onun ətrafında yaşayan, bizneslərini quran çox saylı türklərə və iranlılara “kimin ev sahibi olduğunu göstərmək istəyiblər.
“Teatral performans və bəzi millətçi elementlər – bununla da deyəsən, gürcü millətçi qruplaşmalarının faşizmlə əlaqəsi məhdudlaşır” – “Qafqaz evi mədəni əlaqələr mərkəzinin millətçilik üzrə tədqiqatçısı Revaz Koiava belə hesab edir.
– Kənardan belə görünə bilər ki, onlar milli-sosialist hərəkatının tərəfdarlarıdır, amma bu heç də belə deyil. Onlar özləri özlərini təcrid edir, hansısa Qərb və Rusiya sağ ekstremist şəbəkəsinin hissəsi deyillər. Bu, post-sovet məkanında geniş yayılmış haldır, – Koiava deyir.
Onun sözlərinə görə, bu qruplar daha çox post-sovet əks-mədəniyyət hərəkatı çərçivələrinə sığır, eyni zamanda həm Sovet İttifaqını, həm də liberal Qərbi tənqid edir.
– Bu, yeni bir fenomendir, iki ilə yaxındır ki, Gürcüstanda mövcuddur, onların sayı hələ ki, çox deyil; onları güclü adlandırmaq olmaz və çətin ki, nə vaxtsa tarixi hadisəyə çevrilsinlər, – deyən Koiava ony da əlavə etdi ki, bir çox yeniyetmələr ultramilli qruplaşmaları özləri üçün cəlbedici sayır və bunu “diqqətdə saxlamaq lazımdır.
Ənənələr müxtəlifliyə qarşı
“Multikulturalizm 0 faiz, millətçilik 100 faiz, – “Gürcü gücü hərəkatının liderlərindən biri olan Nika Burnadzenin profilində yerləşdirilən bu şüar ultramilliyətçilərin müxtəlifliyə münasibətini yaxşı əks etdirir.
– Gürcü gücü sağ milli təşkilatdır. Məqsədimiz Gürcüstanda Avropa milli mədəniyyətinin inkişaf etdirilməsidir. Biz gürcü ənənələri ilə fəxr edirik, – Nika RTVI telekanalına müsahibəsində deyib.
Ənənələr dedikdə heç də həmişə məhz ənənələr deyil, daha çox müəyyən adət edilmiş, unifikasiya olunmuş quruluş nəzərdə tutulur. Ənənə tərəfdarını opponentinin geyindiyi paltarın “yanlış rəngi, “qeyri-adi saç düzümü, hətta qida rasionu özündən çıxara bilər.
Pirsinqli qorxunc insanlar
Neomillətçilərin yürüşündən cəmi bir neçə gün sonra Tbilisinin mərkəzində veqan kafesinə hücum oldu. JAMnews bu haqda “Veqan kafesinin müştərilərinə sosislərlə işgəncə verirdilər adlı məqalədə yazıb.
Hazırda kababla silahlanan insanların hücum çəkdiyi kafe köçməyə yeni yer axtarır. Həmin yerin icarəçisi “Kivi kafesini ona görə köçürdür ki, ora pirsinq və tatulu adamlar gəlir.
“Kivinin vitrinində elan asılıb: “kirayə verilir və telefon nömrəsi. Bu nömrəyə zəng vurdum.
– Bilirsiz, bu mənim şəxsi qərarım deyil, – adı Qulo olan icarəçi deyir, – qonşuları narahat etmək istəmirəm. Bax, masaları çölə çıxarıblar, orada da bu tatulu, pirsinqli qorxunc adamlar oturub, iyrəncdirlər sadəcə! Axı siz başa düşürsüz ki, biz Gürcüstandayıq, burada hələ ki, belə adamlara alışmayıblar, bunun üçün vaxt lazımdır, – emosional Qulo isterik gülüşünə hakim ola bilmir.
“Kivinin işçilərindən biri olan Laşa ilə görüşdüm, o da təsdiqlədi ki, iyulun 1-də kafe Gümüş küçəsindən köçür. Amma o, eyni zamanda yayılan məlumatı təkzib edərək bildirdi ki, köçməyə səbəb kimi gürcü millətçilərinin iştirakı ilə baş verən insidenti hesab etmək olmaz.
– O, təkan oldu, əsas səbəbsə məhz cəmiyyət tərəfindən pirsinqli “qorxunc insanların qəbul edilməməsidir.
Laşa danışdı ki, kafeyə hücum zamanı veqanların davası millətçilərlə deyil, səs-küyə gələn və vəziyyəti araşdırmağa belə çalışmayan qonşularla olub. Onlar çoxdan qonşuluqdakı kafeyə adi, ənənəvi, sıravi insanlardan fərqlənən müştərilərin gəlməsindən narazıymışlar.
– Bax, onlar özlərini rəngləyib, küçədə oturub, qucaqlaşırlar. Yanlarından isə uşaqlar ötüb keçir! Bəs uşaqlarımıza nə deyək? – narazılığını bildirən mənzil sahibi Qulo deyəsən, onun və qonşularının “anti-antifadan olan oğlanlara nə qədər çox bənzədiyinin fərqində belə deyil.
Onlar da öz opponentlərini bədənlərini rənglədiyi, pirsinq taxdıqları, tatu döydürdükləri və niyəsə ət yemədikləri üçün qəbul etmirlər.
Dərc edilib: 24.06.2016