Gözlənilən nəticəsizlik – Soçi görüşünün izi ilə Bakıdan şərhlər
Soçi görüşü haqda Bakıdan şərhlər
Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli görüş və nəticələri gözlənildiyi kimi Azərbaycanda siyasi icmalçılar və siyasətçilər arasında ən çox müzakirə olunan mövzu olub.
Onların fikrincə, tərəflər arasında bəzi məsələlərin razılaşdırılmaması rəsmi Bakıya sərf edir. Amma eyni zamanda bildirilir ki, problemi görməmək onun mövcud olmaması demək deyil.
- Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımır – Bakıdan şərhlər
- Rusiyanın yerinə – Türkiyə və Azərbaycan. Bəs Gürcüstan? Gürcüstanlı ekspertin şərhi
- Azərbaycan Ermənistanla sərhəddə niyə ATƏT missiyasına qarşıdır? Bakıdan şərh
“”Dəvəquşu” modeli, ya “Qartal” davranışı?!”
“Bu gün Paşinyan bəyan edir ki, Putin və Rusiya nə deyirsə, razıyıq. Sabah İrana gedir, orda da bəyan edəcək ki, Rəisi və İran nə deyirsə, razıyıq”, – Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli Facebook-da yazıb.
Siyasətçinin fikrincə, hazırda Qərbin əsas üç düşmənindən ikisi Rusiya və İrandır.
Bəs görəsən, Moskva və Tehranın hər dediyi ilə razı olan, onların ağzına baxan Ermənistana Qərb nə deyəcək?! Yenə Fransa başlarını sığallayacaq, ABŞ-ın konqres və senat üzvləri dəsməl götürüb ağlayacaqlar?!
Xub, onları başa düşdük, bəs bizim XİN niyə aqressiv şəkildə bu məsələni dünyaya təqdim edə bilmir?! Nədən dünyanın iki “xoxanının” Ermənistanın yanında olduğunu üzərinə basa-basa söyləyib-göstərmir?!”, – Cəfərli sual edir.
Siyasətçi Qarabağ məsələsinə də toxunub:
“İlham Əliyev bu gün Putinin üzünə dedi ki, Qarabağ problemi yoxdur – eyvallah, düz elədi, dəstəkləyirəm, amma necə olacaq bu iş?! Xankəndində onlar hər gün mitinq edəcək, “rusməramlılar” da onları qoruyacaq, biz də Bakıda oturub deyəcəyik ki, Qarabağ problemi həll olunub?! Görməzdən gələcəyik, fikir verməyəcəyik?! Nə vaxta qədər?! Yəni, bizim Dövlət olaraq taktikamız-strategiyamız nədir?! “Dəvəquşu” modeli, ya “Qartal” davranışı?!
Bütün bu suallar açıqdır, müzakirə olunmalı, çıxış yolları tapılmalıdır…”
“Görüş nəticəsiz başa çatdı”
“Atlas” analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Soçi görüşü nəticəsiz başa çatıb və “bu, gözlənilən idi”.
“Rusiya prezidenti Vladimir Putin görüşü faydalı adlandırsa da, hər şeyi razılaşdıra bilmədiklərini etiraf edib.
Bu bizim xeyrimizədir, çünki Kremlin “razılaşdırmaq” istədiyi məsələlər xeyrimizə deyil”, – Şahinoğlu əlavə edib.
“Rusiya Qərb vasitəçiliyilə sülh müqaviləsinin imzalanmasının qarşısını almağa çalışır”
Soçi görüşünün yekun bəyanatında əhəmiyyətli heç bir yenilik yoxdur – siyasi icmalçı Şahin Cəfərli qeyd edib:
“Yeni məqam kimi görünən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı vurğusu (BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadən) Praqa bəyanatında var idi və onun təkrarıdır”.
Cəfərli hesab edir ki, Rusiyanın bu mərhələdə əsas məqsədi prosesə nəzarətini saxlamaq və Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir:
“Bunun üçün Nikol Paşinyana Putin səviyyəsində (Valdayda), İlham Əliyevə isə böyük Xankəndi mitinqi ilə mesaj verildi. Soçi görüşü də tamamilə həmin məqsədə xidmət edirdi.
İki liderin bu mesajları nə dərəcədə ciddiyə aldığını önümüzdəki həftələrdə görəcəyik. Qərbin mövqeyi də şübhəsiz ki, bu məsələyə öz təsirini göstərəcək”, – deyə siyasi icmalçı əlavə edib.
“Putinin Azərbaycanın mövqeyinə yaxınlaşması nəzərə çarpır”
Siyasi icmalçı Aqşin Kərimov bildirir ki, Soçi görüşünü Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə son sammitlərin texniki davamı hesab etmək olar:
“Putin qarmaqarışıq bir situasiyada Qarabağ kartını köhnə metodla işə salmağa girişdi ki, oyun qaydalarında ağırlığını təmin etsin, lakin Azərbaycanın mövqeyi və Türkiyənin Bakıya strateji müttəfiqlik dəstəyi Moskvanı da ehtiyatlı mövqedə durmağa sövq edir.
Soçi görüşündə əldə edilən “sənədli nəticə” də Rusiyanın emosiyalarının qızışmasına rəğmən onun Bakı-Ankara tandeminin maraqları ilə uzlaşan xəttə üstünlük verdiyini göstərdi”.
Kərimovun fikrincə, Rusiya ilə Azərbaycan arasında son bir ay ərzində nə qədər mövqe haçalanması yaşansa da, bu gərginlik iki ölkənin postmünaqişə dövründəki dərinləşən əlaqələrinə xələl gətirməyib. “Bunu liderlərin bir-birilə görüş tərzindən və ikitərəfli görüşün ictimaiyyət üçün açıq olan hissəsindən də görmək mümkündür”.
“Rusiya özünün Qarabağdakı mövcudiyyətinə vurğu etməkdən ötrü sülhməramlı kontingentin təhlükəsizliyin təmin edilməsindəki roluna diqqət çəkilməsinə nail olub, lakin bu, Bakının maraqlarına qarşı ox kimi dəyərləndirilmək potensialında deyil”, – deyə ekspert əlavə edib.
Siyasi icmalçı həmçinin regionumuzda yaxın gələcəkdə gözlənilən hadisələrlə bağlı öz proqnozlarını da paylaşıb:
- “Azərbaycan sentyabr döyüşlərindən sonra çıxdığı hərbi mövqeləri həm hərb meydanında, həm də diplomatik-siyasi masada qoruyub saxlayacaq. Bunun üçün bir sıra hərbi tədbirləri də həyata keçirə bilər ki, təhlükəsizlik mühitindəki qara rənglərin sayı azalsın.
- Rusiya, Qarabağdakı sülhməramlı qüvvələrinə yeni tapşırıq verəcək ki, Gorus-Xankəndi yolu ilə (Laçın dəhlizi) sülhməramlıların xidmət zonasındakı ərazilərə daşınan mallara nəzarəti gücləndirsin, çünki Azərbaycan son günlərdəki bəzi revanşist meyllərdən narahatlığını dilə gətirir.
- Azərbaycanla Türkiyə Soçi görüşündən sonrakı siyasi konfiqurasiyanı Moskva ilə gərginliyə getməmək xətti ilə inşa edəcək, ABŞ-ın proseslərdəki iştirakı və Yerevana artan marağı Rusiyanın Ermənistanı cərimə meydançasına salması ilə nəticələnəcək.