Gürcü futbolçunun kapitan sarğısı qalmaqala səbəb olub
Hollandiyanın “Vitess” klubunun legioneri, Gürcüstanın futbol üzrə yığmasının üzvü Quram Kaşiya qoluna LGBT bayrağı üslubunda hazırlanan kapitan sarğısı bağlamaqla böyük bir qalmaqalın mərkəzinə düşüb. Futbolçu bununla cinsi azlıqlara qarşı tolerantlıq və dəstək sərgiləyib.
“Mən azadlıq tərəfdarıyam və zorakılığa qarşıyam. Mən heç kimə ziyan vurmayan insanları dəstəkləyirəm. Mənim baxışlarım bu cürdür”, – 30 yaşlı futbolçu Niderland telekanallarından birinə müsahibəsində bildirib.
Gürcü futbolçunun meydanda LGBT sarğısı ilə çıxması gürcü idman həvəskarlarının mühafizəkar qismini hiddətləndirib. Kaşiyanı tənqid edir və onun milli yığmanın tərkibindən çıxarılmasını tələb edirlər. Qalmaqal Gürcüstan telekanallarının efirinə sirayət edib – eyni zamanda bir neçə tok-şouda bu məsələ müzakirə olunub.
“Mənim ölkəmdə baş verənləri izah etmək çətindir, çoxları sadəcə anlamır, xüsusən də futbol azarkeşləri. Facebook səhifəmdə bir neçə adam məni tənqid edtdi, amma mən onlara fikir vermək niyyətində deyiləm. Mən öz hərəkətimə görə peşman deyiləm. Mən bu addımı tam məsuliyyətlə atmışam. Mənim üçün fərqi yoxdur kim nə işlə məşğuldur, necə yaşayır, əsas odur ki, kimsəyə ziyan vurmasın. Belə də ki, necə varsansa, elə də ol”, – futbolçu tənqidlərə belə cavab verir.
Azarkeşlərin reaksiyası
“Kaşiya yığmada oynadığı müddətcə ayağım oyunlara dəyməyəcək”;
“Kaşiya geyləri təbliğ edir”;
“Nə ilə məşğul olmağından asılı olmayaraq gürcü olduğunu unutmamalısan. Şərəfi qorumaq lazımdır”;
“Kaşiyanı Gürcüstan futbolundan qovmaq lazımdır”.
Gürcüstanlı Facebook istifadəçiləri bax bunları yazırlar.
Amma azarkeşlərin bir hissəsi Quram Kaşiyanı dəstəkləyir və onun hərəkətinə haqq qazandırır.
“Kaşiya əsl kişidir, respect”;
“Nəhayət, gürcü idmançılar da ləyaqətli işlərlə özlərini göstərməyə başlayıb”;
“Kaşiya presedent yaratdı. Bütün idmançılar ondan nümunə götürməlidir. Mən tamamən Quramın tərəfindəyəm”.
Bunlar da Quram Kaşiya tərəfdarlarının yazdıqlarıdır.
İdmançıların reaksiyası
Tbilisinin yeni seçilmiş meri, keçmiş futbolçu Kaxa Kaladxe baş verənlərlə bağlı bildirib ki, seksual oriyentasiyaya görə diskriminasiyaya yol vermək olmaz.
“Mən bilmirəm kim və hansı bəyanatlarla çıxış edib. Qeyd edim ki, bizim ölkəmizdə bizim hakimiyyətimiz dövründə (“Gürcü arzusu” nəzərdə tutulur) diskriminasiyaya qarşı qanun qəbul edilib. Özünüifadə azadlığını çox mühüm hesab edirəm. Biz azad, demokratik ölkədə yaşayırıq və hər bir şəxsin, milliyyətindən, dinindən və seksual oriyentasiyasından asılı olmayaraq, öz baxışlarını ifadə etmək haqqı var”, – Kaxa Kaladze “Netqazeti”yə müsahibəsində bildirib.
Quram Kaşiyanı Gürcüstanın Futbol Federasiyasının keçmiş prezidenti Zviad Siçinava da dəstəkləyib. Onun sözlərinə görə, Quram Kaşiya “Vitess” klubunun üzvüdür və UEFA normalarına riayət edir.
“İnsanlar bir-birinə hörmətlə və sevgi ilə yanaşmalıdır və hamısı eyni cür olmadığı üçün bir-birlərini alçaltmamalıdırlar”, – Siçinava Facebook-da yazıb.
Gürcüstanın Fuutbol Federasiyasının hazırkı prezidenti Levan Kobiaşvili də Facebook və Instagram səhifələrində Kaşiyanı dəstəkləyən fotolar paylaşıb.
Gürcüstan millisinin futbolçuları da Kaşiya ilə həmrəydilər:
“Kaşo ilə (futbolçunun ləqəbi) 15-16 ildir tanışam. Əla futbolçu olmaqla yanaşı o, həm də vicdanlı, gözəl işandır. Onu tənqid edənlər anlamırlar ki, belə bir sarğı gəzdirmək təbliğat deyil. Seksual oriyentasiya, irq, cinslə bağlı istənilən zorakılıq yolverilməzdir. Quram LGBT nümayəndələri ilə, zorakılıq qurbanı olmuş hər bir kəslə həmrəylik ifadə edib. Quramın mövqeyini tam-tamına bölüşürəm”, – Gürcüstanın futbol yığmasının üzvü Giorgi Merebaşvili bildirib.
Gürcüstanda azlıqlara münasibətdə tolerantlıq problem olaraq qalır
Quram Kaşiyanın LGBT nümayəndələrinin hüquqlarının müdafiəsi kampaniyasına qoşulmasını Gürcüstanda fəaliyyət göstərən insan haqları təşkilatları da xoş qarşılayıb. Bərabər hüquqlar hərəkatı komanda kapitanının bu cəsarətli hərəkətini yüksək dərəcədə müsbət dəyərləndirib. Bu təşkilatın bəyanatında deyilir ki, bu cür jestlər çox vacibdir, çünki çox saylı futbol pərəstişkarından ibarət ordunu problem haqda düşünməyə vadar edə bilər, bu cür hərəkətlər homofob əhvalın hökm sürdüyü Gürcüstan kimi ölkədə xüsusilə mühümdür.
Aİ-ə can atan Gürcüstan 2014-cü ildə diskriminasiyaya qarşı qanun qəbul edib, bu da postsovet məkanında az qala fövqəladə hadisədir. Amma bununla belə, ölkədə homofob əhval-ruhiyyə çox güclüdür, bu da Gürcüstan üçün ciddi problemdir. Bəzi gürcüstanlı siyasətçilər və din xadimləri homofobiyanı qənayıb, onunla mübarizə aparmaq əvəzinə vəziyyəti daha da gərginləşdirir və geylərə qarşı aqressiv münasibətdə olan şəxslərə himayədarlıq edirlər.