Güclü olmağa məcbur olan qadınlar
Qarabağ münaqişəsinin nəticələrindən biri də Ermənistan və Azərbaycanda həyat yoldaşlarını, uşaqlarının atasını itirən qadınlardır. Ərləri şəhid olub, qəhrəman kimi anılsa da, bu, onların qəlbindəki həsrəti sakitləşdirməyə yetmir əlbəttə.
Hər üç qəhrəmanın hekayəsi bir-birinə çox bənzəyir əslində. Hər üçünü eyni tale, eyni acı və həyatda qalmaq üçün verilmiş eyni mübarizələr birləşdirir. Bu, onların taleyidir. Onlar belə düşünür.
Onlar ən əzizlərini aparan müharibəyə nifrət edir. Hər biri 30 yaşına belə çatmadan, dul qalmış bu qadınlar bu gün də ərlərini illər əvvəlki eyni məhəbbətlə sevirlər. Və yenidən dünya gəlmək şansları olsa, yenə də məhz, öz həyat yoldaşlarını seçəcəklərini deyirlər.
Xoşqədəm Ələsgərova
“Sabah oğlumuzun nişanıdır. Al, bu pulları, sənin üçün gətirmişəm. Ehtiyacın olacaq”.
“Yalvarıram, içəri keç, qapının ağzında dayanma. Getmə”.
“Yox, içəri keçə bilmərəm, bağışla, məni buraxmırlar. Getməliyəm”.
Yoldaşı yuxusuna belə gəlir – Düz 24 il əvvəl son dəfə cəbhəyə yola saldığı kimi gənc, möhkəm, qətiyyətli.
17 yaşlı Xoşqədəm 1985-ci ildə doğulduğu Ermənistanı tərk edib, texnikumda oxumaq üçün Bakıya gəlmişdi.
22 yaşlı Razi Balayev bacısıgilə gəldiyi günlərin birində bəlkə də sadə bir təsadüfəndən, qonşuluqda bacısıgilə gələn Xoşqədəmə ilk baxışdan vurulmuşdu. Çox keçmədi ki, hər gün arxasınca düşdüyü bu qızın qəlbini fəth etməyi bacardı.
Bir il sonra evləndilər.
“İlk baxışda hər şey bir çoxları üçün sıradan, bizim üçün isə bir o qədər də mükəmməl görünürdü, – Xoşqədəm xanım danışır. – Bir-birimizi çox sevirdik. 8 ilə yaxın xoşbəxt, bəxtəvər günlər yaşadıq”.
Evlilikdən bir müddət sonra qızları Aysel dünyaya gəldi.
“Razi dünyanın ən xoşbəxt atası idi. Qızı ilə nəfəs alırdı. Qızımızın 4 yaşında isə oğlumuz Namiq dünyaya gəldi”.
Sonra müharibə şiddətlənməyə başladı. Xoşqədəmin “Getmə, bizi tək qoyma” yalvarışları faydasız idi:
“Razi israrlıydı və qərarını çoxdan vermişdi: “Vətənimdən keçə bilmərəm” deyib, 1994-cü ilin əvvəlində könüllü cəbhəyə yollandı. Cəmi iki aylıq idi oğlumuz. Bir neçə ay döyüşəndən sonra imkan tapıb, arada evə də gəlirdi. 1994-cü ilin sonları idi. Bu, son gəlişi və son gedişi idi. Gedəndə, özü ilə qızımızın şəklini götürmüşdü. Sanki elə bu şəkil üçün üçün gəlmişdi. Getdi və bir daha geri qayıtmadı”.
Az sonra qara xəbəri gəldi. Lakin ailəsi Razinin cəsədini belə, görə bilmədi. Və 1996-cı ildə sadəcə ölüm kağızını aldılar.
İki uşaqla qoyub, getdiyi Xoşqədəm Ələsgərova üçün Razidən sonrakı həyatı heç də asan olmadı.
“Razi çox mərd adam idi. Ailəsiylə, bizimlə nəfəs alırdı. Əgər o, sağ qalsaydı, bəlkə də bu gün mənim qabağımda qulluqçu işləyərdi. Mənim üçün ikinci ailə həyatı sadəcə mümkünsüz idi.
Ona ərə getdiyim üçün heç vaxt peşman olmamışam . Məni qoyub, gedəcəyini bildiyim halda, bu gün də yenidən dünyaya gəlsəm, yenə onu seçərəm. Çünki onu çox sevmişəm. Bu gün də sevirəm”.
Qönçəgül Qurbanova
“25 yaş qızımın olacaq, 26 yaş oğlumun. Hələ də bugunki günə kimə qəbirüstə nə olar gedib, nə mən getmişəm. Mən elə bilirəm o deyil orda. Çünki o, şəhid olduğu vaxtda, hardasa bir il ərzində gecə-gündüz mənim yuxuma girib, deyirdi o, mən deyiləm. O, mən deyiləm”.
Qızyetər Hacıyeva
“Balaca nəvəmə Rafiqin adını qoydum. Onda bir az çox ürəkləndim. Özümdə bir az daha güc yarandı ki, nə yaxşı, özüm sağikən adını qoydum.
Röyalarıma çox gəlir. Nə vaxt ki, bir çətinə düşürəm, çətinliyim olur, hər an o, mənim yuxuma gəlir. Ki, narahat olma, hər şey yaxşı olacaq”.